“Harada din varsa, orada bölünmə gedir... Axırı isə düşmənçilik”

28-10-2018, 09:37           
“Harada din varsa, orada bölünmə gedir... Axırı isə düşmənçilik”
Vətəndaş Cəmiyyəti uğrunda Qadınlar Alyansı Prezident yanında QHT-lərə dəstəyi Şurasının yardımı ilə Şamaxıda rəmzi məhkəmə keçirib.

BakuPost xəbər verir ki, debatda "Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu iddiaçı kimi çıxış edib, İnternyus-Azərbaycanın müdiri İlham Səfərov isə cavabdeh olub. Diskussiyanın mövzusu belə olub: "Şahbaz Xuduoğlu İslamda təriqət və terror münaqişələrinə qarşı”. Onun çıxışının əsas məqamlarını təqdim edirik:

Şahbaz Xuduoğlu:

"İndi yaxşı ki, Azərbaycanda bu qədər şiə və sünni ola-ola münasibətlər doğmadır, hansımız Qazaxdan, Qubadan, Şamaxıdan sünni nəslindən çıxmış yazar və şairlərimizi, ictimai şəxsləri təriqət kimliyinə görə bəyənmir?! Onları bütün Azərbaycan müsəlmanları sevir. Məgər Şamaxıda sünnilər bizim şiə yazıçıları, şairləri sevmir? Bizim bəxtimiz gətirib ki, Şimali İrlandiyada olan katolik-protestant savaşı bizdə olmayıb. Ancaq gəlin, bu dincliyə elə də arxayın olmayaq. Sələfiliyin radikal qanadı olan vahabiliyi qəbul edib İŞİD-ə qoşulmuş azərbaycanlılar güman ki, İraq şiələrinin də boynunu vururdu. Bütün bunları ara qızışdırmaq üçün demirəm. Onun üçün deyirəm ki, təriqətlər öz adamlarını birləşdirsələr də onları başqa təriqətlərə qarşı qoyurlar, ona görə onlar arasında gec partlayan bomba gizlənir. Bunu biz heç vaxt unutmamalıyıq!

Məşhur müsəlman tarixçisi əş-Şəhristani İslamda təriqətlərdən kitab yazanda göstərmişdi ki, maqların 70, yəhudilərin 71, xristianların 72, müsəlmanların isə 73 təriqəti var. Gördüyünüz kimi, Orta əsrlərdə də bilirdilər ki, harada din varsa, orada yavaş-yavaş bölünmə, ayrılma gedir və bu da axırda gətirib düşmənçiliyə çıxarır.

Deyirlər ki, Məhəmməd peyğəmbər söyləyib: mənim ümmətimdə çoxlu təriqətlər olacaq, ancaq onlardan yalnız biri adamlarını behiştə aparacaq. Şəhristanı özü də Aristotelin məntiqindən çıxış edərək deyirdi: ola bilməz ki, bu təriqətlərdən hamısı düz olsun. Biri haqdırsa, yerdə qalanlar yalan olmalıdır.

Mən İslamda bu təriqət çoxluğunu ateist mövqedən izah etmək istəmirəm, yəni demirəm ki, İslamdakı və eləcə də bütün dinlərdəki təriqət hərc-mərcliyi ateistlərin şübhə və tənqidini əsaslı edir. Mən sadəcə, onu demək istəyirəm ki, təriqətlər bir-birinə nifrət etdikləri üçün fürsət düşəndə rəqiblərinin qanını töküblər. Ən son örnək kimi vahabilərin şiələrə və tərsinə, şiələrin vahabilərə nifrətini göstərə bilərəm. Əfqanıstanda Şiə mədəniyyət mərkəzini partladan vahabi cihadçı olub. İraqda İslam dövləti deyilən qrup həm də İraq şiələrini, Suriya əməvilərini qırıblar. İŞİD Bağdada doğru yeriyəndə təzə əsgərliyə çağırılmş gənclərin toplandığı ordu bölümünü mühasirəyə alandan sonra oradakı 1700 gəncdən şiələri ayırıb vəhşicəsinə qırmışdı. Bunun əvəzini isə İran şiə komandosu çıxmışdı. Onun döyüşçüləri İŞİD əsgərlərini əsir tutanda onlara dəhşətli işgəncələr vermişdi. Təkcə əsgərlərə yox, onlarla əlaqədə şübhəli bilinənlərə də vermişdi. Deməli, beynalxalq konvensiyalara uyğun şəkildə onlarla davranmamışdı. Beləcə, İraqda və Suriyada bütün müsəlman aləmi bir-birini Allah, Quran, peyğəmbər adından qıran canilərin ayağı altında qalmışdı.

Bir absurd vəziyyyəti deyim. Liviyada, İraqla, Suriyada vuruşan düşmən tərəflərin hamısı Allahu-əkbər hayqıraraq vuruşurdular. Adamın ağlına sığmır. Necə olur ki, Allahu-əkbər deyirdilər və duruxmurdular da ki, qarşı tərəf Allahın böyüklüyünə inanırsa, ona mən necə nifrət edim?!»

Mənim sualım budur: «Terrorun İslama dəxli yoxdur» deyənlər bəyəm bilmir ki, İŞİD də, əl-Kaidə də terroru Qurandan sitat gətirilən ayələrlə təmizə çıxarırlar?

Cihadçılar bilirsiniz dinc cammatı qırmağı necə Quranla əsaslandırırdılar? Onların qan tökmək üzrə dərsliklərini Abdulla əl-Mühaciri yazmışdı. Bu kitab Qurandan ayələrlə doludur. Kitabın adı «Cihad teologiyası»dır. Teologiya Allah, din haqqında təlimdir. Orada, məsələn, Qurandan örnək gətirilərək göstərilir ki, ilk müsəlmanlar yəhudi qəbiləsi olan Bəni-Kurayzın kişilərini qırmış, qadın və uşaqlarını əsir götürüb satmışdılar. Əl-Mühaciri təbliğ edirdi ki, şiələrlə, yezidilərlə də elə davranılmalıdır. İŞİD-çilər yezidilərin yaşadığı şəhəri tutanda kişilərini qırmış, qadınlarını isə götürüb bir-birinə satmış, hədiyyə etmişdilər. Vahabçılar da şiələrlə vuruşanda onların arvadını, malını halal bilirdilər. Dəhşət deyilmi?! Axı İŞİD-çilərin çoxu ürəkdən Allaha inanır, namaz qılır, oruc tuturdu və eyni zamanda o biri sünnilərin, şiələrin arvadlarını özlərinə halal bilirdilər, ya da ağına-bozuna baxmadan camaat qaynaşan müsəlman bazarlarını partladırdılar.

Statistika göstərir ki, 80 dünya terror qruplarından 72-si İslam ideologiyası ilə bağlıdır. «İslamın terrora dəxli yoxdur» demək asandır, ancaq necə etməli ki, qadınları, yeniyetmələri dinc əhalinin arasına özlərini partlatmaq üçün göndərən cihadçılar onları cənnət vədi ilə aldatmasınlar? Necə etməli ki, müəyyən şiə və sünni icmaları bir-birinə nifrət etməsinlər?

Çox təəssüf ki, İslam dünyası nə qədər Şəriətlə, Quranla yaşasa da elə bir mühit yaratmışdı ki, orada terrora hazır minlərlə gənc yetişmişdir. Bütün bu faktlər göstərir ki, bizim dinimizdə nələrsə qaydasında deyil, əgər bir çox terrorçu təşkilatlar aksiyalarını İslamla əsaslandırırlarsa.

Mənim sullarım budur:

Müsəlmanlar, sünni, şiə qarışıq necə olmalıdırlar ki, bir-biri ilə düşmənçilik etməsinlər?

Xristianların da, yəhudilərin, sixlərin də də terroru var, başqa dinlərə, sektalara düşmənçiliklərindən qaynaqlanır, onlar necə olmalıdırlar ki, başqa dinlərə nifrət etməsinlər?

Nə etməli ki dünya dinləri düşmənçiliyə, bölücülüyə yox, barışa, mənəvi birliyə xidmət etsin?

İddiaçının qouduğu bu suallara cavabdehin İlham Səfərov belə cavab verib:

Şahbaz Xuduoğlu, əlbəttə, İslamın aktual probleminə toxunub – necə etmək ki, bizim dinimiz terrora, dini ədavətlərə səbəb olmasın? Ancaq unutmayaq ki, bu məsələdə İslamdakı vəziyyət unikal deyil. Baxın Xristianlığa. Orta əsrlərdə katoliklərlə ortodokslar, Roma ilə Bizans elə düşmən idi ki, türklər İstanbulu tutanda bizanslılar hətta deyirmişlər ki, bunlar katoliklərdən yaxşıdırlar, onlara təslim olaq.

Bilirsiniz Səlib cəngavərləri ən çox kimlərlə bağlı vəhşilik edirdi? Yerusəlimə yürüş edəndə yollarında duran pravoslav şəhərləri, kəndləri ilə.

O yerdəki bölüşmə, yarış var, orada həməncə paxıllıq, düşmənçilik yaranır. Yadınıza salın «Kral Liri», səltənətini qızları arasında bölüşdürəndən sonra ölkəiçi savaşlar başladı. Balzakın «Qorio ata»sında da elədir.

İndi soruşa bilərsiniz ki, demokratiyada çoxpartiyalılıq niyə savaşlara gətirib çıxarmır? İnsan Haqları əsl demokratik toplumlarda düşmənçilik potensialını susduran mexanizmlərdəndir. Əgər dinlərlə və bizim dinimiz İslamla bağlı İnsan Haqları üzrə güclü mexanizm qurulsa, burada da düşmənçiliklərin qarşısı alınar.

İnsan Haqları nə deyir? Onu deyir ki, hər kəsin istədiyi dinə inanmağa, istədiyi şəkildə ibadət etməyə və hətta heç bir dinə inanmamağa haqqı var. Bu o deməkdir ki, sən şiəsənsə və İnsan Haqlarını uca tutursansa, heç vaxt sünnini, sufini, xristianı, yəhudini imanına, inancına görə qısnamayacaqsan.

Əlbəttə, bu o demək deyil ki, İnsan Haqları təriqətlər arasında diskussiyanı, debatı inkar edir. Təriqətlər arasında demkratik diskussiya olsa, yəni başqasının fikrinə hörmətlə yanaqşmaq şərti ilə mübahisə olsa, hər birində nələrsə inkişaf edər, hansı cəhətlərinsə ziyanı başa düşülər.

Bu dediklərim müsəlmanlarla başqa dinlərin dialoquna da aiddir. Məsələn, vaxtı ilə Şəriət insan şəklini çəkməyi yasaqlamışdı. Bu yasaq həm də yəhudilikdən, yəni İudaizmdən gəlirdi. İndi təsəvvür edirsinizmi, bu qadağa qalsaydı, müsəlman dünyası nə qədər ziyan çəkərdi. Bizim dünya Qərblə ünsiyyət, dialoq əsasında həmin yasağın zərərini başa düşüb aradan götürdü. İndi hətta İranda belə Xomeyninin şəklini hər yerdə görmək olar.

Siz bilirsiniz ki, Qərbdə hətta hevan haqlarından danışırlar. Ona görə də qoyunun, inəyin başını kəsən kadrlara az rast gələrsən. Br vaxtlar Moskvada, İstanbulda qurbanlar istəniln yerdə kəsilirdi və heyvan qanı küçələri bürüyərdi. Bizdə heyvanı qonağın ayağı altında kəsmək adəti vardı. İndi dünya dəyişib, heyvanlara münasibət dəyişib – ona görə bir çox müsəlman razı olmaz ki, onun ayağı altında heyvanın başını kəssinlər. İndi İstanbulda, Bakıda qurban bayramında heyvanları xüsusi ayrılmış yerlərdə kəsirlər. Dinlər, təriqətlər, mədəniyyətlər arasındakı ünsiyyət belə nöqsanları görüb onlardan qurtulmağa imkan verir.

İndi isə aydın bəndlərlə sadalayım:

1) İslamda bütün təriqətlər qəbul etsələr ki, İnsan Haqlarını pozmaq olmaz, düşmənçilik də aradan gedər.

2) Onun üçün də haqqoruyucu hərəkat və məhkəmələr dini zəmində olan münaqişələrin də qarşısını almalıdır.

3) Dövlət heç bir dinin arxasında durmamalıdır. Ona görə də müsəlman ölkələrində dinin Dövlətdən ayrılması vacib şərtdir.

4) Hər bir müsəlmanda belə bir prinsip olmalıdır: gör, mən İslamı nə qədər sevirəm ki, şiə ola-ola sünniliy də sevirəm.Və ya bunun tərsi. gör, mən İslamı nə qədər sevirəm ki, sünni ola-ola şiəliyi də sevirəm. Əgər sən bütün təriqətləri İslamın zənginliyi saysan, düşüncən də belə dəyişəcək. Axı doğrudan da baxın nə qədər şiə və sünni müqəddəsləri olub ki, kəramətlə möcüzələr ediblər. Nə qədər şiə və sünni alimləri olub ki, İslamı möhtəşəm fikirlərlə zənginləşdiriblər.

5) «Düz deyil, doğru deyil» təriqətlər arası söhbətlərdə aradan götürülməlidir. Çünki «şiələr düz deyir, ya sünnilər düz deyir» prinsipləri mənasız didişmələrə gətirib çıxarır. Prinsip başqa olmalıdır: mənə bu cür ibadət xoşdur, bu cür əlveişlidir, sənə başqa cür xoş olmasını sənin haqqın kimi qbul edirəm. Bəyəm biri musiqini, o biri kinonu sevəndə onlar normal adamlardırsa, dava salarlar ki, sən düz deyilsən?!

6) Hər təriqət, hər din insana ruhunu təmizlmək, yaxşı adam kimi yaşamaq üçün öz vasitələrini təklif edir – adamlar isə bu təklif olunanlardan özlərinə uyğununu seçirlər. Bu, çağdaş düyanın, uyqarlıöın, yəni sisilizasiyanın qaydasıdır – biz müsəlmanlar o qaydanı üstün tutsaq, heç bir təriqət o birisinə nifrət etməz.

Bax, bizim proqramın vəzifəsi sizlərə bunu çatdırmaqdır ki, başqa triqətlərə hörmtlə yanaşasınız.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.