Merkel Putinin dostunu devirir: Azərbaycanın enerji layihələrini nə gözləyir...
1-07-2015, 16:10
“Nə qədər ki baş nazir Aleksis Tsipras və onun maliyyə naziri Yanis Varufakis hakimiyyətdədir, Yunanıstan Avropa İttifaqından bir sent də almayacaq”.
Virtualaz.org saytı xəbər verir ki, bu ultimatumu Almaniya hökumətindən veriblər.
“The Times” qəzetinin yazdığına görə, yüksək vəzifəli almaniyalı siyasətçi deyib ki, kansler Angela Merkel Yunanıstan hakimiyyətindəki bu iki fiquru görmək belə istəmir və bu səbəbdən Almaniya Avropa İttifaqının (Aİ) Afinaya maliyyə yardımı ayırmasına mane olur.
Mənbənin bildirdiyinə görə, hazırda Aİ nümayəndələri Yunanıstanın hakim SYRİZA partiyasını parçalamaq üçün iş aparır. Onların məqsədi kreditorlara güzəştə getməyə hazır olan texnokratlar hökumətinin formalaşdırılmasıdır.
Lakin vaxt da azalır və əgər iyulun 5-nə təyin edilmiş referendumda Yunanıstan sərt qənaət tədbirlərinin əleyhinə səs versə, o zaman hər şey bitəcək.
“Yunanıstan avrozonadan qovulacaq. Yunanıstanın avrozonadan qovulması iyulun 20-də baş verəcək. Həmin tarixdə Yunanıstan Avropa Mərkəzi Bankı qarşısındakı borc öhdəliklərini yerinə yetirə bilmədiyi üçün defolt elan edəcək”- deyə mənbə bildirib.
Qeyd edək ki, bu gün səhər Beynəlxalq Valyuta Fondu (BVF) Yunanıstanın 1,6 milyard dollarlıq ödəməni həyata keçirmədiyini, bu səbəbdən Afinaya açılmış kredit xəttinin bağlandığını elan edib. Məlum olub ki, iyulun 1-də gecə baş nazir Tsipras kredotorlar “üçlüyünə” - Aİ, Avropa Mərkəzi Bankı və BVF-yə Yunanıstana maliyyə yardımına dair yeni sövdələşmə təklif edib. Sövdələşmə borcların restruktizasiyasını nəzərdə tuturdu. Lakin bu təklif rədd edilib.
Yunanıstanın Beynəlxalq Valyuta Fonduna 1,5 milyard dolları ödəməsi üçün son müddət iyunun 30-da başa çatsa da Tsiprasın hökuməti hələ rəsmən defolt elan etməyib. Hazırda onun hökuməti yunanları sərt qənaət tədbirlərinin əleyhinə səs verməyə çağırır.
Gözlənilir ki, iyulun 5-də keçiriləcək referendumun nəticələri mənfi olacaq. İllərdir böhran içində yaşayan və sərt qənaət tədbirlərindən boğaza yığılan yunanlar kreditorlar üçlüyündən yeni borc ala bilmək üçün kəmərlərini daha da sıxmağa razı olmayacaqlar.
Tsiprasın solçulardan ibarət hökuməti də məhz sərt qənaət tədbirlərini ləğv edəcəyinə dair populist vədlərlə hakimiyyətə gəlib.
Yunan baş nazir bildirir ki, əgər referendumda qənaət tədbirlərinin əleyhinə səs verilməsə, istefaya gedə bilər. Hazırda Avropanın fond birjaları Yunanıstandakı referendumun nəticələrini gözləyir və əgər bu səsvermədə Merkelin dediyi olmasa avrozona ölkələrində ciddi maliyyə çaxnaşması yarana bilər.
Əslində Aleksis Tsipras bu ilin əvvəllərində hakimiyyətə gələn kimi Brüsselə və Vaşinqtona baş ağrısına çevrildi. Yunan radikal solçularının hökuməti bir-birinin ardınca Avropanın enerji təhlükəsizliyinin təminatı üçün strateji əhəmiyyət kəsb edən layihələrə - Transadriatik Qaz Kəmərinə əngəl yaratmağa başladı, bu kəmərdən daha çox tranzit gəlirləri tələb etməyə başladı.
Eyni zamanda Tsipras hakimiyyətə gələr-gəlməz Rusiya prezidenti Vladimir Putinlə yaxınlaşdı. Onu seçkilərdəki qələbə münasibətilə ilk təbrik edənlərdən biri Putin idi.
Çox keçmədən Putinlə Tsipras arasında telefon danışıqları oldu, yunan baş naziri Moskvaya dəvət aldı. Putin Tsiprasın qismində Avropa İttifaqında özünə güclü müttəfiq görürdü.
Digər tərəfdən, Putin Yunanıstanın “Türk axını” layihəsinə qoşulması üçün Tsiprası dəfələrlə dilə tutub. Nəhayət, Rusiya ilə Yunanıstan arasında “Türk axını”ına dair memorandum imzalanıb. Rusiya kəmərin Yunanıstandan keçən hissəsinin tikintisini kredit formasında maliyyələşdirməyi üzətinə götürüb. ABŞ administrasiyası isə dəfələrlə Tsiprası “Türk axını”ından əl çəkib Cənub Qaz Dəhlizinə dəstək verməyə çağırmışdı, bu məqsədlə öz nümayəndəsini Afinaya ezam etmişdi.
Tsiprasın bir tərəfdən kreditorlar üçlüyünün tələblərinə boyun əyməməsi, digər tərəfdən Brüsseli və Vaşinqtonu qıcıqlandıraraq Putinlə dostluğa başlaması onun cəmi bir neçə aylıq hakimiyyətinin sonunu gətirə bilər. Bu qalstuksuz cavan oğlan deyəsən, hamını, Merkeli, Obamanı, Jan Klod Yunkeri bezdirib.
Tsipras seçkiqabağı kampaniyasını məhz Merkelin üzərində qurmuşdu, onun Yunanıstanı köləyə çevirmək planlarını pisləyirdi.
“O, Avropa İttifaqının 28 ölkəsinin liderindən biridir. Nə əsasla biz Merkeli Avropanın qeyri-formal lideri hesab etməliyik?”- deyə Tsipras seçki mitinqlərindən birində deyirdi.
Tsipras anti-Merkel şüarları ilə hakimiyyətə gəlsə də Yunanıstanı düşdüyü borc bataqlığından çıxara bilmək üçün barışmaz kanslerlə danışıqlara məcbur idi. Onların arasında ilk danışıqlar mart ayında olub. 6 saatdan çox davam edən danışıqlarda Yunanıstanın büdcə göstəriciləri bütün detalları ilə müzakirə olunub. Merkel bir addım da geri çəkilməyib.
Nəhayət, çoxsaylı telefon danışıqlarından sonra Merkel ondan zəhləsi gedən Tsiprasla növbəti dəfə may ayında Riqada Şərq Tərəfdaşlığı sammitində görüşmüşdü.
Sammit zamanı Tsipras Avropa Parlamentinin spikeri Martin Şultsla söhbət edərkən kanslerin onu görüşə çağırdığı haqda xəbər alır və görüşü yarımçıq kəsir: “Mənim Angela ilə görüşüm var”.
Şults təəccüblənir: “Necə, siz artıq bir-birinizə “sən” deyə müraciət edirsiniz? Təsadüfən ona vurulmamısan ki?”.
Alman sosial-demokratın bu zarafatı Tsiprası təəccübləndirməyib, əksinə, qürurlandırıb. Axı zarafat deyildi, Merkel özü onu görüşə çağırırdı və Tsipras fəxr edə bilərdi ki, onun Avropa İttifaqını şantaj siyasəti öz nəticəsini verib.
Lakin o, gözlədiyini əldə edə bilmədi - Merkel bu dəfə də barışmaz mövqedə idi və yunan baş nazirə sonuncu xəbərdarlığını edib getdi.
İyunun əvvəllərində, bəyaz gecələrin birində Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum zamanı Putinlə görüşən Tsipras yenə gözlədiyini əldə edə bilmədi. Rusiya Yunanıstanın kredit borclarını bağlamaq imkanında deyildi. Axı neftin ucuzlaşması və sanksiyalar səbəbindən Rusiyanın özünün maliyyə imkanları məhdudlaşıb.
Doğrudur, Tsiprasın Putinlə 40 dəqiqə çəkən həmin görüşünün detalları məlum deyil. Ancaq Putin daha sonra forumda iştirak edən iş adamlarının qarşısında situasiyanı ironik tərzdə şərh etmişdi: “Cənab Tsipras çıxış etdi, dedi ki, Yunanıstanın problemi yunan problemi deyil, ümumavropa problemidir. Belə baxanda düzdür. Əgər sən kiməsə çoxlu pul borclusansa, bu, artıq sənin problemin deyil, sənə borc verənin problemidir. Bu, tamamilə düzgün yanaşmadır”.
İndi dalana dirənən Tsiprası Merkelin əlindən xilas etmək üçün Putinin imkanları məhduddur.
Digər tərəfdən Yunanıstan Rusiyaya Avropa İttifaqının üzvü kimi lazımdır. Yunanıstan və Moskvaya yaxın olan daha bir-iki üzv dövlətin sayəsində Rusiya Brüsselin qərarlarına ciddi təsir rıçaqları əldə edir. Ancaq Tsiprası devirəndən sonra Yunanıstanın yeni hökumətinin hansı kursu seçəcəyini nəzərə almaq lazımdır.
Yunanıstanda baş verənləri şübhəsiz ki, Azərbaycanda da yaxından izləyirlər. Çünki Tsipras Bakıya da ciddi başağrısı yaradıb-əvvəlki hökumətin imzaladığı energetika razılaşmalarına yenidən baxılması məsələsini qaldırıb, faktiki olaraq Azərbaycan qazının Yunanıstan üzərindən Avropa bazarlarına nəqli layihələrini ləngidib.
Məhz Tsiprasın hökumətinin kaprizlərindən sonra prezident İlham Əliyev bəyan etdi ki, Cənub Qaz Dəhlizinə bəzi süni maneələr yaradılır və əgər belə davam etsə Azərbaycan öz qazını Türkiyə bazarında satmalı olacaq. Həmçinin Azərbaycan lideri Avropa İttifaqını Cənub Qaz Dəhlizinə yaradılan maneələri aradan qaldırmaq üçün siyasi iradə nümayiş etdirməyə çağırıb.
Şübhəsiz ki, Yunanıstan defolt elan etsə də avrozonadan qovulsa, Azərbaycanın energetika layihələrinin bu ölkə ilə bağlı hissələrində də problemlər yaranacaq. Çünki defolt və avrozonadan qovulma Yunanıstanın bank sisteminin iflasına, iqtisadi böhranın daha da dərinləşməsinə, hətta sosial partlayışa səbəb ola bilər.