Rusiyanın yeni seçilmiş prezidentinin andiçmə mərasimi günü hökumət istefa verəcək və ölkədə yeni Nazirlər Kabinetinin formalaşdırılması prosesi başlayacaq.
Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Bildirilir ki, hökumət ilk dəfə olaraq 2020-ci il iyulun 1-də Ümumrusiya səsverməsi zamanı təsdiq edilmiş Rusiyanın Konstitusiyasına düzəlişlə müəyyən edilmiş yeni qaydalara əsasən tam formalaşdırılacaq.
Vladimir Putin martın 15-17-də keçirilən seçki zamanı rəsmi olaraq yenidən Rusiya prezidenti seçilib, seçkinin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib.
Qanuna görə, dövlət başçısının andiçmə mərasimi mayın 7-də baş tutmalıdır və andiçmə günü Nazirlər Kabineti Rusiyanın yeni seçilmiş prezidenti qarşısında səlahiyyətlərinin icrasını dayandırır.
Beləliklə, hökumətin mayın 7-də istefa verəcəyi gözlənilir.