NATO Rusiyanın cənub sərhədlərində - Gürcüstanda baza açırlar
11-07-2015, 15:20
ABŞ Quru Qoşunlarının komandanı, general Reymond Oderino bəyan edib ki, Rusiya ilə müharibə ehtimalına görə Birləşmiş Ştatların Avropaya təcili göndərməli olduğu qüvvələrin miqdarı ciddi ölçülərdə artırılmalıdır.
Virtualaz.org saytı xəbər verir ki, general bu barədə “The Wall Street Journal” qəzetinə müsahibəsində bildirib.
İlk dəfədir ki, ABŞ ordu komandanı Rusiya ilə birbaşa hərbi münaqişə ehtimalı haqda bu cür açıq danışır.
Raymond Oderino bildirib ki, Amerika qoşunları Almaniyada briqadaları tanklar və BMP-lərlə, sursatla təchiz etməyə imkan verən xüsusi texnika yerləşdirməlidir. Bu texnika ABŞ-ın Avropada maksimal sürətlə qüvvə cəmləşdirməsinə imkan verəcək.
Generalın bildirdiyinə görə, hazırda ABŞ ordusunun Kolorado ştatında dislokasiya olunmuş 4-cü piyada diviziyası Avropaya göndərilmək üçün hazırlıq keçir.
R.Oderino ABŞ-ın quru qoşunlarının Avropaya əlavə qüvvələr göndərməyə hazır olduğunu deyib.
Bundan əvvəl ABŞ müdafiə naziri Eşton Karter Avropada Birləşmiş Ştatların nüvə başlıqlı raketlərinin yerləşdirilməsinə dair danışıqlar aparıb. Habelə ABŞ artıq Baltikyanı ölkələrdə və Polşada 250 vahid zirehli hərbi texnika yerləşdirib. Bu, iki super dövlət arasında hərbi gərginliyin açıq-aşkar artdığına işarədir.
Rusiya da öz növbəsində ABŞ-ın hava sərhədləri yaxınlığında tez-tez nüvə raketləri daşıyan strateji bombardmançılarla reydlər keçirir. NATO ölkələrinin hüdudları yaxınlığında hərbi manevrlər keçirir və ölkənin qərb sərhədlərinə əlavə qoşunlar cəmləşdirir.
NATO isə bu günlərdə bir sıra tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın iştirakı ilə Gürcüstanda hərbi təlimlərə başladı. Və eyni gündə Rusiya müdafiə nazirinin qəfil əmri ilə bu ölkənin Ermənistandakı 102-ci hərbi bazasına həyəcan siqnalı verildi, bazada cəmləşdirilmiş qüvvələr manevrlərə başladı.
“Amerikanın səsi”nin rus xidməti isə xəbər verir ki, NATO Gürcüstanda təlim-məşq bazası açır. Bazaya bir neçə təlim-taktiki rayonlar, Tiflisdəki Krtsiani milli təlim mərkəzi və Vaziani hərbi bazasının obyektləri daxil olacaq.
Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Vaxtanq Kapanidze bildirib ki, bu qərar NATO ekspertləri ilə birgə qəbul olunub. Onun sözlərinə görə, bir neçə hərbi obyektin vahid təlim-məşq bazasında birləşdirilməsi hərbi təlimlərin intensivliyini artırmağa imkan verəcək.
General deyib ki, təlim-məşq bazasının açılışı avqust ayında olacaq, NATO-nun baş katibi Yens Stoltenberq açılışda iştirak etmək üçün Gürcüstana səfər edəcək.
Təlim-məşq bazası NATO ölkələrinin, tərəfdaş ölkələrin və Gürcüstanın hərbi qüvvələrinin birgə təlimi üçün nəzərdə tutulur. Lakin ekspertlərin qənaətinə görə, Rusiya NATO-nun Gürcüstanda təlim-məşq bazası açmasını cavabsız qoymayacaq və buna aqressiv reaksiya verəcək.