Yunanıstandan İstanbula hərəkət edən Celestyal Crystal kruiz layneri Dardanel boğazının şimal hissəsində tankerlə toqquşub. AFN.az lenta.ru saytına istinadən xəbər verir ki, hadisə iyunun 27-də saat 01:25 radələrində baş verib. Bu haqda Maritime Bulletin nəşri məlumat yayıb. Gəminin göyərtəsində 853 sərnişin və 382 ekipaj üzvü var. İlkin məlumatlara görə xəsarət alanlar var, lakin onların sayı dəqiqləşdirilməyib. Tuapsedən Maltaya neft və ya neft məhsulları daşıyan STİ Pimlico tankerindən yükün boğaza axması müşahidə edilib. Qəza ilə bağlı xəbərdarlıq olunmasına baxmayaraq, toqquşmanın hər iki gəminin kapitanlarının təqsiri üzündən baş verdiyi qeyd olunur. Hər iki gəmi zədələnib, hazırda onlar Türkiyənin Hallipoli yarımadasının yaxınlığında lövbərdə dayanıblar.