Hərbçilər Sarkisyana qarşı birləşir
13-07-2015, 12:06
Bir müddət əvvəl Rusiya tərəfinin yeni növ silahların alınması üçün Ermənistana 200 milyon dollar məbləğində kredit ayırması barədə xəbər yenidən gündəmə gəlib. İndi bəlli olur ki, Ermənistan rəhbərliyi həmin krediti silah almaq üçün yox, ölkə əhalisinin etirazına səbəb olan elektrik enerjisinin qiymətini kompensasiya etmək üçün xərcləmək istəyir.
ANS PRESS-in məlumatına görə, bu günlərdə Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini Movses Akopyan jurnalistlərlə söhbətində hakimiyyətin bu mövqeyindən narazılığını dilə gətirib. Bununla da iqtidarla hərbçilər arasında gərginliyin artdığı görünməyə başlayıb.
O deyib ki, Rusiya tərəfindən 200 milyon ABŞ dolları məbləğində kreditin verilməsi və bunun hərbi sahəyə xərclənməsi ölkəyə çox lazım idi. Kredit silahlı qüvvələrin döyüş bacarığının artırılması üçün mütləqdir.
Akopyanın sözlərinə görə, bu kreditə yeni silahların alınması nəzərdə tutulur, hansı ki, daha əvvəl Ermənistan Silahlı Qüvvələrində istifadə olunmurdu. Bu, regionda silahlandırılma balansının saxlanılmasına yönəldilmişdi. Kredit üç il faizsiz güzəşt olmaqla 13 illik verilir, amma görünən odur ki, bu, baş tutmayacaq.
Ermənistan parlamentinin müxalifətdə olan deputatları da bu kreditin aidiyyəti üzrə xərclənəcəyinə şübhə ilə yanaşırlar. Onların fikrincə, Rusiya Federasiyası hökumət tərəfindən dövlət ixrac kreditinin Ermənistan hökumətinə verilməsi haqqında razılaşmaya əsasən, bu vəsait başqa hədəflər üçün istifadə edilməməlidir.
Ermənistan Milli Konqresinin parlament fraksiyasının başçısı Levon Zurabyan maraqlı iddia iorəli sürüb. O bildirib ki, hakimiyyət Rusiya tərəfindən ayrılan kreditin əsas hissəsi elektrik enerjisi tariflərinin artımını kompensasiya etmək üçün yönəldəcək. Bu informasiya prezident Serj Sarkisyanın son bəyanatlarında da bu özünü açıq-aydın göstərir. Sarkisyan deyir ki, təhlükəsizlik məsələlərinin möhkəmləndirilməsini maliyyələşdirilməsi üçün vəsait başqa mənbələrdən tapılacaq.
Bu ehtimalı yaradan şərait odur ki, həmin sənəd Ermənistanda etiraz aksiyaların pik dövründə, yəni iyunun 26-da imzalanıb. Razılaşmanın mahiyyəti ayrılan vəsaitin hökumətə elektrik enerjisi tariflərinin artımının kompensasiyası üçün əsas vermir.
İndi İrəvanda kreditin xərclənməsi ilə bağlı yaranan fikir ayrılığı ciddi fəsadlarını verməyə başlayır. Belə ki, müxalifət Serj iqtidarını yenidən qalxacaq etiraz aksiyaları ilə hədələyir, hakimiyyət isə əhali üçün yeni aldadıcı plan hazırlayır.
Xatırladaq ki, bu il iyunun 27-də Rusiya Federasiyasının nəqliyyat naziri Ermənistan-Rusiya hökumətlərarası komissiyasının həmsədri Maksim Sokolov ilə Ermənistan prezidenti Serj Sarkisyan arasındakı görüşün nəticəsinə görə, yeni silahların alınması üçün Moskva tərəfindən İrəvana 200 milyon dollar məbləğində kreditin verilməsi barədə razılıq əldə olunub.
Ermənistan hökuməti iyulun 2-də parlamentin növbədən kənar yığıncağında Ermənistan-Rusiya hökumətlərarası razılaşma sənədini təsdiqləyib. Hökumət aparatının rəhbəri David Artünyan bildirib ki, bu razılaşma yalnız hərbi-texniki əməkdaşlığa aiddir.
Beləliklə, Rusiya pul kisəsi"ni İrəvan üçün açıb. Rəsmi Bakı buna qarşı çıxıb və kreditlə alınacaq silahların Dağlıq Qarabağ ərazisində yerləşdirilməsinə etirazını bildirib.
Beləliklə, hadisələrin gedişatı onu göstərir ki, vaxtilə qanunsuz hərbi dəstənin köməyi ilə hakimiyyətə gələn Serj Sarkiysanı indi hərbçilər özləri əhali ilə birləşib yola salmağa hazırlaşırlar.