Karter Peyc Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı ifadə verib

4-11-2017, 10:46           
Karter Peyc Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı ifadə verib
Prezident Donald Trampın seçkiqabağı qərargahının keçmiş müşaviri Karter Peyc Senatın Kəşfiyyat üzrə komitəsinə Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi iddiası ilə bağlı ifadə verib.

APA-nın məlumatına görə, bu barədə “The New York Times” qəzeti xəbər verib. Dinləmələr qapalı rejimdə keçirilib.

Qəzetə görə, K.Peyc 2016-cı ilin iyulunda Moskvada səfərdə olarkən rusiyalı məmurlarla görüşdüyünü təsdiq edib. “Mən yalnız bir-iki nəfərlə ünsiyyətdə olmuşam, vəssalam”, deyə K.Peyc dəqiqləşdirib.

ABŞ-da Donald Trampın seçki qərargahının rəhbəri və müşaviri olmuş Pol Manafort və onun tərəfdaşı Rik Geytsə qarşı 12 maddə üzrə rəsmi ittiham elan olunub. Qeyd edək ki, bundan əvvəl Trampın müşaviri və eyni zamanda kürəkəni Cared Kuşner Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerə bir neçə sənəd təqdim edib.

Xatırladaq ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru