PA rəsmisindən icra hakimiyyətlərinə xəbərdarlıq
15-02-2016, 16:29
Prezident yanında Apelyasiya Şurasına son bir neçə gün ərzində ayrı-ayrı orqanların qəbul etdiyi qərarlardan müxtəlif məzmunda xeyli şikayət daxil olub və onların sayı günbəgün artmaqdadır.
Dia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Apelyasiya Şurasının sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev Azərtac-a müsahibəsində deyib.
O, şikayətlərin sayının azaldılması və lüzumsuz artmasının qarşısının alınması üçün yerli və mərkəzi icra hakimiyyətlərini zəruri tədbirlər görməyə çağırıb:
“Qanunvericiliyin tələbinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən bütün hüquqi və fiziki şəxslər özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qəbul etdiyi qərarından, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalara dair müraciətlər istisna olmaqla) tam və ya qismən narazı olduqları halda müvafiq Apelyasiya şuralarına təkrar şikayət edə bilərlər.
Prezident yanında Apelyasiya Şurasına isə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apelyasiya şuralarının qəbul etdiyi qərarından, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən narazı olan sahibkarlar qanunvericiliyin tələblərinə əməl etməklə şikayət verə bilərlər. Bir vacib məsələni təkrar vurğulamaq istəyirəm, şikayətlərin verilməsi və baxılması qanunvericiliyin tələbləri ciddi gözlənilməklə həyata keçirilməlidir.
Həqiqətən də Prezident yanında Apelyasiya Şurasına son bir neçə gün ərzində ayrı-ayrı orqanların qəbul etdiyi qərarlardan müxtəlif məzmunda xeyli şikayət daxil olub və onların sayı günbəgün artmaqdadır. Proqnozlara əsasən artım dinamikası bundan sonra da davam edəcək.
Şikayətlərin sayının azaldılması və lüzumsuz artmasının qarşısının alınması üçün ilk növbədə yerli və mərkəzi icra hakimiyyətləri zəruri tədbirlər görməli, sahibkarların müraciətlərinə məsuliyyətlə yanaşmalı, şikayətlərinə vaxtında və düzgün baxmalı, qanuni tələb və xahişləri təmin etməli, bürokratik amilləri, süründürməçilik hallarını, nöqsan və çatışmazlıqları aradan qaldırmalıdırlar. Sahibkarlar da şikayət verilməsinə məsuliyyətlə yanaşmalı, hüquq və vəzifələrini yaxşı bilməli, qanunvericiliyin müddəalarına ciddi əməl etməli, əsassız iddialar irəli sürməməli, lüzumsuz şikayətlər verməkdən çəkinməlidirlər.
Eyni zamanda, Apelyasiya şuraları sahibkarların şikayətlərinə vaxtında, obyektiv baxmalı, qanuni qərarlar qəbul etməlidirlər.
Hazırda Şuraya daxil olan şikayətlərin təhlili göstərir ki, sahibkarlar qanunvericiliyin müddəalarını kifayət qədər düzgün təfsir etmir, icrası zəruri olan tələbləri, prosedur qaydaları pozurlar. Bu hal son nəticədə şikayətlərə baxılmasından imtinaya, baxılmamış saxlanmasına, mübahisənin həllini tapmamasına, şikayətin aidiyyəti üzrə göndərilməsinə, onların sayının süni artmasına gətirib çıxarır, vaxt itkisinə, əlavə iş yükünə, məsrəflərə səbəb olur.
Əvvəla onu deyim ki, Apelyasiya şuralarına şikayətləri yalnız sahibkarlar, onların qanuni nümayəndələri verə bilərlər və bu şikayətlər yalnız sahibkarlıq fəaliyyəti ilə, eləcə də onların özlərinə aid sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. Göründüyü kimi, bütün hallarda bu üç şərt gözlənilməlidir. Bundan əlavə, sahibkarlar şikayətin verilməsinin prosedur qaydalarına, şikayətin forma və məzmununa, digər tələblərə əməl etməlidirlər. Əks təqdirdə, qanunvericiliyə müvafiq olaraq, onların şikayətlərini həll etmək imkan xaricində olacaq”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə Apelyasiya Şuraları yaradılıb və onların Əsasnaməsi təsdiq edilib.