Səudiyyə İrana xəbərdarlıq etdi
28-07-2015, 22:43
İran rəsmilərinin son zamanlar ərəb ölkələrinin rəhbərlərinə qarşı tez-tez səsləndirdiyi bəyanatlar nüvə sazişinin İranı razı salmayan müddəaları və yaxud Yəməndə hüsilərin məğlubiyyəti ilə bağlıdır.
Bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Cübeyr Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Federika Mogerini ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Xatırladaq ki, İranın ali dini lideri Ayətulla Əli Xamneyi Ramazan ayının başa çatması ilə əlaqədar söylədiyi ənənəvi nitqdə bir sıra ərəb ölkələrinin daxili siyasətini tənqid edib.
Səudiyyə Ərəbistanının xarici siyasət idarəsi rəhbərinin rəsmi Tehranın aqressiv bəyanatlarını pisləyib. Onun sözlərinə görə, bu cür bəyanatlar İranın region ölkələrinin daxili işlərinə müdaxiləsini sübut edir.
Qeyd edək ki, bundan öncə Misir Xarici İşlər Nazirliyi və ABŞ-ın dövlət katibi Con Kerridə İran dini liderinin bəyanatını pisləyiblər.
Xatırladaq ki, İran və "altılıq" ölkələrinin nümayəndələri 14 iyulda uzun illər ərzində davam edən danışıqlardan sonra İran atomuna dair tarixi razılaşma əldə ediblər. Danışıqların nəticəsinə əsasən qəbul edilmiş geniş əhatəli planın İran tərəfindən yerinə yetirilməsi müqabilində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən İslam Respublikasına qarşı tətbiq edilmiş maliyyə və iqtisadi sanksiyalar tamamilə aradan qaldırılmalıdır. (ans)