Müharibədən sonra iqtidarın reytinqi niyə düşüb? - hakimiyyətdən şok referendum hazırlığı...

7-02-2022, 12:15           
Müharibədən sonra iqtidarın reytinqi niyə düşüb? -
İqtidar müharibədən sonra da xalqın sevgisini qazanmağa müvəffəq olmadı. Hakimiyyət texnoloqları hesablayırdılar ki, Ordunun hərb meydanında tarixi zəfərinin meyvələrini yeyəcəklər. Məntiqlə qalibiyyətdən sonra xalqın gözündə yüksəlməli olan hökumət və onun qolları yerdən-yerə düşməkdədir. Bu da bərbad idarəçiliyin nəticələridir - istər icraedici, istərsə qanunverici hakimiyyət olsun...
Mərkəzdən verilən təlimatlarla xalqın əleyhinə olan qərarları qəbul edən, cərimələri günbəgün artıran qanunverici orqan heç bir zaman millətin gözündə ucala bilməzdi. Eləcə də icraedici hakimiyyət özünə münasibəti dəyişə bilmir. Hər şeyi dəyişir - Mehdiyev klanı süqut etməkdədir, köhnə qvardiyanın böyük çoxluğu yola salınıb, gənclərdən ibarət komanda formalaşmaqdadır, amma yenə ictimai rəy dəyişmir.
Hakimiyyət yetkililəri bunun səbəbləri haqda baş sındırmaq yerinə cəza mexanizmini sərtləşdirir, cərimə dövləti yaradır. Xalq müharibədən sonra firavanlığa ümid edirdi, amma artan bahalaşma yoxsulluğu dərinləşdirir, heç Qarabağ zəfəri də yada düşmür.
Paşinyan uduzmuş erməni ordusunun düşdüyü vəziyyətə baxmayaraq, seçkiyə gedib qalib gəldi. Azərbaycanda isə qələbədən sonra gözləntilər varıydı ki, xalq hökuməti əlində gəzdirə, necə deyərlər, başına dolana bilər. Ancaq indi bir demokratik parlament seçkisi keçirilsin, YAP-ın namizədlərinin 90 faizi məğlub olar. Niyə? Nə üçün hakim partiyanın iqtidarda olduğu dövrdə torpaqların əhəmiyyətli hissəsinin azad edilməsinə baxmayaraq, ictimai rəydə müsbət xal qazana bilmirlər?
İqtidarın ən yüksək mənsubları bu göstəriciləri analiz etməmiş olmazlar. İdeoloqlar da şahiddirlər ki, tərsi baş verib, qələbəyə rəğmən xalq hakimiyyətdən torpaqların işğalda olduğu dövrdəki qədər narazıdır. Anaxeber.info-nun məlumatına görə, bu səbəbdən hakimiyyət ciddi islahatlara hazırlaşır. Bura seçki sisteminə dəyişiklik, referendum keçirilməsi, konstitutsiyaya dəyişikliklə proporsional seçki sisteminin bərpası və deputat yerlərinin sayının artırılması daxildir. Çünki Milli Məclisin sonuncu tərkibi də iqtidarı qane etmədi. Əvvəla, parlamentdə Ramiz Mehdiyevin şinelindən çıxmış kifayət qədər deputat var, onların sayının minimuma endirilməsi plandadır.
İkincisi, Hadı Rəcəbli, Hüseynbala Mirələmov kimilərin yoxluğu böyük fərq yaratmadı, yenə də MM-də millətin əsəbləri ilə oynayanlar var. Üçüncüsü, parlament get-gedə daha biət edən, ram olunmuş təsir bağışlayır. Hakimiyyətin siyasətinə təsir mexanizmi yoxdur. Ona görə bu palitra iqtidarı razı salmır.
Eyni zamanda, deputat adı gələndə millət qıcıqlanır. Kimisi varlanıb, milyonçudur, məsələn, İqbal Məmmədovun 10 milyon vergi borcu olduğu üzə çıxıb, kimisi mərhum Rafael Cəbrayılov kimi vətəndaşlara kələk gəlmiş adam idi, kimisi Eldəniz Səlimov kimi müştəbehdir, polis döydüyü üçün həbsə gedir. Belə parlament xalqın rəğbətini qazana bilərmi?
Həmçinin gənc deputatlar da uğursuz və dişsizdirlər. Nigar Arpadarainin hansı çıxışı yadda qalıb? Ramil Həsən uşaq qaçırılması işi ilə gündəmə gəlib. Naqif Həmzəyev bu günlərdə sosial şəbəkələri tənzimləmək təklifi irəli sürən bir deputat kimi söyülür. Yəni xalqın əleyhinə olan bütün təklif və ideyalar Milli Məclisdən gəlir. Əgər bu, millətin tribunasıdırsa, sən də onun vəkilisənsə, əhalinin mənafeyinə uyğun mövqedə dayanmalısan. Amma bizdə vətəndaşın cərimlənməsi, rüsumların artırılması və digər cəza qanunlarına deputatlar səs verirlər və özlərini hökumətin çömçəsi kimi aparırlar.
Habelə, iqtidar-müxalifət dialoqu da artıq effekt vermir, metod dəyişməlidir, ictimai rəyə təsiri olmayan partiyaların sədrləri ilə görüşlər məna kəsb etmir. Bütün bunları gözdən keçirən iqtidar referenduma getmək, deputat sayını 172-yə qaldırmaq, müxalifətə yerləri artırmaq, proporsional sistemi qaytarmaq fikrindədir. Xüsusən üç səbəb siyasi islahatları zəruri edib: Vətən müharibəsindən sonra hakimiyyətin getdikcə reytiqinin aşağı düşməsi, Milli Məclisin özünü doğrultmaması və ictimai rəyi dəyişdirmək...
Əlbəttə, hakimiyyət siyasi iradə nümayiş etdirə, daha geniş açılımlara gedə bilmir. Bunu ciddi risk sayır və tərəddüd edir ki, mövqeləri yumşala bilər. İqtidar sərt, zəhimli görünməyə çalışır. Ancaq bu qəddarlıq, cərimə siyasəti, əhalinin güzəranının pisləşməsi, korrupsiya və təbəqələşmə, pensiyaların kəsilməsi, qazi və şəhid ailələrinin məmurlardan narazı salınması heç də hökumətə başucalığı gətirmir. Məhz bu səbəblər ucbatından 44 günlük savaşda qələbə hakimiyyətin daxili siyasətini kompensasiya etmir. Xalq düşünür ki, qalib ordunun, qalib ölkənin vətəndaşı da qalib kimi yaşamalı, iqtidarından razı qalmalıdır. Amma qalib ölkənin milyonçu məmurları, biznesmen millət vəkilləri kef-damaqda, insanlar isə zillət içindədir.
Bax, hökumət bu problemlərə və səbəblərə diri gözlə baxmalı, nəticələr çıxarmalıdır. Əks təqdirdə, Xankəndində də üçrəngli bayrağımız ucalsa, yenə millət hakimiyyətdən narazılıq edəcək. Çünki qələbə vacibdirsə, onu qoruyub saxlamaq daha vacibdir. Artıq eyforiyası getdikcə azalan zəfərin yerini şikayət, qazilərin etirazları, ehtiyatda olan hərbçilərin giley-güzarı, aztəminatlı ailələrin ağır şəraiti, bahalaşmanın, artan kommunal xərclərin çətinlikləri doldurmağa başlayıb. Bu mənada referenduma gedilməklə, siyasi arsenalda müəyyən dəyişikliklərlə vaxt udmaq, gərginliyi azaltmaq olar. Ən azından millətin dərdini deyəcək bir neçə deputatın parlamentdə olması lazımdır.
Anaxeber.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.