Telman İsmayılovun dostu - dünya miqyaslı mafioz...

8-07-2015, 23:29           
Telman İsmayılovun dostu - dünya miqyaslı mafioz...
Xəbər verdiyimiz kimi, Rusiyanın məşhur “Soverşenno sekretno” (“Tam məxfi”) nəşri Azərbaycan əsilli yəhudi oliqarx Telman İsmayılovun və onun iki dostunun (həm də biznes ortağının) - özbək əsilli qazaxıstanlı biznesmen Patox Şodiyevin və çeçen milyarder Musa Bajayevin Qərb xüsusi xidmət orqanları tərəfindən ələ alındığına dair sensasion iddia irəli sürüb.

Nəşr iddia edir ki, Qərb bu oliqarxları çoxdan ələ alıb və indi Rusiya ilə münasibətlərin kəskinləşdiyi bir vaxtda prezident Vladimir Putinə qarşı mübarizədə istifadə edəcəklər.

Virtualaz.org saytı bu iddianın nə dərəcədə əsaslı olduğunu bir kənara qoyaraq Telman İsmayılovun dostu, həmişə onun məclislərində başda əyləşən sirli oliqarx Patox Şodiyevin - dünyanın qüdrətli dövlətlərinin prezidentlərinin dostunun və gizli biznes sövdələşmələrini həyata keçirən etibarlı adamının dosyesini təqdim edir.

Patox kimdir və onu niyə dünya miqyaslı mafioz hesab etmək olar?

Digər postsovet oliqarxları kimi ulduzu 90-cı illərin əvvəllərində parlayan MQİMO məzunu, Daşkənddə doğulmuş Patoxun nə işlə məşğul olduğu haqda bir qədər sonra. Hələliksə onun nəyə görə dünya miqyaslı mafioz statusuna iddia edə biləcəyini diqqətə çatdırırıq.

Fransa nəşrlərindən əsl senasiya

2014-cü ilin payızında Fransanın nüfuzlu nəşrləri - “Le Monde” və “Liberation” əsl sensasiya yaydılar. Qəzetlər xəbər verirdi ki, beş il əvvəl - 2009-cu ildə Fransa prezidenti Nikolya Sarkozi və Qazaxıstan prezidenti Nursultan Nazarbayev barəsində çox az məlumatın olduğu özbək-qazax-rus mənşəli biznesmeni Belçika həbsxanasından xilas etmək üçün xeyli səy göstəriblər.

Nüfuzlu nəşrlər yazırdı ki, hətta bu iş üçün Sarkozi 2009-cu ilin oktyabrında Astanaya səfər də edib. Və bu səfərin nəticəsi nə az, nə çox - Belçika qanunvericiliyinin Patox Şodiyev adlı həmin biznesmeni həbsdən xilas etməyə imkan verəcək şəkildə dəyişdirilməsi olub.

Qüdrətli boz kardinal, saysız-hesabsız titullar...

Bəs bu Patox Şodiyev kim idi ki, Fransa böyüklükdə dövlətin prezidenti onun işindən ötrü Astanaya səfər edib və Orta Asiyanın ən böyük ölkəsinin prezidenti ilə biznesmenin həbsə düşməsinin qarşısını almaq yollarını müzakirə edib?

Qazaxıstanın iri dağ-mədən və energetika korporasiyasının sahiblərindən biri (digər sahibləri yəhudi əsilli qazaxıstanlı oliqarx Aleksandr Maşkeviç və özbək oiqarx Əlişir İbrahimovdur) Patox Şodiyevin fərqli cəhətləri çoxdur.

MQİMO-nun məzunu, uğurlu biznesmen, milyarder, Belçikanın ən varlı vətəndaşlarından biri, filantrop, Ümumdünya Demokratiya Fondunun prezidenti, siyasət elmləri doktoru və s. və ilaxır... Onun bütün titullarını sadalasan, kompüter ekranına sığmaz.

Şodiyev isə özünü hər yerdə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin, Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin, Rusiyanın baş naziri Dmitri Medvedyevin - az qala dünya elitasının bütün nümayəndələrinin dostu kimi qələmə verir.

Beynəlxalq nəşrlərin səhifələrindən onun bütün postsovet məkanının qüdrətli boz kardinalı imici boylanır. Maraqlıdır, bütün bunlar ancaq Şodiyevin sözlərinə əsaslanır, yoxsa nəsə real əsası var?

90-cı illərdən kapital

Patox Şodiyev yoxsul Özbəkistanın paytaxtı Daşkənddə doğulub-böyüyüb. Bu cür parlaq karyera onun heç ağlına da gəlməzdi. Axı o, karyerasına Özbəkistanın əyalət qəzetlərindən birinin müxbiri kimi başlamışdı və böyük pulları ancaq kinolarda görə bilərdi.

Lakin Şodiyev müxbirliyi yarımçıq qoyub Moskvaya gedir, MQİMO-ya daxil olur və oranı bitirəndən sonra SSRİ-nin Yaponiyadakı ticarət nümayəndəliyinə işə göndərilir.

SSRİ dağılandan sonra Şodiyev vətəni Özbəkistana yox, qonşu Qazaxıstana qayıdır və biznesə başlayır. Onun biznes tərəfdarları Avrasiya Milli Resurs Korporasiyasının (ENRC) gələcək ortaqları Aleksandr Maşkeviç və Əlijan İbrahimov idilər (sonralar onları birlikdə “Avrasiya üçlüyü” adlandırmağa başladılar).

Şodiyev Qazaxıstanda sürətlə varlansa da onun milyonçudan milyarderə çevrilməsində Belçikanın “Tractebel” şirkəti ilə əməkdaşlıq həlledici oldu. Şodiyevin sayəsində ötən əsrin 90-cı illərinin ortalarında heç kimin tanımadığı bu şirkət sürətlə Qazaxıstan bazarına girdi - bir neçə birgə müəssisə yaratdı, bir çox sərfəli dövlət aktivlərini ucuz qiymətə aldı, çox keçmədən Qazaxıstanın magistral qaz kəmərlərinə nəzarət də ona keçdi...

“Tractebel” Şodiyevə Qazaxıstandakı sərfəli biznes sövdələşmələrinə görə 55 milyon dollar ödəyib. Sənədlərdə bu pul “məsləhət xidmətlərinin haqqı” kimi göstərilib.

Lakin bu pullar “Avrasiya üçlüyü”nün başını çox ağrıtdı və onların hər üçünü Belçikanın müttəhimlər kürsüsünə aparıb çıxardı - Avropa mətbuatında “Qazaxgeyt” adı alan qalmaqallı korrupsiya araşdırması başladı.

Belçika pasportunu alır və... istintaq

Lakin bu qalmaqalın başlamasına az qalmış -1997-ci ildə Şodiyev Belçika vətəndaşlığını almışdı. O, Belçika pasportunu cibinə qoyan kimi bu ölkə hüquq-mühafizə orqanlarının çirkli pulların yuyulmasına dair araşdırmasında fiquranta çevrildi.

İki il sonra istintaq bu qənaətə gəldi ki, “Tractebel” şirkətinin verdiyi həmin pul əslində rüşvətdir və “Avrasiya üçlüyü”nə qarşı rəsmi ittiham irəli sürüldü.

İş 10 ildən çox çəkdi, bu müddət ərzində Şodiyevin Belçikada çirkli pullarla aldığı əmlak, Kuk adasında offşor bankı və həmin bank üzərindən çirkli pulların yuyulması əməliyyatlarının həyata keçirildiyi də üzə çıxdı.

Lakin bir neçə il əvvəl tale Şodiyevin və ortaqlarının üzünə təzədən güldü. Belçika parlamenti cinayət təqibinin pul kompensasiyası əvəzində dayandırılmasının mümkünlüyünə dair qanun çıxardı. Yeni qanun əsasında biznesmen 2011-ci ildə məhkəmə ilə sövdələşmə imzaladı və 23 milyon avro ödəyib ona qarşı qaldırılmış cinayət işini bağlatdırdı.

Xilaskar Sarkozi

Belə görünürdü ki, milyarder Şodiyevin başı daha ağrımayacaq. Ancaq ötən ilin payızında Fransa mətbuatı araşdırıb üzə çıxardı ki, qazaxıstanlı oliqarxı Belçika həbsxanasından xilas edən bir ayrısı yox - o vaxtkı prezident Nikolya Sarkozi olub.

Qəzetlər yazdı ki, Paris prokurorluğu 2013-cü ildən Sarkozinin yaxın ətrafında korrupsiya işi üzrə araşdırma aparır. Söhbət Sarkozinin müşaviri və yaxın tərəfdaşı Jan-Fransua Etyenin 300 min avro rüşvət almasından gedirdi.

Prokurorluq şübhələnirdi ki, həmin pulu verən şəxs Şodiyevdir. Oliqarx pulu Sarkozinin və köməkçilərinin onu Belçika məhkəməsindən azad etmək üçün göstərdiyi köməyə görə vermişdi.

Fransa nəşrləri yazırdı ki, Sarkozinin 2009-cu ilin oktyabrında Astanaya səfəri zamanı Qazaxıstan prezidenti Nazarbayev ondan Belçikada Şodiyevin və ortaqlarının maraqlarını müdafiə etməyi xahiş edib.

Həmin dövrdə Şodiyev Avropanın iri biznes çevrələrində görüşlər keçirərək Qazaxıstanla Fransa arasında “Eurocopter” vertolyotlarına dair müqaviləni hazırlayırdı.

Prezidentə məxfi məruzə: “Medvedyevə çox yaxındır...”

Etyen de Rozenin Sarkozi üçün hazırladığı məxfi məruzədə göstərilirdi ki, həmin vaxt “Eurocopter” şirkəti (indiki “Airbus Helicopters”) Rusiyaya 50 döyüş vertolyotunun satılmasını da Şodiyevlə müzakirə edir.

“Çünki Şodiyev prezident Dmitri Medvedyevə çox yaxındır, onun dəstəyi bu sövdələşmədə əvəzsiz ola bilər”- deyə Sarkozinin müşaviri yazıb.

Bundan sonra Yelisey sarayında yeganə məqsədi Şodiyevi Belçika femidasından xilas etmək olan xüsusi “komanda” formalaşdırıldı. Bu komanda Belçika Senatının sədri, eyni zamanda Şodiyevin vəkili olan Arman de Deker vasitəsilə ölkənin qanunvericiliyində xüsusi düzəlişin edilməsi üçün işə başladı.

Əməliyyat başa çatandan sonra komandanın bütün üzvləri oliqarxdan mükafatlarını aldılar.

“Le Monde” yazırdı ki, məhz Sarkozinin bu xidmətlərinin əvəzində Qazaxıstan 2010-cu ildə Astanada “Eurocopter” şirkətinin vertolyotlarının Astanada yığılmasına və Fransadan 2 milyard dollarlıq digər məhsulların alınmasına dair müqavilə bağladı.

Medvedyevlə dostluğu şübhəlidir, bəs Nazarbayev?

Şodiyev və ortaqları çoxdan Nazarbayevin sadiq dostları kimi tanınırlar. Lakin Rusiya mənbələrində Şodiyevin indiki baş nazir Dmitri Medvedyevin yaxın çevrəsinə daxil olmasına dair məlumata rast gəlinmir. Bu baxımdan onun Medvedyevlə dostluğu barədə dedikləri mif ola bilər.

Digər tərəfdən, son vaxtlar onun Qazaxıstanda da gözdən düşdüyü deyilir. Məlumatlara görə, Şodiyevi nəinki Qazaxıstana, heç Özbəkistana da buraxmırlar.

Fransada Sarkoziyə qarşı korrupsiya qalmaqalları isə onun yenidən prezident seçilməsini əngəlləmək üçün düşünülmüşdü.

Şodiyev özü isə Sarkozinin onu xilas etdiyinə dair iddiaları heç vaxt təkzib etməyib. Axı niyə təkzib etsin?! Bir halda ki dünyanın ən iri dövlətlərindən birinin prezidentinin onu xilas etmək üçün bu qədər çalışdığını yazırlar, imic üçün bundan yaxşı nə ola bilər?

Şodiyev özünün bütün postsovet məkanının boz kardinalı kimi imicini formalaşdırmağa uğurla nail olub. Ancaq bəzi skeptiklər hesab edirlər ki, bu sirli oliqarx əslində Nasdaq birjasının əsasını qoyan məşhur amerikalı maxinator Bernard Medoffun özbək-qazax versiyasıdır.

Qara qitədə qara biznes: Kabilaya ötürülən milyonlar...

Şodiyev təkcə Avropada nüfuzlu adam deyil. Onun bir neçə Afrika ölkəsində də biznesi var.

ENRC Konqo Demokratik Respublikası, Zambiya, Mozambik və CAR-da faydalı qazıntıların hasilatı ilə məşğul olur. Təxminən iki il əvvəl “Global Witness” təşkilatı Britaniya parlamentində ENRC korporasiyasının Afrikanın bəzi ölkələrinin liderlərinə rüşvət verdiyinə dair hesabatı təqdim edib.

Hesabatda deyilir ki, Şodiyev və ortaqları offşor şirkətlər üzərindən Konqo Demokratik Respublikasının prezidenti Cozef Kabilanın etibarlı adamına milyonlarla dollar rüşvət verib. Əvəzində bu ölkədə faydalı qazıntı yataqlarına və digər aktivlərə çıxış qazanıb.

Bu hesabatın təsiri altında ENRC-ni London birjasından qovdular. Britaniyanın xüsusi xidmət orqanları isə Şodiyevin Afrika ilə biznesini araşdırmağa başladı. Şodiyev özü isə deyir ki, London birjasından qovulmağı əslində ona sərf edib.

İki menecerin müəmmalı ölümü

İyunun əvvəllərində isə məlum oldu ki, ENRC-nin Konqo Demokratik Respublikasındakı törəmə şirkəti olan “Cobalt Corporation”un (şirkt bu ölkədə mis və kobalt hasilatı ilə məşğul olur) baş meneceri Herrit Stirdom və korporasiyanın Konqodakı bölməsinin əvvəlki rəhbəri Ceyms Vefil ABŞ-ın Missuri ştatının Sprinqfild şəhərindəki ayrı-ayrı otellərdə ölü tapılıblar.

Şodiyevin menecerlərinin ABŞ-a motoyürüşə qatılmaq üçün getdikləri məlum olub. Onların cəsədlərinin üzərində zorakılıq əlamətlərinə rast gəlinməsə də zəhərlənmə versiyası üzrə ekspertiza təyin edilib.

Bu ölümlərin Şodiyevin Afrika ölkələrindəki çirkli biznesinə və prezidentlərə rüşvət verməsinə nə dəxli vardı? Sual hələlik cavabsız qalır...

P.S. Məqalə hazırlanarkən lenta.ru portalının və “The Guardian” qəzetinin materiallarından istifadə olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.