“Müxalifətin söyləmiş olduğu fikirlər konkret arqumentlərə söykənmir” - deputat

11-04-2019, 10:41           
“Müxalifətin söyləmiş olduğu fikirlər konkret arqumentlərə söykənmir” - deputat
Azərbaycanla Avropa İttifaqı arasında imzalanacaq saziş yekunlaşmaq üzrədir. Böyük ehtimalla gələn ay tərəflər sazişə imza atacaqlar. Proses sona çatmaq üzrə olsa da, hələ də sazişin mətni məlum deyil. Bu da ən müxtəlif mövqeləri ortaya çıxarır.

Ölkə müxalifətinin məsələyə münasibəti bir qədər fərqlidir. Doğrudur, əksər müxalif qüvvələr imzalanacaq sazişi dəstəkləyirlər. Amma bununla belə, müxalifət sazişdə insan haqları və demokratiya məsələsində məhdud halların ola biləcəyindən narahatlıq hissi keçirir. Hətta bəzi müxalif qurumlar bunlar sənəddə yer almazsa, sazişin qarşısının alınması üçün əllərindən gələni edəcəklərini bəyan edirlər.

Müsavat Partiyasının başqanı Arif Hacılı “Amerikanın Səsi”nə bildirib ki, sazişdə insan haqları, iqtisadi, mədəni əlaqələr, regional təhlükəsizlik və digər məsələlərin yer alacağı gözlənilir. Amma bununla belə, partiya başqanı müzakirələrin xalqdan qapalı keçirilməsini də dilə gətirir. A.Hacılı sazişin Avropa İttifaqı tərəfindən deyil, Azərbaycan tərəfdən hazırlandığını düşünür.

REAL Partiyasının sədri İlqar Məmmədov bunları düşünür: “Əlbəttə, biz hələ o sənədi görməmişik, lakin onun demokratik dəyərlərə xidmət baxımından yaxşı olacağına bir neçə əsaslı gümanımız var. Avropa Parlamenti ötən il qətnamə qəbul edərək birmənalı bəyan etdi ki, siyasi məhbuslar məsələsi çözülməyincə və digər demokratik irəliləyişlər təmin olunmayınca Avropa Komissiyasının imzalayacağı o sənədi qüvvəyə mindirməyəcəkdir. Bu tələb Avropa Komissiyası üçün vacib təkandır ki, Azərbaycan hakimiyyəti ilə danışıqlar zamanı həmin mövzuda prinsipial mövqedən çıxış etsin”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı hesab edir ki, müxalifətin bu cür yanaşmasının əsası yoxdur: “Məlum olduğu kimi, Avropa İttifaqı ilə Azərbaycan arasında uzun müddətdir ki, bu sazişlə bağlı işçi qrupları səviyyəsində məsləhətləşmələr aparılır. İşçi qrupu artıq sazişi tamamlamaq mərhələsindədir. Bu cür iddiaları əsassız hesab edirəm ki, sazişi Azərbaycan tərəfi işləyib, yaxud hazırlayıb. Azərbaycan tərəfinin bu sazişi işləməsində qəbahət axtarmağın özü əllaməlikdir. Ölkəmiz kifayət qədər imkanlara malikdir ki, Avropa İttifaqı səviyyəsində qəbul ediləcək sazişin müəllifi kimi çıxış edir. Bununla bərabər, düşünürəm ki, saziş Azərbaycan və Avropa İttifaqının birgə işçi qrupu tərəfindən hazırlanmış layihədir. Həmin saziş layihəsi ətrafında müzakirələr aparılır. Ortada konkret belə bir layihə var. Tərəflər bir-birinə arqumentlərlə öz fikirlərini əsaslandırıb qəbul etdirməyə səy göstərir. Beləliklə, ortaq variantlar tapılır, saziş imzalanır və qüvvəyə minir. Bu və buna bənzər beynəlxalq səviyyəli, həm də dövlətlərarası sazişlərin hamısında özünü ifadə edir. Ona görə mənə elə gəlir ki, artıq Avropa İttifaqı ilə Azərbaycan arasında bu sazişin imzalanması ilə bağlı işlər yekunlaşmaq üzrədir. Yaxın zaman kəsiyində biz belə bir sazişin imzalanmasının şahidi olacağıq. Burada insan haqları və demokratiya ilə bağlı məsələlərə gəlincə, deyə bilərəm ki, ilk növbədə, Azərbaycanın özünün tutduğu yol demokratiya yoludur. Azərbaycanın qanunverici aktlarında demokratiyaya xidmət edən bütün elementlər öz əksini tapıb.

Digər tərəfdən, söz və vicdan, sərbəst toplaşmaq azadlığı kimi vacib olan dəyərlərin Azərbaycanda qorunub saxlanılması üçün hüquqi normativ aktlar mövcuddur. Azərbaycan dövləti də cəmiyyətimizi anarxiyaya aparmayan, zorakılığa imkan verməyən addımlar atır. Ona görə də müxalifətin bəzi qanadlarının bu baxımdan narahatlıqları üçün əsas yoxdur. Nəzərə alaq ki, Avropa İttifaqı bizim kimi ölkələrlə bağlamış olduğu sazişlərdə Avropa dəyərlərinin həmin ölkələr tərəfindən nəzərə alınmasında və əməl olunmasında maraqlıdır. Azərbaycan Avropa məkanının tərkib hissələrindən biridir. Bir tərəfdən Azərbaycanın Avropaya inteqrasiya olunması üçün bütün səviyyələrdə bunun həyata keçirilməsi baxımından ”Yol xəritəsi"ni götürməsi və belə bir iradəni ortaya qoyması bir reallıqdır. Digər tərəfdən, Avropa İttifaqının özünün də bu dəyərlərə üstünlük verməsi qaçılmaz faktdır. Bu, səbəbdən düşünürəm ki, radikal müxalifətin söyləmiş olduğu fikirlər konkret arqumentlərə söykənmir. Bu sadəcə olaraq, güman edilən fikirlər ola bilər. Belə gümanların özünün də heç bir əsası yoxdur. Müxalifət də bu baxımdan söyləmiş olduqları fikirlərlə bu narahatlığı yaşamamalıdır. Yaxşı olar ki, müxalifət öz içərisində və aralarında olan problemləri həll etsin. Sivil, normal konstruktiv mövqe nümayiş etdirən, Azərbaycan dövlətçiliyinə xidmət edən, xalqımızın maraqlarını hər şeydən üstün tutan bir konsepsiya, hərəkət planına uyğun olan fəaliyyət qursunlar. Müxalifət olaraq da Azərbaycan xalqının və dövlətinin maraqlarına öz töhfələrini versinlər".
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.