“Mehman müəllim, Qarabağda nar əkən o erməni sanki kürəyimizə 115 MİN DƏFƏ NAR ÇUBUĞU VURDU...”

13-11-2018, 22:21           
“Artıq neçə illərdir ki, Moskva marketlərində “Made in Arsakh” brendi ilə nar şirələri satılır...”
“Mehman müəllim, Qarabağda nar əkən o erməni sanki kürəyimizə 115 MİN DƏFƏ NAR ÇUBUĞU VURDU...”
Daxili İşlər Nazirliyinin Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, əvvəllər peşəkar jurnalist olaraq DİN-in “Mübariz keşikdə” qəzetinin baş redaktoru işləmiş, istefada olan polkovnik Mehman Mehmanov redaksiyamıza telefon açaraq səhər saatlarında təqdim etdiyimiz “Bu cavan erməni aqronom Azərbaycan torpağında 115 min nar tingi əkdi” (http://www.moderator.az/news/247115.html) başlıqlı xəbərlə bağlı iradlarını bildirib.

Təcrübəli həmkarımız hesab edir ki, işğal altındakı torpaqlarımızda külli miqdarda nar tingi əkilməsi ilə bağlı bu xəbərə xüsusi şərh verilməli və erməninin doğma torpağımızda belə geniş miqyasda təsərrüfat işləri ilə məşğul olması faktının oxucularda kəskin bir emosiya, düşmənə nifrət doğurmasına nail olmaq gərək idi. Şərhsiz bu xəbər elə təsir bağışlayır ki, sanki bizlər erməninin Qarabağda nar əkməyini tərifləyirik. Hətta Mehman müəllim yarızarafat-yarıgerçək həmin yazının müəllifinə buna görə ərkyana bir sillə vurmaq istədiyini də söylədi...

Mehman müəllimin iradlarını qəbul edirik. Amma onu da xatırladırıq ki, biz artıq neçə illərdir ki, işğal altındakı torpaqlarımızda ermənilərin təsərrüfat, tikinti, təmir-tikinti, hərbi təlim və s. işləri ilə bağlı xəbərlər dərc edirik. Əlbəttə, burada məqsəd öncə oxucularımızı, Azərbaycan vətəndaşlarını, xüsusən torpaqların köklü sakinləri olan Qarabağ didərginlərini işğalçıların gördüyü işlər barədə məlumatlandırmaq, eyni zamanda onları, bütövlükdə xalqı nə qədər ki, torpaqlarımız işğal altındadır, daim ayaqda, tətikdə saxlamaqdır. Elə bu məqsədlə də çox zaman həmin xəbərlərə şərhlər də yazırıq. Daim imkanlılarımıza, iş adamlarımıza təlqin etməyə çalışırıq ki, o torpaqlarda biz yaşamalıyıq, o torpaqların yeraltı-yerüstü sərvətlərini biz istismar etməli, o yurdların qazancını Azərbaycan xalqı götürməlidir. Lakin o da var ki, söz təkrar deyildikcə dəyərdən düşür. Odur ki, bəzən bu səpkili xəbərlərə şərh yazmağı ehtiyac görmürük. Yaxud vaxt məhdudiyyəti buna imkan vermir. Deyir, arifə bir işarə kifayətdir. Bəzən başlıq hər şeyi deyir, oxucuda lazımı hisləri oyadır.

Məsələn, hərdən işğalçı Ermənistanın prezidenti, baş naziri və s. işğal altındakı torpaqlarımıza gələndə yazırıq:”Ermənistan prezidenti Azərbaycana gəldi...” Artıq bu başlıq torpağını sevən kəsi o saat yandırır ki, axı erməninin Azərbaycanda nə işi var. Elə Mehman müəllimin bəhs etdiyi xəbərdə də yazırıq ki, bu cavan erməni aqronom Azərbaycan torpağında, yəni torpağımızda(!) 115 min nar tingi əkdi. Torpağını sevən üçün artıq şərhə ehtiyac yoxdur. Amma yazmaq olardı ki, ermənilərin Qarabağda genişmiqyaslı təsərrüfat işləri görməsi də Azərbaycan üçün böyük təhlükədir. Onlar kənd təsərrüfatı məhsullarını, o cümlədən bizim torpaqların narını külli miqdarda yetişdirib dünya bazarına çıxara bilər. Və artıq, az olsa da, çıxarmağa başlayıb da. Moskva marketlərində “Made in Arsakh” brendi ilə nar şirələri, narşərablar və s. satılır. Bunu da dəfələrlə yazmışıq. Və s. və i.a. Bütün bunların da qarşısını almağın yeganə yolu bir xalq, dövlət kimi səfərbər olub torpaqlarımızı hərb yoluyla işğaldan azad etməkdir...

Mehman müəllimə yazılarımızı daim izlədiyinə və ərkyana ustad iradı bildirdiyinə görə təşəkkürümüzü yetirir və son olaraq vətənpərvər həmkarımızın ürəyini soyutmaq üçün deyirik:

“Mehman müəllim, Qarabağda nar əkən o erməni 115 min nar tingini torpağımızda əkməklə sanki hər bir Azərbaycan vətəndaşının,o cümlədən bizim kürəyimizə nar çubuğu ilə 115 min zərbə vurdu... Və artıq sizin bizə vurmaq istədiyiniz silləyə ehtiyac qalmadı... Bizi ayıltdınız. Və biz bildik ki, artıq o nar çubuqlarından qan damır... İşğalçı ermənilərin o torpaqlarda qanını töküb qovmasaq, biz yurdlarımıza sahib ola bilməyəcəyik – erməninin çubuğu da, dəyənəyi də, qamçısı da daimi bir təhdid kimi başımızın üzərində olacaq... Odur ki, hamı bir nəfər kimi “Qarabağ” deyərək ayağa qalxmalıdır...”

Sultan Laçın












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.