Poroşenko Ukraynanın Ermənistan səfirini işdən qovdu
14-07-2015, 10:07
Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin Ermənistanda olan səfiri İvan Kuxtanı vəzifəsindən azad edib. ANS PRESS-in məlumatına görə, bu barədə qərar Ukrayna prezidentinin rəsmi saytında yer alıb.
“Kuxta İvan Petroviç Ermənistan respublikasında fövqəladə və səlahiyyətli səfir vəzifəsindən azad edilsin”- deyə verilən qərarda bildirilir.
Kuxtanın işdən azad olunma səbəbləri açıqlanmasa da, Ukraynanın Türkiyədə olan fəxri konsulunun dünən işdən azad olunması səbəbi aydındır. Belə ki, bazar ertəsi Ukrayna Xarici işlər naziri Pavel Klimkin “prinsiplərə əsasən” ölkənin Türkiyədəki fəxri konsulu Ləvənt Aydının səlahiyyətlərinə son qoyub. “Prinsiplərin” oyanmasına səbəb isə Ləvənt Aydının Antalyada keçirilən idman tədbirində Rusiya prezidenti Vladimir Putinin şəkli olan köynəkdə görünməsi olub.
[media=https://www.youtube.com/watch?v=irY0YoR_l9w]
“Ləvənt Aydın çox Ukrayna vətəndaşına kömək edib. Lakin ortada prinsip məsələsi var. Mən onun Ukraynanın fəxri konsul səlahiyyətlərinə xitam vermək qərarı vermişəm”- deyə Klimkin Twitter mikroblokunda yazıb. O əlavə edib ki, “Fəxri konsul Ukrayna diplomatı deyil. Ləvənt Aydın Türkiyə vətəndaşıdır”.
Pavel Klimkinin Twitter-də Ləvənt Aydının səlahiyyətlərinin alınması barədə yazısı.
Xatırladaq ki, bundan əvvəl Ukrayna prezidenti Pyotr Poroşenko ölkəsinin ABŞ-da fövqəladə və səlahiyyətli səfir vəzifəsinə Valeriy Çalını təyin edib. O eləcə də Belarusda olan səfir Mixail Yejeli vəzifəsindən azad edib.
Qeyd edək ki, Ukraynada gərgin kadr dəyişikliyini ölkənin maliyyə problemləri ilə bağlayırlar. Belə ki, defolta yaxın olan Ukrayna iqtisadiyyatına sərmayə gətirə biləcək siyasətçilərə üstünlük verilir.