Qarabağa köçən rusiyalı milyarderin terrorçu banda yaratdığı üzə çıxdı
7-07-2015, 22:00
Ekstravaqant rusiyalı milyarder, mal-qarasını sataraq arvadı və beş uşağı ilə birlikdə Azərbaycanın işğal altındakı ərazilərinə köçən German Sterliqov haqqında sensasion faktlar üzə çıxıb.
Virtualaz.org saytı xəbər verir ki, onun adı ekstremist BORN (“Rus millətçilərinin hərbi təşkilatı”) təşkilatının işi üzrə istintaqda fiqurant kimi keçir.
Bu haqda vəkil Aleksey Sklyarenko RSN radiosunun efirində bildirib.
BORN təşkilatının üzvləri jurnalist Anastasiya Baburovanı və vəkil Stanislav Markelovu qətlə yetiriblər. Bu qətl üzrə tutulan ekstremistlər məhkəmədə verdikləri ifadədə deyiblər ki, Sterliqovun torpağında yaradılmış düşərgədə təlim keçiblər.
Vəkil deyib ki, BORN təşkilatının bəzi üzvləri quldurluq maddəsi ilə mühakimə olunublar və 8 ildən 15 ilə qədər həbs cəzası alıblar.
A.Sklyarenkonun bildirdiyinə görə, istintaq orqanlarının Sterliqovun bu silahlı ekstremist təşkilatın fəaliyyətindəki roluna dair çoxlu sualları meydana çıxa bilər.
İstintaqın gedişindən asılı olaraq ona qarşı silahlı ekstremist fəaliyyətin təşkili və mütəşəkkil cinayətkar qruplaşmaya üzv olmaq maddələri üzrə ittiham irəli sürülməsi mümkündür. Bu maddələr üzrə onu 10 ilə qədər həbs gözləyir.
“Mətbuatın məlumatlarına görə, bandanın işi üzrə mühakimə olunanlardan biri - Tixonov Sterliqovun əleyhinə ifadə verib, onun silahlı ekstremistlərin fəaliyyətini maliyyələşdirdiyini bildirib. Bu isə başqa maddə üzrə ittiham və daha 3 il həbs deməkdir”- deyə vəkil bildirib.
A.Sklyarenkonun sözlərinə görə, əgər istintaq sübut etsə ki biznesmen BORN-u həm də maliyyələşdirib və bu təşkilatın üzvlərinə təlim keçmək üçün şərait yaradıb, o zaman onun barəsində daha bir neçə il həbs cəzası çıxarılacaq.
“Bütün bu məqamlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və qərar veriləcək”- deyə vəkil qeyd edib.
Xəbər verdiyimiz kimi, iyulun 6-da biznesmenin köməkçisi Polina Sirota onun Moskva ətrafındakı təsərrüfatındakı mal-qarasını sataraq ailəsi ilə birlikdə Qarabağa köçdüyünü açıqlayıb.
“Onu getməyə ciddi səbəblər vadar edib. Yox, bu səbəblər quldurlarla bağlı deyil, daha yüksək səviyyədir”- deyə biznesmenin köməkçisi bildirib.
Qondarma “DQR”in “xarici işlər nazirliyi” isə Sterliqovun Qarabağa köçdüyünü təsdiqləyib, onun “turist kimi gəldiyini” açıqlayıb.
Qeyd edək ki, Sterliqovun Rusiyanın erməni çevrələri ilə sıx əlaqələri var. Onun maraqlarını məşhur erməni vəkil müdafiə edir.