Ermənilər Azərbaycan torpağında YENİ HƏRBİ SƏDD QURURSA... - NƏ BAŞ VERİR?

7-02-2022, 19:19           
Ermənilər Azərbaycan torpağında YENİ HƏRBİ SƏDD QURURSA... - NƏ BAŞ VERİR?
Caliber.az-ın yaydığı görüntülərdə erməni separatçıların rus “sülhməramlılarının” pərdəsi altında ekskavatorun köməyi ilə Ağdam istiqamətində xəndəklər qazması əks olunur. Görüntülərin dörd fevral günorta saatlarında qeydə alındığı bildirilib. Teref.az xəbər verir ki, siyasi şərhçi Aqşin Kərimov məsələni “Sherg.az”a şərh edib. O bildirib ki, hazırda 10 noyabr bəyanatının 4-cü bəndinin öhdəliklərinin yerinə yetirilməsində durğunluq nümayiş etdirilir:

“Bu bəndə əsasən Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Amma keçən müddət ərzində biz erməni separatçıların çıxarılmasını yox, əzələlərini şişirtməyə meyl etdiyinin şahidi olmuşuq. Görünən odur ki, separatçı tör-töküntülər Ermənistan rəhbərliyinin iradəsindən kənara çıxır və İrəvana tabe olmaqdan boyun qaçırır. Amma belə vəziyyətin yaranması Ermənistanı da qane edir. Onların qol-budaq atmasını qidalandıran da Rusiya sülhməramlılarıdır”.

A.Kərimova görə, Azərbaycanın strateji səbrinin bir hüdudu var və bu sərhədin aşılması rəsmi Bakını hərbi güc tətbiq etməyə məcbur edəcək:

“Azərbaycanda postkonflikt dövrü olsa da, o 44 günlük Vətən müharibəsinin nəticələrini təhlil edərək yeni hərbi-strateji xətt yürüdür və ehtiyat tədbir kimi antiterror əməliyyatlarını gündəlikdə saxlayır. Düzü separatçı quldurların kimə və nəyə güvəndiyini başa düşmək çətindir. Onları qidalandıran erməni revanşist duyğularıdırsa, bunun da praktiki faydası yoxdur. Fevralın 4-də separatçılar Rusiya sülhməramlılarının çətiri altında gizlənərək Ağdam istiqamətində səngər qazıblar, bu səngər deyəsən onların məzar yeri olacaq ”.

Siyasi şərhçi fevralın 6-da Tərtər rayonunun Qapanlı kəndi istiqamətində yerləşən mövqelərimizin erməni silahlı birləşmələri tərəfindən atəşə tutmasına diqqət çəkib:

“İndi Azərbaycan Türkiyə modelli nizami ordu sisteminə keçid edib və proses davam edir. Artıq komando birlikləri yaranıb, rəsmi informasiyalardan çıxarış etsək,belə hərbi birliklərin sayı 3-dür.

Antiterror əməliyyatları üçün digər qoşun növlərinin koordinasiyalı işini bir kənara qoyaq, təkcə komando birlikləri ermənilərin başını əzməyə qadir qüvvədirlər. Hələ bura işğaldan azad edilmiş ərazilərdə açılan digər hərbi hissələrin resursunu da əlavə etsək, o zaman ermənilərin taleyi üçün növbəti qara günün başlanması tezləşmiş olar.Azərbaycan ordusu kiçik resurslarla belə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində eşələnən erməni quldurlarını məhv edə bilər ”.

Analitik Rusiya sülhməramlılarının səngər qazmaq əməliyyatında iştirakına toxunub:

“Bu sual doğurur ki, axı onlar niyə bunu 10 noyabr bəyanatının icra mexanizmi kimi qələmə verirlər? Rəsmi Bakı vaxtaşırı bu cür məsələlərlə bağlı sülhməramlılara etiraz edir,izahat tələb edir. Amma buna məhəl qoyulmaması yəqin ki, hansısa bəhanələrə əsaslanır. Azərbaycan tərəfi belə bəhanələrə toxdur və onun səbrinin sərhədləri var. Bu gedişat isə rəsmi Bakıya hərb variantından başqa çıxış yolu qoymur. Yaxşı olar ki, separatçı ünsürlər ağıllarını başlarına yığıb məhdud saylarının Ermənistana sağ-salamat geri qayıtması üçün çalışsınlar. Əks təqdirdə isə, onların meyitləri evlərinə yola salınacaq”.

A.Kərimovun qənaətincə, hazırda Moskva mübahisə yarada biləcək addımlardan qaçmalıdır, əgər bacarmırsa, bunu elan etməli və ərazilərdən çıxmalıdır:

“Amma Rusiya həmin ərazilərdə qalıcı olmaq istəyir, çünki o öz təsir rıçaqlarını saxlamaq niyyətini güdür. Situativ davranışlara gəlincə, Azərbaycan təxribat cücərtilərini müşahidə etdiyi anda atəşlə separatçını məhv etməlidir. Bunu əsaslandırmaq üçün də əlimizdə kifayət qədər arqument var”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.