Rusiya strateji hava üstünlüyünü itirir –

7-04-2024, 09:04           
Rusiya strateji hava üstünlüyünü itirir –
Dünən Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisindəki hərbi aerodromlara endirdiyi dron zərbələri nəticəsində xeyli sayda döyüş təyyarəsi məhv edilib.

Teleqram kanallarında yayılan məlumatlara istinadla xəbər verir ki, itkilərin miqyası işğal tarixindən bəri ən böyük miqyasda ola bilər.

Belə ki, bir neçə aviabazaya endirilən kütləvi zərbələr nəticəsində Rusiyanın itkiləri aşağıdakı kimidir:

– “Engels-2” aviabazasında yerləşən 3 ədəd “Tu-95 MS” strateji bombardmançıya ciddi zərər dəyib, aralarında pilotlar olmaqla, 7 nəfər öldürülüb;

– Eysk şəhərində yerləşən aviabazaya zərbə nəticəsində 2 ədəd “Su-25” tamamilə məhv edilib;

– Morozovsk aviabazasına zərbələr nəticəsində 6 ədəd qırıcı məhv edilib, 8 qırıcıya isə ciddi zərər dəyib;

– Kursk şəhərində yerləşən aviabazaya da zərbələr barədə məlumat yayılıb.

Rusiya Müdafiə Nazirliyi dron hücumlarının baş verdiyini təsdiqləsə də, itkilər barədə hər hansı məlumat yaymayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Ukrayna kəşfiyyatı Rusiyanın əlində olan qırıcı və bombardmançıların sayını açıqlamışdı. Qeyd olunurdu ki, hazırda Rusiyada 100-ə yaxın “Su-34”, 100 ədəd “Su-35” və 7 ədəd “A-50U” təyyarəsi qalıb. “Üç ədəd A-50U” hal-hazırda təmir edilir. Ukrayna tərəfinin məlumatında görə, son iki il ərzində Rusiya 300-dən artıq döyüş təyyarəsi itirib. Dünən həyata keçirilən hücumlardan sonra onların sayı azalıb. Ukraynanın 3 min kilometrdən uzaq məsafəyə uça bilən dronların kütləvi istehsalına başlaması və artıq onlardan fəal istifadə etməsi hətta Rusiyanın cəbhədən uzaq hüdudlarında belə onların təhlükəsiz olmadığını göstərir.

Proseslərin gedişatı ondan xəbər verir ki, cəbhə xəttində vəziyyət sabit-ağır olaraq qalsa da, Rusiya hərbi qüvvələrinin ən önəmli hissəsi – hərbi aviasiyası və Qara dəniz donanması çox böyük itkilər verib. Ağır iqtisadi sanksiyalar altında olan ölkənin yaxın perspektivdə bu itkilərin yerini doldurması mümkün deyil. Müharibənin ən şiddətli dövrünün hələ qabaqda olduğunu, Ukraynanın uzaq məsafələrə zərbə endirən dronlar və “F-16” qırıclarını əldə edəcəyini nəzərə alsaq, bu itkilərin miqyası Rusiya üçün fəlakətli həddə çata bilər.

Göründüyü kimi Kremlin hərbi avantürası Rusiyaya çox baha başa gəlir və ölkəni strateji məğlubiyyətə doğru aparır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.