Putin və Si - yeni ŞƏR OXU: Rusiya və Çin Qərbin gücünü darmadağın etmək istəyirlər... - ŞƏRH

6-02-2022, 15:42           
Putin və Si - yeni ŞƏR OXU:
Rusiya prezidenti Vladimir Putinin Çin lideri Si Tszinpinlə danışıqlar aparmaq üçün Pekinə səfəri yeni “şər oxu”nun Qərb dəyərlərinə yaratdığı təhlükənin ciddiliyinə dəlalət edir.

Moderator.az bildirir ki, bu barədə “Daily Mail” nəşrinin müxbiri Mark Almond xəbərdarlıq edir. Jurnalistin fikrincə, Rusiya və Çin birgə qlobal təhlükəsizliyin əsaslarını sarsıtmaq və planetin geosiyasi xəritəsini yenidən cızmaq niyyətindədir.

Cümə günü Pekində Qış Olimpiya Oyunlarının açılışı Çin və Rusiya qüvvələrini birləşdirdi. Bununla belə, Mark Almondun fikrincə, onların məqsədi körlinq və ya hokkeydə qızıl qazanmaq deyil, Qərbin 1945-ci ildən bəri formalaşdırdığı beynəlxalq nizamı “birdəfəlik məhv etməkdir”.

Almondun qeyd etdiyi kimi, İkinci dünya müharibəsinin sonunda İngiltərə, ABŞ və SSRİ əsas “mərkəzi ox” dövlətləri sayılan Almaniya, İtaliya və Yaponiyanı məğlub etdilər. Yarım əsr sonra, 11 sentyabr teraktlarından sonra ABŞ prezidenti Corc Buş yeni “şər oxu”nu təsvir etdi: İran, İraq və Şimali Koreyanı bütün dünyada terrorizmə sponsorluq etməkdə ittiham etdi.

İndi isə yeni “şər oxu” qlobal təhlükəsizliyin əsaslarını sarsıtmaq və planetin geosiyasi xəritəsini yenidən cızmaq təhlükəsi yaradır. Rusiya və Çin liderləri Vladimir Putin və Si Tszinpin müharibə zamanı nasist Almaniyası ilə imperator Yaponiyası arasında koordinasiya olmaması səbəbindən uğursuzluğa düçar olan Qərb hegemonluğuna əvvəlki çağırışlardakı səhvləri təkrar etməyəcəklər.

Putin və Si Tszinpin Pekində görüşərək “diqqətlə hazırlanmış rejissor işi və dahiyanə tamaşa” nümayiş etdiriblər. Danışıqlar zamanı liderlər ölkələri arasındakı əlaqələri yüksək qiymətləndirdi, həmçinin Qərb dövlətlərinin onların işlərinə qarışmasını tənqid etdilər. Məsələn, Pekin Vaşinqtonu Honq-Konqda etirazları qızışdırmaqda və Tayvanın müstəqilliyini dəstəkləməkdə, Moskva isə Ukraynada sabitliyi pozmaqda ittiham etdi.

Müxbir G20 və COP26 sammitlərinə qatılmayan və nadir halda xaricə səfər edən Putinin Si Tszinpinlə 38-ci dəfə görüşməsini Rusiya və Çin danışıqları üçün əhəmiyyətli əlamət hesab edir.

Moskva və Pekinin tezliklə 15-ə yaxın sövdələşmə imzalayacağı gözlənilir, bura o cümlədən ticarət sazişləri, Ayı birgə araşdırmaq planları və nəhayət, Qərbin Rusiyanın Ukraynaya müdaxiləsi halında tətbiq etməklə hədələdiyi “birtərəfli sanksiyaların mənfi təsirini” zərərsizləşdirmək də daxildir. Səma İmperiyası NATO-nun mümkün genişlənməsi ilə bağlı Qərb dünyası ilə fikir ayrılığında olan Rusiyanı dəstəklədiyini açıq şəkildə bildirir.

Almondun fikrincə, Qərb ölkələrinə təhlükə yaratmaq üçün tərəflərin rəsmi hərbi ittifaq yaratmasına ehtiyac yoxdur. Moskva və Pekinin razılaşdığı bütün sövdələşmələr, eləcə də gözlənilən sazişlər iki dövlətin “getdikcə daha sıx birliyinin” möhkəmlənməsinə töhfə verir. 2021-ci ildə Çin və Rusiya təxminən 150 milyard dollar dəyərində olan mehriban qonşuluq, dostluq və əməkdaşlıq haqqında 20 illik Müqaviləsini yeniləyərək, münasibətlərinin tarixdə "ən yüksək səviyyəyə" çatdığını qeyd ediblər.

1930-cu illərin "oxu" və ya əsrin əvvəllərindəki "şər oxu”ndan fərqli olaraq, Rusiya və Çin bir sıra sahələrdə dərin və sıx tərəfdaşlıq yaratmaq üçün illər sərf ediblər. BMT Təhlükəsizlik Şurasında sıx əməkdaşlıqdan tutmuş birgə hərbi manevrlərə qədər Moskva və Pekin “getdikcə daha çox tandem halında işləyirlər”. Jurnalist bildirir ki, Vladimir Putin və Si Tszinpinin üstünlüyü ondan ibarətdir ki, siyasi gələcəkləri üçün narahat olan Qərb siyasətçilərindən fərqli olaraq, onlar gələcək onilliklər üçün sərbəst planlar qura bilirlər.

Almond hesab edir ki, Rusiya və Çin liderləri "demokratiya, insan haqları və fərdi azadlıqlara olan baxışlarinda eyni fikri bölüşürlər" və onların ambisiyaları "bir-birini tamamlayır". Xüsusilə, Kreml Ukraynanı NATO üzvlüyündən imtina etməyə məcbur etməyə, həmçinin Vaşinqtonu Kiyevin bloka üzvlüyündən imtina etməyə məcbur etməklə Şimali Atlantika alyansını zəiflətməyə çalışır ki, bu da Tayvanla bağlı vəziyyətdə Pekinə əl verir.

Eyni şey iqtisadiyyata da aiddir: ölkələr dəniz ticarət yollarının əksəriyyətini Mərkəzi Asiyadan keçən quru yollara yönləndirmək üçün planlar hazırlayırlar; onlar Yeni İpək Yolundan keçməlidirlər. Bundan əlavə, Qərb ölkələrində siyasətə təsir göstərməklə ictimai rəyi formalaşdırmağa çalışan bu ölkələr getdikcə təbliğata daha çox əl atırlar.

“Qərb dəyərləri avtoritar dəyərlərdən “daha ​​yaxşı” olduğuna görə bu barışmaz mübarizədə mütləq qalib gələcəyimizə inanmaq çox sadəlövhlük olardı”, - deyə müxbir yazır.

Belə ki, 1930-cu illərdə “ox”u sakitləşdirmək cəhdi az qala Qərb sivilizasiyasının dağılmasına gətirib çıxardı. Putin və Si Tszinpini Adolf Hitlerlə müqayisə etmək düzgün olmasa da, onlar strateji düşünürlər və qərb həyat tərzini sarsıtmaq üçün böyük resurslarını birləşdirirlər. Almond xəbərdarlıq edir ki, müasir “şər oxu”nun Qərbə qarşı çağırışı Avropa və ABŞ-ın ötən əsrdə üzləşdiyi problemə bənzəyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.