"Anlamıram, ölkədən çıxarılan milyonlarınmı davasını aparırlar, nədir "mətbuat proletarlarını" birləşdirən?"

7-02-2022, 08:00           
"Anlamıram, ölkədən çıxarılan milyonlarınmı davasını aparırlar, nədir "mətbuat proletarlarını" birləşdirən?"
"İndi Cavanşir Feyziyevin 15 milyonu haqqında xorla oxuyanlara təəccüb edirəm. Anlamıram, ölkədən çıxarılan milyonlarınmı davasını aparırlar, nədir "mətbuat proletarlarını" birləşdirən?
Feyziyevə əlcək atmaq niyyətindən uzağam, amma ölkədən böyük pullar çıxaran təkcə odurmu? Guya heç kim bilmirmi ki, Kəmaləddin Heydərovun uşaqları Palma adalarında 33 milyona 9 dəbdəbəli mülk alıb, Cahangir Əsgərovun qızları Londona Feyziyevlərin çıxardığından ən azı 5 qat artıq vəsait daşıyıb, hansı ki, AZAL hər il dövlətdən milyonlarla subsidiya alır."
Teref.az xəbər verir ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır. Daha sonra jurnalist yazır:
"Bir keçmiş nazirin vaxtilə narkotik asılılıqdan müalicə almış oğlunun Almaniyada 11 milyon avro dəyərində daşınmaz əmlak sahibi olmasının sanki Azərbaycana aidiyyəti yoxdur. Yaqub Eyyubovun Britaniyada vətəndaşlığı almış oğlunun Londondakı pulları Cavanşir Feyziyevin ailəsinin hesabındakı vəsaitdən 1 milyon funt çoxdur. Hətta Talıbovların Naxçıvan Ali Məclisində oturan meneceri belə Britaniyaya bundan artığını çıxarıb, 25 milyon funt sterlinqlik bina tikdirir.
Saxta dərman ittihamlarına gəlincə, Milli Məclisdə Feyziyevdən başqa iki dərman monopolisti, sözün birbaşa mənasında dərman alverçisi var var. Azeri MED və Loğman FARM-ın sahibləri.
Birdirmi, ikidirmi, iyirmi ikidirmi, saymaqla qurtaran deyil. Əldən qopan Londona, Çexiyaya, ABŞ-a, İsveçrəyə, Almaniyaya, dünyanın dörd tərəfinə qaçır. Kimi varlıqdan, kimi darlıqdan.
İndi Feyziyev deyir, 15 milyon halal puludur. O birilərin də xirtdəyindən tutun, eyni havanı oxuyacaqlar. Amma mən yenə şübhə edəcəm. Hər kəs şübhə edəcək. Hətta milyonları deyil, bir neçə yüz minini, bir bitini belə kimsə gerçəkdən qanuni yollarla qazanmış olsa belə. Niyə? Çünki şəffaflıq yoxdur, illərdir ölkədə maliyyə amnistiyası və gəlir deklarasiyasının tətbiq olunmaması hələ çox "çibanlar" yetişdirəcək. Qaranlıq "uğur hekayələri" uyduranlar "uğursuzlar"ın dördgözlə obyektində olacaqlar.
Sözardı: Artıq öz yazdıqlarım belə özümə boş və mənasız görünür, bəzən itirilən vaxtıma heyfim gəlir.
Cavanşir Həsənli "
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.