Cavanşir Feyziyevin təhqirlərində etiraflar - Siyasi korafəhmliyin fəsadı

7-02-2022, 16:14           
Cavanşir Feyziyevin təhqirlərində etiraflar - Siyasi korafəhmliyin fəsadı
Deputat Cavanşir Feyziyevin ötən gün media mənsublarını təhqir edən böyük “ürək” yazısındakı bəzi məqamlar hələ də diqqət cəlb etməyib və görünür, bunun səbəbi var. Çünki Feyziyev media mənsublarını təhqir etməklə “ağırlığı” bu istiqamətdə çəkmişdi.

Halbuki bu “məşhur” yazısında Feyziyev həddən artıq ciddi bir etiraflarda bulunub:

1. O, ilk dəfə olaraq xanımı, oğlu və qardaşı oğlunun adına olan vəsaitlərin məhz özünə məxsus olduğunu, özünün qurduğu bizneslə qazandığını etiraf etdi.

Beləliklə, suallar yaranır:

a) O vəsaitləri niyə oğlunun, qardaşı oğlunun və xanımının adına yerləşdirmisən? Nədən qorxurdun, niyə öz adında deyil həmin vəsaitlər?
b) O vəsaitlər neçənci ildə ölkədən çıxarılıb və niyə?

2. Cavanşir Feyziyev dünənə qədər Britaniya banklarında saxlanılan 15,3 milyon funt-sterlinq vəsaitin 5,63 milyonunun müsadirə olunduğunu qətiyyən etiraf etmirdi.

Deyirdi ki, məhkəmə həmin vəsaitlərin sahiblərinə qaytarılmasına qərar verməyib və məhkəmənin bu qərarından yuxarı instansiyaya şikayət ediləcək.

Amma ötən gün öz əli ilə yazdığı “məqalədə” Beynəlxalq Bank vasitəsilə köçürülən vəsaitin müsadirə olunduğunu təsdiqlədi.

3. Cavanşir Feyziyev “nüfuzlu beynəlxalq media qurumu” olaraq gördüyü “Guardian”ın “məhkəməyə saxta sənədlər təqdim edilib” ifadəsinin təkzib edilməsini önə çıxarırdı və bundan çıxış edərək, Azərbaycan mediasının da təkzib verməsini lazım bilirdi.

“Guardian” bir epizodda – müsadirənin səbəbi kimi “saxta sənəd” sözünə təkzib verib, 5,63 milyon funt-sterlinq (12,8 milyon manat) vəsaitin müsadirə olunduğunu təkzib etməyib.

Bu isə yalançı təsəllidir.

Cavanşir Feyziyevin siyasi-iqtisadi korafəhmliyi və səhvləri:

London məhkəməsinin qərarı elan ediləndən Cavanşir Feyziyev özünü təmizə çıxarmaq üçün çabalar göstərib və bir-birinin ardınca siyasi səhvlər edib, siyasi korafəhmlik nümayiş etdirib:

1. Cavanşir Feyziyev “London məhkəməsi ədaləti bərpa etdi” yazısını dövlət agentliyinə (“Azərtac”) vermək və onu səhifəsində yaymaqla ciddi səhv etmişdi. London məhkəməsi 15,3 milyon funt-sterlinq vəsaitin 10 milyona qədəri üzərindən (yazıldığı kimi, “10 milyondan artıq” yox, qədər...) həbsi götürmüşdü, qalan 5,63 milyon məbləğ isə müsadirə olunmuşdu.

Əgər C.Feyziyev London məhkəməsinin bu qərarını ədalətin bərpa olunması sayırsa, demək, 5,63 milyon vəsaitin də müsadirə olunmasını qanuni, ədalətli, vicdanlı yanaşma hesab edir. Əks halda o başlıqla Azərbaycanın dövlət agentliyində yerləşdirilən məqaləni öz sosial şəbəkə hesabında da yaymazdı.

2. Hadisəyə ilk münasibət bildirənlər sırasında MŞ sədri Cəmil Həsənli və partiya sədri, iqtisadçı Qubad İbadoğlu da vardı.

C.Həsənli və Q.İbadoğlu bu məsələdən siyasi hakimiyyətin üzərinə gəlməyə alət kimi istifadə edirdilər. C.Feyziyev C.Həsənli və Q.İbadoğlunu ağır sözlərlə təhqir etməklə, ikincilərin arqumentini gücləndirdi və onların əlinə oynadı. Feyziyev siyasi savadsızlığından, iki mühacir siyasətçinin “oyununa” düşdü – prosesin iqtisadi müstəvidən çıxıb, siyasiləşməsinə özü də böyük töhfə verdi.

3. Feyziyev bununla da kifayətlənmədi, “Azərtac”ın onu müdafiə edın yazısını silməyinin mahiyyətini anlamaq əvəzinə bu mövzuda yazan media mənsublarının hamısını “bir torbaya atdı”.

Feyziyevin adını çəkib, ağır şəkildə təhqir etdiyi media mənsubları içərisində ümumiyyətlə, bu mövzuda “dərinə getməyən”, Feyziyevin fikirlərinə vaxtaşırı olaraq meydan verən kifayət qədər jurnalist var. Feyziyevin adını çəkdiyi jurnalistlərin böyük əksəri heç də eyni dəyər və prinsipləri də bölüşmür. Feyziyev isə bircə məqalə ilə onların hamısını birləşdirdi və özünə qarşı böyük bir kampaniya üçün ciddi əsaslar verdi.

4. Feyziyev bu məqalə ilə onun fikrini yaya biləcək bütün media qurumlarının qapısını öz üzünə bağladığını fərq etməyəcək qədər siyasi korafəhmlik nümayiş etdirdi. O səviyyədə ki, şəxsi münasibəti olan baş redaktor belə həmkarlarının aşırı iradı ilə üzləşməmək üçün Feyziyevin sözügedən məqaləsini saytdan sildi. Halbuki bir neçə gün öncə deputatın tərəfində duraraq, C.Həsənli və Q.İbadoğlu barədə fikirlərini öz səhifəsindən paylaşmışdı.

Cavanşir Feyziyev bu durumdan necə çıxmalıydı?

1. Cavanşir Feyziyevə əsas sual budur: bu ölkənin deputatı olduğun halda bu ölkədə qazandıqlarını niyə xaricə çıxarıb, Britaniya banklarına yerləşdirmisən?

C.Feyziyev “uğurlu biznesmen” kimi öz vəsaitini hansı ölkəyə istəyərsə, ora investisiya kimi yatırmaq haqqına sahib olduğunu deyir. Axı bu vəsaitlər Britaniyaya investisiya olaraq yatırılmayıb – banka qoyulub, həm də övladlarının adına.

Bu nə qədər ciddi siyasi səhvdirsə, bu faktın aşkarlanması daha ciddi fəsadlar yaradır.

C.Feyziyev həmin vəsaitin özünə aid olduğunu etiraf etməklə, daha ciddi siyasi səhvə yol verdi.

2. Ölkənin investisiyaya ehtiyacı olduğu, Zəfərdən sonra böyük tikinti-quruculuq işləri getdiyi bir məqamda o vəsaiti ölkəyə gətirməyinə, harasa yatırım etməyinə və yaxud YAŞAT Fonduna ianə etməyinə kim mane olur?

Feyziyev 2010-ci ildən sonra bu vəsaitin niyə çıxardığına aydınlıq gətirməklə bərabər, həbsdən azad edilən vəsaitin də Azərbaycana qaytarıldığını və hansı istiqamətə yatırıldığını və yaxud ianə edildiyini elan etməliydi.

Bu, bir siyasətçinin düşdüyü pis vəziyyətdən çıxmaq üçün ata biləcəyi ən doğru addım olardı. Yoxsa sual yaranır: Vətən müharibəsində insanlar torpaq uğrunda can verərkən, təqaüdçülər öz təqaüdlərini ordumuza keçirərkən, sən övladının, qardaşın övladının adına yerləşdirdiyin milyonları niyə İngiltərədə saxlayırdın? Övladının cəbhə üçün nə etdiyini saya bilərsənmi? Yaxşı, “kasıb canıyla, varlı malıyla” deyərlər; bu torpaqlar üçün kasıblar canlarından keçərkən, bu ölkənin deputatı olaraq sən varından niyə keçmədin?

Heç olmasa indi edərdin – Britaniyada xilas etdiyin sərvətini ölkəyə gətirməklə...

Dövlətin ehtiyacı olduğu bir vaxtda bir deputatın – biznesmen deyil, deputatdan söhbət gedir - sərvətini ölkədən kənarda saxlamasının və “ingilisə yem etməyinin” mütləq bədəli olacaq.

Bunun üstündən bütün ictimai fikrə, mediaya və sosial şəbəkələrə savaş açmağın, haqsız olduğunu düşünmədən, “biznesmen təfəkkürü” ilə yanaşmanın da bir millət vəkilinə qəti yaraşmadığını dərk etməməyin cəzası mütləq olmalıdır...

BakuPost












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.