Xamneyinin nümayəndəsi də Azərbaycana barmaq silkələdi: “Xəyanət... Müsibət... Dərd!”
30-09-2019, 12:52
“Həşdi-Şabinin liderlərindən Əbu Mehdi əl-Mühəndis elan etdi ki, bizim üzərimizə hücuma keçən 4 pilotsuz təyyarənin 4-ü də Azərbaycandan qalxıb. 4-nü də İsrail Azərbaycandan qalxızdı. Bu bizə o ki var müsibətdir. Bu bizə o ki var dərddir”.
Ovqat.com xəbər verir ki, İran dini lideri Seyid Əli Xamneyinin Ərdəbil üzrə nümayəndəsi Seyid Həsən Amili bildirib.
Həsən Amilinin səsini yayan İrana bağlı “Həqiqətin axtarışında” youtube kanalının iddasına görə, bu çıxış keçən ay səsləndirilib.
Guya, Həşdi-Şabinin Azərbaycana qarşı ittihamlarına aydınlıq gətirən rəsmi nümayəndə İsrail PUA-nın ölkəmizdən havalanmasına niyə müsibət kimi baxdıqlarını bu cür əsaslandırıb:
“Əvvəla, ona görə ki, bizim qonşu dövlətimiz İsraillə bu cür həmkarlıq edir. Gəlib öz məmləkətlərini, öz hava sahəsini İsrailin ixtiyarına verir. Bu, qan ağlamalı hadisədir. İkincisi budur ki, öz dindaşlarına xəyanət edir”.
Həsən Amilinin iddiasına görə, bənzər hadisə əvvəllər də yaşanıb. Deyib ki, qabaqlar da bir PUA Lənkərandan qalxıb İranın hava sahəsinə girib. İran da onun hara getdiyini aydınlaşdırmaq üçün təqib edib. Həmin pilotsuz təyyarə düz Nətənzə (İranın uran zənginləşdirən atom stansiyası burda yerləşir) qədər uçub. Məhz bundan sonra İran havadan müdafiə sistemləri hərəkətə keçərək onu vurub aşağı salıblar. İncələdikdən sonra PUA-nın İsrailə aid olduğu aydınlaşıb.
Qeyd edək ki, Xamneyinin nümayəndəsinin bu iddiaları 5 il əvvəl yayılmışdı. İran mətbuatının yazdığına görə, 2014-cü ilin avqustun 24-də vurulmuş həmin PUA İsrail istehsalı olan "Hermes 450" tipli kəşfiyyat aparatı imiş. İran hərbçilərinin iddialarında pilotsuz kəşfiyyat təyyarəsinin uran zənginləşdirən atom müəssisəsinin yerləşdiyi Nətənz bölgəsini görməyə cəhd etdiyi vurğulanırdı.
Həsən Amili sözügedən çıxışında İran dövlətinin o vaxt bu hadisəyə səssiz qalmasından təəssüflənərək deyib:
“O vaxt bizim dövlətimiz sakit qaldı. Bu xəyanətin qabağında dinmədi. Belə məlum olur ki, bizim bu mövqeyimiz düz deyilmiş... Biz Azərbaycan dövlətindən soruşuruq: - Sən bir belə ABŞ-a, İsrailə xidmət edirsən, bəs onlar niyə Qarabağda bir zərrə kömək eləmirlər? Amerika iradə ortaya qoysa, Qarabağ iki dəqiqəyə sənin əlində olar. Sionist rejim Amerikanı əlində oynadır, sənin torpağını ala bilmir?”
İran rəsmisi bu sözləri deyərkən, nədənsə, rəsmi Tehranın da ermənilərin yanında olduğunu unudur. Unudur ki, Azərbaycanın ərazi bütövlüyünə münasibətdə İran da bəyənmədiyi sionist rejimlə, ABŞ-la, Rusiya ilə eyni cizgidədir, buna görə də dost və qardaş ölkə olan Azərbaycanı özündən uzaqlaşdırır, onu arzulamadığı başqa dövlətlərlə müttəfiqliyə vadar edir. Bu baxımdan özgə gözdə tük axtarmaqdansa, öz gözündə tiri görmək daha doğru olardı.
Bunlar öz yerində. İndisə gələk, İran rəsmilərinin əllərində dəstəvuz etdikləri PUA hadisəsinə.
5 ildir eyni sözləri təkrarlamaqdan yorulmayan İran rəsmilərinə xatırlatmaq istərdik ki, bu iddia ortaya atılan vaxt Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən dərhal təkzib edilmiş və iki dost dövlət arasında münasibətləri pozmağa yönəlmiş təxribat kimi qiymətləndirilmişdi. Təkzib bəyanatında deyilirdi:
“Bu tipli pilotsuz uçuş aparatları Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin silahlanmasında yoxdur. Bu təxribat xarakterli informasiyanı təkzib edir və bildiririk ki, yayılan məlumatları yaxın qonşularla münasibətlərin korlanmasına cəhd kimi qiymətləndiririk".
Maraqlıdır ki, İsrail tərəfi də bu məsələ ilə əlaqədar münasibət bildirmiş və həmin tip təyyarələrin İsraildə istehsal edilsə də, Azərbaycan, Gürcüstan və Qazaxıstan kimi ölkələrin Silahlı Qüvvələrinin hərbi balansında bulunduğunu vurğulamışdı. Bir növ, öz məsuliyyətini Azərbaycana yükləyərək, rəsmi Tehranın iddialarına haqq qazandırmışdı. Beləliklə də iki qonşu dövləti üz-üzə qoymaq məqsədi güdmüşdü. Eynilə Azərbaycan Müdafiə Nazirliyinin açıqladığı kimi, “yayılan məlumatlarla yaxın qonşular arasındakı münasibətlərin korlanmasına cəhd” göstərmişdi.
Sual olunur: İsraillə məcburi yaxın münasibətlərinə rəğmən, Azərbaycan rəsmiləri hadisədə barmaqlarının olmadığını bundan artıq necə etiraf etməliydi? Axı, istənilən ölkənin xüsusi xidmət orqanı istədikləri ərazidən PUA havalandırmaq gücünə malikdir. Necə ki, İranın iddialarına görə, Husilər də İraq ərazisindən Səudiyyə Ərəbistanının 2 neft zavodunu vurmaq üçün bir neçə PUA-nı səmaya qaldırmışdılar. Bundan İraqın rəsmi ordusunun bir parçası olan Həşdi-Şabinin, Bağdad hökumətinin, İranın xəbəri var idimi? Husilərin kiçik və nizamsız müdafiə batalyonlarından təşəkkül tapdığını nəzərə alsaq, onu MOSSAD-la müqayisə etmək belə mümkün deyil. Elədirsə, İsrailə aid PUA-dan Azərbaycan niyə məsul tutulmalıdır?
2014-cü ildə baş verən həmin hadisənin kiçik analizi İsrailin hansı məqsədlə bu təxribatı reallaşdırdığına yetərincə aydınlıq gətirir. Belə ki, İsfahanla Lənkəran arasında hava məsafəsi 724 km-dir. Bu, bir kəşfiyyat təyyarəsinin öz missiyasını başa çatdırmaq üçün xeyli uzun məsafədir. Sərhədlərdə ciddi nəzarət sisteminin qurulduğunu hesaba qatsaq, hər hansı PUA-nin bu uzun məsafənin qət etdiyi zaman radara yaxalanmamaq ehtimalı azdır. Deməli, İsrailin Nətənz atom stansiyasına yalnız kəşfiyyat üçün yox, həm də İranla Azərbaycanı qarşı-qarşıya gətirmək məqsədilə bu təxribata getməsi ehtimalı da istisna edilmAmilidir. Başqa sözlə desək, Təl-əviv bəlkə də “tutsa qatıq, tutmasa ayran” məntiqilə bu addımı atıb.
Əgər Həşdi-Şabi təxribatı da həqiqətdirsə, bu, yuxarıda irəli sürdüyümüz ehtimalı daha da qüvvətləndirir. Çünki Həşdi-Şabinin PUA hücumlarına məruz qaldığı iddia olunan silah anbarları İraqın cənubunda yerləşir. Azərbaycandan oraya PUA həmləsi təşkil etmək üçün həm İran, həm də Şimali İraq ərazisi aşılmalıdır. Bu da radara yaxalanma ehtimalını xeyli dərəcədə artırır. Halbuki, Təl-əvivin bu məqsədi həyata keçirmək üçün daha rahat alternativləri var. Bunlardan biri də İsraildən havalanan PUA-ların Səudiyyə Ərəbistanından keçərək İraq ərazisinə daxil olmasıdır. Elədirsə, asan yolu qoyub daha çətin yola baş vurulması anlaşılan deyil. Maraqlıdır ki, bu məqam ali dini rəhbərin nümayəndəsinin də diqqətindən yayınmayıb. Həsən Amili məlum çıxışında deyir:
“Əcaib olan budur ki, Türkiyənin İncirlik bazası ABŞ-ın, İsrailin əlindədir. Ordan Suriyaya həmlə elədilər. Ordan 0İraqa, Bağdada həmlə elədilər. İsrail bu dəfə də ordan faydalana bilərdi. Amma Həşdi-Şabiyə həmləni ordan eləmir, gəlib Azərbaycandan edir”.
Xamneyinin nümayəndəsi bu müəmmanın səbəbini anlamırsa, bizim deyəcəyimiz söz yoxdur. Hər şey bu qədər ortadaykən, İranın və Həşdi-Şabinin Azərbaycanı günahlandırması özlərinin İsrailin tələsinə düşdüyündən xəbər verir. Nədən ki, İsraili də elə İranın nüvə gücündən çox, qardaş ölkələrlə düşmən olması daha çox maraqlandırır. İran rəsmiləri isə bunun fərqində olmadan ona-buna barmaq silkələyirlər.
Bu durum məşhur bir rəvayəti yada salır. Rəvayətə görə, bir gün İran kimi özünü qəhrəman bilən bir adam İblisə qarşı müharibə elan edir. Silah-sursatını götürüb düşmən axtarışına çıxır. Bələdçilərdən xəbər ala-ala bir vadiyə gəlir. Görür ki, bədheybət biri boğazlarına qızıldan zəngir vurduğu yüzlərlə adamı axrasınca sürüyür. Onun qabağına çıxıb kim olduğunu, bu adamları hara apardığını soruşur. Bədheybət cavab vermədən yoluna davam edir. Qəhrəman da bu insan karvanının arxasınca düşüb hər dəfə də eyni sualı təkrarlayır:
-Kimsən, bunları hara aparırsan?
Bu minvalla bedheybət, cəhənnəm qapısının ağzında dayanır. Adam bir də eyni sualı soruşanda cavab verir:
-İblisəm, bunlar da mənim qurbanlarımdır. Boğazlarına qızıl zəncir salıb cəhənnəmə aparıram. Budur, artıq mənzilimizə gəlib çatdıq.
Özündən müştəbeh qəhrəman böbürlənə-böbürlənə deyir:
-Elə kişisənsə, gəl, mənim də boğazıma zəncir vur!
İblis gülərək cavab verir:
-Sənin boğazına zəncir vurmağa nə ehtiyac var? Özün öz ayağınla dalımca sürünürsən, də.
İranın indiki vəziyyəti həmin zavallı adamı xatırladır. Çünki İsraili “kiçik şeytan” adlandıran da özüdür, onun təxribatına uyub regiondakı ən yaxın potensial müttəfiqi olan Azərbaycana barmaq silkələyən də. Üstəlik, “kiçik şeytan”ın uşağına hər cür maddi mənəvi dəstək verib ən yaxın potensial müttəfiqini düşmənə çevirən də başqası deyil.
Heydər Oğuz
Ovqat.com