Bakıda FETÖ üslubu ilə işləyən gizli əl…

7-02-2022, 10:42           
Bakıda FETÖ üslubu ilə işləyən gizli əl…
Müxtəlif ölkələrdə müxtəlif elmlər akademiyaları var. Bizdəki Elmlər Akademiyası sovetin kiril əlifbasında qalıb. Müasir Elmlər Akademiyası modelinə keçmək zamanıdır: 4-cü Sənaye İnqilabı, rəqəmsal bu gün, planetar düşüncə makina akademiyasını, pijamalı yaşlıların suqaynadanlarda çaydan dəmləmə şəkərlərini boş vaxtlarında elm məzmununa yaxın qeybətlə doldurma hobbilərini rədd edir.

Elm inzibati məmurçuluq deyil. Saat 6-dan 9-a qədər kabinetdə oturub elm yaratmırlar. Əsl elmlə insan göydə də, yerdə də, suda da, çəkisizlikdə də məşğul ola bilir. Elm inzibati amirlik yox, sərbəst doktrinadır. Entuziazmla, sərbəst mühitlə, azad şəraitlə bağlı məsələdir. Yəni sən Elmlər Akademiyasındasan deyə, elmli olmursan.

Məsələn, Amerika Birləşmiş Ştatlarında Elmlər Akademiyası bizim anlayışımızdakı kimi yoxdur! Orda Akademiyanın funksional səlahiyyətləri yoxdur.

Elmlər Akademiyasını Helmlər Akademiyası olmaqdan çıxarmaq lazımdır! Helmi elmə, iftiranı ixtiraya dəyişmək vaxtıdır. Xüsusilə sosial şəbəkələrin ümumtəfəkkür həcmini cılızlaşdırdığı, insanları məişətləşdirdiyi bir zamanda geniş nəfəsli, dərin düşüncəli, sanballı zəka mühitinə ciddi ehtiyac var. Media olaraq bizim də borcumuz, əsas vəzifəmiz qlobal mövzulara, Azərbaycan dövlətinin prioritetlərinə layiq şəkildə reaksiya verməkdir. Yoxsa kənardan elə görünür ki, ortada sanki bir gizli, gözəgörünməz əl var. Şeytan barmağı var. Ən möhtəşəm hadisələrin baş verdiyi bir zamanda kimsə Prezidentin qələbəsinin üzərindən xətt çəkmək istəyir. Bu qaralama cəhdi isə ilk növbədə tarixi qələbəmizə kölgə salır.

İkincisi, bu qələbənin qazanılmasında Prezidentin əsgəri olmuş insanların fəaliyyətinə kölgə salır. Məsələn, kimsə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Kərim Vəliyevə çamur atır, bir başqası Hikmət Mirzəyevə çamur atır, kimsə Mais Barxudarovu qaralayır. Çamurçular gah Daxili İşlər Nazirliyini, gah Dövlət Təhlükəsizlik Xidmətini, gah Dövlət Sərhəd Xidmətini hədəfə alır. Daha sonra keçirlər mülki strukturlara - Mikayıl Cabbarova, Sahil Babayevə, Emin Əmrullayevə...

Siyahı hər gün bir az da genişlənir. Maraqlıdır: FETO üslubunda işləyən bu gizli əl kimdir? Kimdir qələbəmizə bu kiri, çirkabı atan barmaqların biləyi? Kimindir Prezidentin yeni islahat proqramına, meritokratiya adlandırılan yeni strategiyasına çamur atmaq siyasətini yürüdən gizli əl? İçimizdə, yoxsa xaricdədi?

Bu lənətə gəlmiş əli harda axtaraq? Ayıq-sayıq olmalıyıq. Ortada mütəşəkkil bir iş var sanki. Odabaşı, sən kimsən?












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.