Özündən əvvəl “kinosu çəkilmiş” terror

23-03-2017, 09:31           

London terroru Qərbdə antişərq ovqatını daha da gücləndirəcək və nəticədə növbəti dəfə hər iki tərəfdə radikallar qazanacaq

Britaniyanın paytaxtı Londonda terror aktı törədilib. Britaniya parlamenti binası qarşısında baş verən terror nəticəsində terrorçu da daxil olmaqla 4 nəfər ölüb, 20-dək yaralı var.


İlkin məlumatlara görə, terrorçu avtomobillə parlament binasının yaxınlığında Vestminster körpüsündə avtomobili insanların üzərinə sürüb. Daha sonra maşından düşərək polisə hücum edib və bıçaqla onu yaralayıb. Bundan sonra təhlükəsizlik xidməti əməkdaşları terrorçunu zərərsizləşdirib.

Hadisə baş verən zaman parlament fəaliyyətdə olub, baş nazir Tereza Meyin də parlament binasında olduğu bildirilir. Hadisədən dərhal sonra baş nazir parlamentdən uzaqlaşdırılıb, ancaq deputatlar qalıb. Eyni zamanda parlamentin iclası və toplantılar təxirə salınıb.
Özündən əvvəl “kinosu çəkilmiş” terror
Qəribə də olsa ötən gün baş verən terror aktı ABŞ kinematoqrafiyasının ötən il lentə aldığı “Kod adı London” filmində cərəyan edən hadisələrə bənzəyir. Sözügedən filmdə dünyanın aparıcı ölkələrinin liderləri Londona toplanır və parlament binası qarşısında ilk dəfə silahlılar dinc əhaliyə və polisə hücum edir. Ardı isə ənənəvi əkşn kinolarının ssenarisindən ibarət olan filmdə amerikalı mühafizəçi öz ölkəsinin prezidentini və həm də dünyanı qurtarır.

Yeri gəlmişkən, Londonda daha öncə ən dəhşətli terroru aktı 12 il əvvəl – 2005-ci ilin iyulunda baş verib. G-8 sammitinin Şotlandiyada davam etdiyi bir vaxtda əl-Qaidə Londonda 4 müxtəlif yerdə, bir avtobus dayanacağı və 3 metro stansiyasında partlayış törədib. Terror aktları nəticəsində 52 nəfər ölmüş, 700 nəfərə yaxın insan yaralanmışdı. Bu hadisə “Londonun 11 sentyabrı” da adlandırılır. Həmin vaxt Əfqanıstan və İraqda ABŞ və Britaniya ordusu mövcud idi. Bir il əvvəl İspaniyanın paytaxtında əl-Qaidə terror törətmişdi.


Ondan sonrakı dönəmlərdə Londonda bir neçə dəfə terror hücumu həyəcanı olsa da, qanlı hücumlar olmamışdı. 2015-ci ildə metroda bıçaqla insanlara hücum edən terrorçu 3 nəfəri yaralamışdı.


Ötən ay isə Britaniya rəsmiləri ölkənin terrorun hədəfində olduğunu, terror təhdidinin ötən əsrin 70-ci illərində mövcud olmuş “İrlandiya Respublikaçı Ordusu”nun terror hücumları dönəminə bənzədiyini bildirirdilər.

Qeyd edək ki, Britaniyanın ABŞ-ın qitə Avropasındakı ən yaxın müttəfiqi olması, eləcə də Londonun dünyanın siyasət və biznes mərkəzi olması, üstəlik Londonda müxtəlif müsəlman ölkələrindən gələn yüz minlərlə miqrantın yaşaması onu terrorçular üçün əsas hədəflərdən birinə çevirir. Təsadüfi deyil ki, Avropadan İŞİD-ə qatılanların olduğu ölkələrdən biri də İngiltərədir. Keçmiş müstəmləkə bağları, mühacirlərə müəyyən dövrdə açıq qapı yaratmış Britaniyada çoxlu sayda müsəlman yaşayır. Bu insanların hətta 3-cü nəsildən olan ailə üzvləri radikal qrupların təsiri altına düşür. Digər tərəfdən London həm də uzun illər boyu dünyanın böyük bir hissəsinə nəzarət etmiş nəhəng bir imperiyanın simvoludur. Britaniya imperiyası müsəlman dünyasında şərin, müstəmləkənin simvolu olaraq tanıdılıb. Bu mənada terrorun bu şəhəri hədəfə alması üçün, necə deyərlər, səbəblər var.

Ancaq digər tərəfdən bu hadisə Qərbdə yeni başlamış embarqolar dalğasını daha da gücləndirəcək. Məlum olduğu kimi, bir gün əvvəl ABŞ və Britaniya Yaxın Şərqin bir sıra ölkələrinin hava yolları şirkətlərinə ölkəyə uçan təyyarələrdə mobil telefondan böyük elektron əşyaların kabinəyə buraxılmasını qadağan edən məhdudiyyət tətbiq edib. İlk baxışdan texniki və təhlükəsizlik tədbiri kimi görünsə də, qərarın yalnız müsəlman ölkələrinə tətbiq olunması və siyahıya Türkiyənin də daxil edilməsi şübhə doğurur. Londondakı terror hücumu çox güman ki, bu tip “texniki” məhdudiyyətləri daha da artıracaq. Sanksiyalar üçün səbəbə çevriləcək. Digər tərəfdən Britaniya hökumətinin hazırkı ABŞ administrasiyası ilə birlikdə hərəkət etməsi üçün ictimai dəstəyi təmin edəcək.

İstənilən halda bu cür hadisələr Qərbdə antişərq ovqatını daha da dərinləşdirir. Qərbdə müsəlmanlara qarşı sanksiyaları, embarqoları artırdığı, ifrat sağı və miqrantlar əleyhinə dalğanı gücləndirdiyi kimi, Şərqdə də Qərb düşmənçiliyini, Qərbin bütövlükdə müsəlman dünyasının düşməni olması təbliğatı üçün əsas yaradır. Nəticədə hər iki tərəfdə məhz “uclar” qazanır, mötədil, sülh tərəfdarları isə zərər görürlər.


Kənan Rövşənoğlu,
Musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.