Kuber Pedi: Gedənlərin hər an varlana biləcəyi qeyri-adi şəhər - VİDEO

4-04-2024, 13:04           
Kuber Pedi: Gedənlərin hər an varlana biləcəyi qeyri-adi şəhər - VİDEO
Qızıl axtarmaq adı ilə dünyanın dörd bir yanını gəzən macərapərəstlər haqqında eşitməmiş olmazsınız. Müxtəlif dövrlərdə insanları öz ölkəsini, ailəsini, işini ataraq səyahət etməyə sövq edən qızıl hərisliyi idi.

Deyilənlərə görə, 1915-ci ildə Cim Xatçison oğlu Uilyam ilə Avstraliyanın ucsuz-bucaqsız çöllərində qızıl axtarışına çıxır. Materikin mərkəzində havanın temperaturu müsbət 50 dərəcəni keçirdi və heç nə tapa bilməyən qızılaxtaranlar geri qayıtmaq istəyirdilər ki, möcüzə baş verir.

Kiçik Uilyam düşərgələrinə bir çanta opal daşı ilə qayıdır. Elə bundan sonra məlum olur ki, dünyanın ən böyük opal daşı mədəni məhz bu yerlərdədir. Opal ovuna çıxanlar işlərini yüngüllədirmək üçün elə orada - yerin altında özlərinə şəhər salmağa qərar verirlər. Yeraltı şəhəri isə Kuber Pedi adlandırırlar. Bu aborigenlərin dilində “Çuxurdakı ağ adam” deməkdir.

Elə o vaxtdan bu yeraltı şəhərin şöhrəti o qədər artır ki, bura dünyanın bir çox ölkələrindən opal axtarışına çıxanlar yaşamağa gəlirlər. Hazırda Kuber Pedidə 45 millətin nümayəndəsi rahat yaşayır və uşaqlarını böyüdür. Yerin altında salınan şəhərdə əhali özü üçün hər cür şərait yaradıb. Burada hətta mağazalar, məktəblər, kitabxanalar, muzeylər, restoranlar, bar və hotellər də var.

Bu yeraltı şəhərin əhalisi özü üçün üç kilsə inşa edib. Kilsənin divarları parıltılı daşlarla bəzədilib. Bu şəhərdə hətta yeraltı məzarlıq da var. Buranın əhalisi yer üstündə yaşayanlardan heç nəyi ilə fərqlənmir, sadəcə, başqa cür yaşayırlar. Buralarda temperatur 50 dərəcə istiyə çatır və toz fırtınaları qopur. Bu cür diskomfort hava şəraitinə görə əhali on metrlərlə dərində ev tikməyi öyrənib.

Hətta indi də Kuber Pedi əhalisi şəhərdən çıxmağa səbəb axtarmır, çünki yerin üstü isti olur. Evlər isə böyük mağaralarda yerləşir. Burada mətbəx, sanitar qovşaq və bir neçə yataq otağı olur. Temperatur həmişə 23 dərəcədir, baxmayaraq ki, torpağın üstündə 40-50 dərəcə isti olur. Evlər elə tikilib ki, çıxışı birbaşa opal mədəninə açılsın. Bütün şəraiti, komfortu olan otaqlar elektrik enerjisi, su və internetlə təchiz olunub.

Elektrik enerjisini günəş batareyalarından əldə edirlər və qiyməti çox ucuzdur. Bəzən hətta hovuzlu evlərə də rast gəlmək olur. Şəhərin mənfi cəhəti odur ki, burada evlərdə pəncərə olmur. Təəccüblü deyil ki, belə qeyri-adi şəhərin fonunda bir çox filmlər çəkilib.

Məsələn “Dəli Maks 3” və “Qara dəlik”. Şəhərin əhalisi iki min nəfərdir. Son vaxtlar isə kondisioner sayəsində Kuber Pedinin üstündə də tikililər peyda olmağa başlayıb. Amma buna baxmayaraq, buradakı əhalinin çox hissəsi də vaxtının çoxunu yerin altında keçirməyi sevir. Burada yer alıb ev tikmək istəyən insanlar birdən-birə varlana bilərlər. Necə ki bir zamanlar hotel tikmək üçün yeri qazarkən 360 min dollarlıq opal daşına rast gəlinmişdi.

Ətraflı Baku TV-nin əməkdaşı Gülnar Muradovanın araşdırmasında:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.