Fransanın Cənubi Qafqazda yenidən PEYDA OLMAQLIĞI... - XEYRƏDİRMİ?

8-02-2022, 09:15           
Fransanın Cənubi Qafqazda yenidən PEYDA OLMAQLIĞI... - XEYRƏDİRMİ?
Fevralın 4-də Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın videoformatda görüşü keçirilib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin də qatıldığı görüşdə Brüssel gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələr aparılıb. İki ölkə arasında humanitar məsələlər, etimad quruculuğu, mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlər gündəmə daşınıb.

Prezident İlham Əliyev müzakirə olunan məsələlər barədə Azərbaycanın mövqeyini bir daha vurğulayıb. Dövlət başçısı itkin düşmüş şəxslərin taleyi, minaların təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət verib. Görüşdə, həmçinin UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olunub. Missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edilib. Qeyd edək ki, Azərbaycan və Ermənistan liderləri bu illər ərzində müxtəlif təmaslar olub. Ancaq videoformat əsasında görüş ilk dəfə keçirilib. Teref.az-ın məlumatına görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Şərq”ə deyib ki, Avropa İttifaqının hazırkı sədri Fransa Azərbaycanla Ermənistan arasında moderatorluğa çalışır. Analitikin sözlərinə görə, Azərbaycan Brüsselin moderatorluğunun əleyhinə deyil. Lakin Fransanın moderatorluğu Azərbaycanda suallar doğurur:

“Fransadakı siyasi dairələr Ermənistanın mövqeyini müdafiə etdiklərini gizlətmirlər. Ayrı-ayrı siyasətçilər Qarabağ separatçılarına dəstək ifadə edirlər. Fransa Azərbaycanla Ermənistan arasında vasitəçilərindən biri olmaq üçün xarici siyasətinin bu istiqamətini korrektə etməlidir. Bu olmazsa, Parisin moderatorluğu bir işə yaramayacaq”. Ekspert xatırladıb ki, apreldə Fransada prezident seçkisidir. Əgər Makron yenidən namizədliyini irəli sürəcəksə, xarici siyasətdə fəallığını artırmalıdır: “Makron Kiyevlə Moskva arasında da vasitəçiliyini genişləndirmək istəyir”.

Siyasi şərhçi Asif Nərimanlı da “Şərq”ə bildirib ki, Makron Merkeldən sonra Avropanın lideri olmaq istiqamətində çalışır. Ekspertin fikrincə, Aİ-yə sədrliyi üzərinə götürən Fransa Prezidenti belə bir görüşün təşkilində maraqlıdır:

“Fransa münaqişənin həllində uzaq düşdüyü bölgəyə Aİ-yə sədrliyi dövründə qayıtmaq istəyir. Burada əsas məqam “Fransanın prosesə qayıtması Minsk qrupu formatının dirilməsinə şərait yarada bilərmi” sualıdır. Bu sualın cavabına, eləcə də Makronun aktivləşməsi və görüşün keçirilməsinə Rusiya-ABŞ qarşıdurması kontekstində yanaşmaq lazımdır. Paris və Berlin Moskvaya qarşı Vaşinqton cəbhəsində yer almır. Burada enerji maraqları ilə yanaşı, NATO daxilində cəbhələşmə də həlledici rol oynayır. Makronun fevralın 7-də Putinlə görüşə hazırlığı, fevralın 15-də Şolzun Moskvaya planlaşdırılan səfəri də deməyə əsas verir ki, Rusiya ABŞ-la qarşıdurmada Avropa üzərindən bir addım öndədir. Mümkündür ki, Makronun bunun qarşılığında ruslardan istədiyi məsələlərdən biri də münaqişədən sonra uzaq düşdüyü Cənubi Qafqazda aktivləşmək, Azərbaycan-Ermənistan münasibətlərində vasitəçi kimi iştirak etməkdir. Fransa prezidenti bununla Avropanın yeni liderlik missiyasını gücləndirir. Aİ-yə sədrlik edən ölkə kimi Brüsselin Bakı-İrəvan xəttində vasitəçiliyini üzərinə götürür. Kiçik detal da olsa, prezident seçkiləri öncəsi bu gedişlər Fransadakı 700 minə yaxın erməni icmasının dəstəyini qazanmağa imkan yarada bilər. Ümumən isə Fransanın görüşü Minsk qrupunun həmsədrindən daha çox, Aİ-nin sədri kimi təşkil etdiyini deyə bilərik. Makron və Şarl Mişelin görüşün yekunlarına dair birgə bəyanatında diqqətçəkən detallar bu fikri önə çıxarır. Mişel və Makronun birgə bəyanatında Minsk qrupuna istinad edilmir.

"Dağlıq Qarabağ münaqişəsi” qeydi yoxdur. Ümumiyyətlə, Qarabağın adı çəkilmir. Bu o deməkdir ki, Qarabağ məsələsi Bakının istəyinə uyğun olaraq gündəlikdən çıxıb. Deməli, görüş və bəyanat postmünaqişə dövrünə həsr edilib”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.