AST Telmanın imperiyasının çöküşü - Borc onun axırına çıxır
12-08-2015, 21:45
Götürdüyü kreditləri qaytara bilməyən və borc bataqlığına girən Azərbaycan əsilli yəhudi oliqarx Telman İsmayılovun Antalyadakı yeddiulduzlu “Mardan Palace” oteli yenidən hərraca çıxarılır.
Virtualaz.org saytı xəbər verir ki, otel bu dəfə Telman İsmayılovun “Garanti Bankası”na olan 203 milyon TL kredit borcuna görə satışa çıxarılıb. İstanbul 10-cu İcra Müdirliyi tərəfindən çıxarılan, icra olunmaq üçün Antalya İcra Müdirliyinə göndərilən qərara əsasən 1.4 milyard dollar başa gələn otel 650 milyon TL-dən satışa çıxarılacaq.
Otelin ərazisindəki villalar üçün isə 69.7 milyon TL ilkin dəyər müəyyən edilib.
Otelin satışına dair ilk hərrac oktyabrın 14-də keçiriləcək. Hərrac barədə rəsmi elan bu ayın sonuna qədər yayımlanacaq. “Mardan Palace” otelinin vəkili Fatih Dülgər isə otelin hərraca çıxarılmasına dair hazırlıqların aparıldığını “Hürriyet” qəzetinə təsdiqləyib.
“Belə təlimat var, yazışmalar gedir, ancaq hələlik satış günü müəyyən edilməyib”-vəkil bildirib.
Bundan əvvəl “Mardan Palace” Telman İsmayılovun “Halk Bank”dan götürdüyü 100 milyon dollar kredit borcuna görə hərraca çıxarılmışdı. Hərrac günü isə iyunun 3-nə müəyyən edilmişdi.
Lakin Telman İsmayılov son anda bankla kredit borcunun ödənilməsi müddətinin uzadılmasına dair anlaşma əldə edib və hərrac ləğv edilib. Ancaq məlum olub ki, “Garanti Bankası” məhz iyunun 3-də otelin satışa çıxarılması üçün müraciət edib.
“Mardan Palace” otelinin vəkili bildirib ki, hazırda “Garanti Bankası” ilə danışıqlar davam edir.
Telman İsmayılovun otelinə qarşı borc iddiları bunlarla bitmir. Ötən ay məlum olmuşdu ki, “Mardan Palace”dən 2,2 milyon türk lirəsi (təxminən 800 min dollar) borcunu ala bilməyən “Art Décor” adlı şirkətin iddiası əsasında otelə həbs qərarı qoyulub.Borclunun əmlakına həbs qoyulması barədə qərar Kadıköy 3-cü İcra Dairəsi tərəfindən çıxarılıb və Antalya 6-cı İcra Dairəsinə icra olunmaq üçün göndərilib.
Türkiyə mətbuatı yazır ki, “Mardan Palace”dan borclarını tələb edənlərin sayı çoxdur. Hazırda Telman İsmayılovdan borclarını tələb edənlərin sayı 26-dır.
21 iddia üzrə əmlaka həbs qoyulması proseduru davam edir, 5 iddia üzrə isə prosedurlar dayandırılıb.
Xatırladaq ki, bu, Telman İsmayılovun kreditorlar qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi üzündən əmlakının satışa çıxarılmasına dair ilk fakt deyil. Bir neçə gün əvvəl Rusiyanın “Bank Moskva” bankı T.İsmayılovu 13 milyard rubl kredit borcuna görə məhkəməyə verib. Bankla T.İsmayılov arasında əldə edilmiş razılaşmaya əsasən biznesmen borcunu Moskvadakı daşınmaz əmlakının bir hissəsini sataraq qaytarmalı idi. Lakin anlaşma pozulub və bank məhkəməyə müraciət edib.
T.İsmayılovun Azərbaycan Beynəlxalq Bankı da daxil olmaqla çoxsaylı kreditorlara yüz milyonlarla dollar borcu var .
“AST Telman”ın biznesinin qara günləri Putinin əmri ilə ona məxsus “Çerkizovsk” bazarının bağlanmasından sonra başladı. Bazar İsmayılovun hər gün milyonlarla dollar götürdüyü ən iri gəlir mənbəyi idi.