Vergi cənnəti olan Böyük Britaniya - Dəyişən dünya və Britaniya qanunvericiliyi

13-11-2018, 08:51           
Vergi cənnəti olan Böyük Britaniya - Dəyişən dünya və Britaniya qanunvericiliyi
Britaniya paytaxtına dünyanın hər yerindən təkcə turistlər axışmır
“Resonance” Beynəlxalq Məsləhət Şirkəti 2019-cu il üçün yaşayış şərtlərinə görə dünya şəhərlərinin reytinqini tərtib edib. Şirkət tərəfindən mənzil əldə etmək və işə düzəlmək imkanları, ətraf mühitin vəziyyəti, iqtisadiyyatın və mədəniyyətin səviyyəsi kimi cəmi 23 amil əsas götürməklə dünyanın 100 şəhəri təhlil olunub və birinci yerə London layiq görülüb. Sonrakı yerlərdə Paris, Nyu-York, Tokio, Barselona, Moskva, Çikaqo, Sinqapur, Dubay və San-Fransisko qərarlaşıb (Report).

Bəlkə də elə buna görə 2017-ci ildə Londona 19,8 milyon turist gəlib ki, bu da əvvəlki illə müqayisədə 1 milyon çoxdur.

Maraqlıdır ki, London, sadəcə, insanları turistik gəzinti üçün deyil, dünyanın hər yerindən olan sərvət sahiblərini də cəlb edir - yaşamaq və biznes üçün. Bu günlərdə Beynəlxalq Bankın sabiq rəhbərinin xanımı Zamirə Hacıyevanın başına gələnlər Londonu varlı insanların toplaşdığı bir məkan kimi ölkəmizdə diqqət mərkəzinə gətirdi. Britaniya hüquq-mühafizə orqanlarına yaxın mənbələrə istinad edən xarici mətbuatın yazdığına görə, Z.Hacıyevanın taleyini yaşayanların sayı getdikcə artacaq - rəsmi Londonun tətbiq etdiyi yeni qanunun minlərlə şəxsə şamil olunacağı gözlənilir. Bəzi məlumatlara görə, Britaniyada təkcə postsovet ölkələrindən aparılan 4 milyard funtsterlinqə yaxın vəsait sahibləri ilə birlikdə “sığınacaq” alıb. Təsadüfi deyil ki, korrupsiyaya qarşı addım sayılan yeni qanunun qəbulundan sonra Rusiya əsilli milyarderlərin Britaniyadakı varidatı gündəmə gəlib. Rusiya mətbuatı indinin özündə də yeni qanunun əhatə dairəsinə düşəcək rusiyalıların mümkün siyahısını müzakirə etməkdədir.

Bəs Böyük Britaniyanı, onun paytaxtını dünyanın hər yeri üçün cəlbedici edən nədir? Niyə varlılar Britaniyaya axışır?

Suala cavab verməzdən öncə qeyd edək ki, yalnız ayrı-ayrı varlı şəxslər deyil, bütün dünyadan, hətta ABŞ və qonşu Avropa ölkələrindən olan nəhəng şirkətlərin sahibləri də Britaniyaya “köçürlər”. Onların məqsədi daha yumşaq qaydalar tətbiq edən Britaniya vergitutma qanunvericiliyindən bəhrələnməkdir. Lakin son onilliklərdə Britaniyaya gələnlər arasında belələrinin sayı çox azdır. Çünki gələnlərin böyük əksəriyyəti vətənində qanunsuz yollarla əldə etdiklərini leqallaşdırmaq, bir xeyli hissəsi isə öz ölkəsindəki rejimlərin təzyiqlərindən qurtulmaq məqsədi güdənlərdir.

Bu prosesin əsası isə 200 il əvvəldən qoyulub. Onda ilk dəfə London Fransada inqilabdan qaçan varlılara sığınacaq verdi. Həmin dövrdən bəri öz ölkəsindəki vergi rejimindən narazı olan, yaxud daha az ödəniş etmək istəyən varlılar Britaniyaya axışmağa başladılar. Burada onlar pullarını London-Sitiyə yatırırdılar. Həmin pulların sayəsində London Avropanın maliyyə mərkəzinə çevrilə bilib. 20-ci əsrdə yunan gəmi sahibləri olan milyarderlərin seçdiyi yer oldu London. Onlar yalnız Britaniya ərazisində əldə etdikləri gəlirlərdən vergi ödəyirdilər. Bu isə kənarda yerləşən şirkətlərin milyardlarla qazancını vergidən kənarda saxlamağa imkan verirdi.

Yunanların ardınca London ərəb şeyxlərinin diqqətini cəlb etdi. Yüzlərlə ərəb şahzadələri, neft pullarının milyarderə çevirdiyi şəxslər Londonu yaşayış, təhsil və pullarını yatırtmaq üçün əlverişli məkan kimi seçməyə başladılar.

2000-ci illərin əvvəllərindən isə postsovet ərazisindən Britaniyaya axın başladı. Bu axında Rusiya əsilli milyarderlər xüsusi yer tuturdu. Bəzi məlumatlara görə, hazırda Britaniyada 700-dən yuxarı Rusiya əsilli varlı məskunlaşıb.

Asiyadan da Londona axın davam edir. Məsələn, Hindistandan olan polad kralı Lakşmi Mittal Londonda 30 milyon funtsterlinqə aldığı evdə yaşayır. Bu evə görə o, London bələdiyyəsinə ayda 2 min funtsterlinq ödəyir.

Bu qədər axının isə iki mühüm səbəbi var. Məsələ burasındadır ki, uzun illərdən bəridir Britaniya aşağı vergi ödənilən cənnət kimi dünyanın hər guşəsindən varlıları özünə cəlb edir. Burada qeyri-rezident kimi yaşayan, yəni daimi yaşayış yeri kimi Britaniyanı göstərməyən, amma vətəndaşlığı olan minlərlə milyarder demək olar ki, cüzi vergi ödəyir.

Londonda Britaniyada daimi yaşamaq istəyində olmayan varlıların malikanələrindən ibarət bütöv küçələr meydana gəlib. Hansı ki, bu şəhərdə 5 milyon funt strelinqdən ucuz malikanə əldə etmək mümkün deyil.

Britaniyanı cəlbedici edən ikinci məsələ asan vətəndaşlıq alınması, iqtisadi və siyasi mühafizə imkanlarıdır. Mütəxəssislər bildirirlər ki, sadəcə, Britaniya şirkəti deyil, məhz ofşorda yaradılmış şirkətin Britaniyadakı törəməsi olmaq daha sərfəlidir. Çünki Britaniyada qeydiyyatdan keçən şirkətlər barədə bütün məlumatlar - təsisçilər, direktorlar, benefisiarların kimliyinədək bütün vətəndaşlar üçün açıq olan reyestrə daxil edilir. Lakin offşorda qeydiyyatdan keçib Britaniyada törəmə yaradan şirkətlər üçün bu şəffaflaşma keçərli deyil. Eyni zamanda ikincilər birincilərdən fərqli olaraq yumşaq vergi rejimində işləyirlər.

Adətən ofşor şirkətlərin qeydiyyat yeri kimi Böyük Britaniyaya məxsus Virciniya və Seyşel adaları seçilir. Bu ofşorlarda yaradılan şirkətlərin sahibləri, benefisiarları və maliyyə göstəricilərinin açıqlanması tələb olunmur. Elə buna görədir ki, bu gün London fond birjasında kağızları ilə alver edilən hər yüz şirkətdən 65-70 faizinin qeydiyyat ünvanı ofşorlardır. Hətta dünyanın ən iri 500 şirkətinin 72 faizinin ofşorlarla sıx əməkdaşlıq etdiyi məlumdur.


Yüzilliklər boyu Britaniya varlı insanlara vergi və vətəndaşlıq təminatı verərək onları özünə cəlb edib. Yaxın illərədək gələn adam özü ilə nə qədər pul gətirsə belə, yalnız Britaniya ərazisində qazandığı gəlirdən vergi ödəyirdi. İndi isə Birləşmiş Krallıq onların gətirdiklərinin mənşəyinin açıqlanmasını istəyir. Bəzi analitiklərin fikrincə, bu ilin yanvarından tətbiqinə başladılan yeni qanunun işləməsi üçün Britaniya özünün bütün qanunvericiliyini dəyişməli olacaq. Belə ki, mənşəyi naməlum qalan varidatın, habelə onun sahibinin taleyi sual altında qalmaqdadır. Açıqlanması mümkün olmayan varidata görə insanların hansı yolla cəzalandırılacağı da dəqiq müəyyənləşdirilməyib.

Hər bir halda, Britaniya getdikcə vergi cənnəti obrazını dəyişir. Aristokrat ingilislər belə alçaldıcı obrazdan qurtulmaq qərarında qəti görünürlər. Bu isə o deməkdir ki, dünyanın hər yerindən, elə Azərbaycandan başqalarının da bu ölkəyə daşınan sərvətlərə görə cavab verəcəyi gün uzaqda deyil. Çünki Z.Hacıyeva kimi Londonda mülk sahibi olan azərbaycanlılar çoxdur - işdən çıxarılan orta ranqlı məmurların belə Britaniyada şirkəti, malı-mülkü aşkarlanır. Bu baxımdan yaxın vaxtlarda məhkəmə önünə çıxarılanlar arasında azərbaycanlı görsək, təəccüblənməyəcəyik...

Dünya SAKİT,












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.