«Meliorasiya və Su Təsərrüfatı» ASC bürokratik məkana çevrilib - İTTİHAM VAR
13-05-2016, 13:25
Əhməd Əhmədzadənin ölkə meliorasiyasındakı fəaliyyəti deyəsən son zamanlar müəyyən səbəblər üzündən məhdudlaşmaqdadır. Bəzi problemləri, o cümlədən yaş amilini əsas götürsək, «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədrini anlamaq çətin deyil. Bu sahədə səlahiyyəti formal olsa da müavinlərdən biri ilə paylaşmaq olar. Görünür bu səbəbdəndir ki, mediamızda məsələ ilə bağlı ara-sıra yer alan tənqidi fikirlərə reaksiya demək olar ki, yox dərəcəsindədir. Fikrimizcə, məhsuldar həyatı boyu suyun aydınlığına güvənmiş nazir ranqlı ASC sədrinin fəaliyyətində şəffaflığa ciddi ehtiyac duyulur. Gundelik-baku.com-un məlumatına görə, daşqınların günahını çayların, quraqlığın səbəblərini isə lazım gəldikdə lap təbiətin boynuna yazmağı, bundan hətta nəsə əldə etmək imkanını gerçəkləşdirməyi vəziyyətdən çıxış yolu kimi dəyərləndirmək hər oğulun işi deyil. Adı Bakı şəhərindəki bəzi tikintilərə patronajlıqda da hallanan Əhməd Əhmədzadənin son zamanlar əsas fəaliyyətindən ayrı düşdüyü qənaəti var. Məlumata görə, Qara Qarayev metrosu ətrafında yer alan tikinti obyektləri Əhməd Əhmədzadənin "çətiri" altında başa gəlib. Əgər həqiqətən belədirsə, Əhməd müəllim bu tikinti kompleksində adının hallandırılmasına gərək yol verməyəydi. Axı biz hamımız Əhməd müəllimi ölkənin meliorasiya və su təsərrüfatının aparıcı fiqurlarından biri kimi görmüşük. Təəssüf ki, daha o görüntülər şərti xarakter daşıyır. Ola bilsin büdcənin bolluğunda dilsiz torpağın-suyun boynuna minnət qoyub qazanc əldə etmək daha məqbuldur. Yoxsa o tikintilər nəyin gücünə gerçəkləşə bilərdi? Şişirtmələr isə nə qədər desən... Buyurub baxmağa ehtiyac var. Sahilbərkitmə işlərinin aparılmasına çəkilən xərclər şişirdilir. Lil basmış kanalların təmizlənməsi adı altında isə israfçılıqlar daha çoxdur. Halbuki, bəzi regionların su təsərrüfatında önəmi rol oynayan kanallar illərlə təmizlənmir. Samur-Abşeron kanalının Abşeron yarımadasına, Bakı kəndlərinə aid olan hissəsini götürün. Qamışlıqda itib-batmış kanalın bəzi yerləri zığ verən lil-palçıq içində yay-payız dövründə ilan-qurbağalar üçün sanki sığınacaq rolunu oynayır. Belə bir qənaətə gəlmək olar ki, regional əhəmiyyətli su ötürücüsü demək olar iİllərlə təmizlənmir. Əgər vəziyyət həqiqətən belədirsə, bəs onda kanalın normal fəaliyyəti üçün havayı maaş alan xidmət heyətinə ehtiyac varmı? Yeri gəlmişkən, Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsi var. Layihənin əsas məqsədi Bakı və Sumqayıt şəhərlərinin su təchizatı sistemləri üçün sabit su sərfinə malik etibarlı su mənbəyi yaratmaq, suyun nəqlində mövcud enerji sərfini aradan qaldırmaq və bunun müqabilində 25 MVT gücündə enerji istehsal etməkdir. Məlumata görə, 01 yanvar 2014-cü il tarixinə Dövlət Neft Fondundan layihənin maliyyələşdirilməsinə dair müqavilələr üzrə ümumilikdə 1069,4 milyon manat, o cümlədən 2013-cü il ərzində 173,9 milyon manat vəsait istifadə olunmuşdur. Lakin nəticə barədə hələlik konkret heç nə demək olmaz. Əlaqədar qurumlar tərəfindən müəyyən araşdırmalar aparılsa sözsüz ki, Samur-Abşeron kanalının təmizlənməsi adı altında yüz minlərlə vəsaitin silindiyi üzə çıxar. Belə biabırçılıqlar Yuxarı Şirvan kanalında, kanalın Ağsu qolunda göz göynədən "lilamor" mənzərələrlə əksini tapır. Əgər bu fakt Əhməd Əhmədzadənin nəzərindən yayındırmaq mümkün olubsa, daha nə demək olar? İllərin təcrübəsinə malik Əhməd müəllimin istəyi olsaydı yəqin ki, bir çox su kanallarının mühafizə zolaqlarının qanunsuz hərraca çıxarılmasından qazanılan qanunsuz dividendlərdən də imtina edərdi. Bu cür tədbirlərin mütəmadi təkrarlanması gəlirlərin sənədləşdirilməsində saxtakarlıqlara və büdcə vəsaitlərinin həzminə müəyyən şərait yaradır. «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin tabeliyində olan bir sıra xidmət və istismar idarələri kimlər üçünsə artıq bürokratik yeyinti məkanına çevrilib. Məlumata görə, torpaqqazan maşın və mexanizmlərin, nasos-güc avadanlıqlarının və digər zəruri nəqliyyat vasitələrinin satın alınmasında da ciddi israfçılığa yol verilir. Magistral kollektorların su buraxma qabiliyyətinin artırılması sahəsində görülən işləri də uğurlu adlandırmaq olmur. Çünki hər il minlərlə manat məqsədli vəsait ayrılmasına baxmayaraq, istismarda olan dörd kollektordan üçündə drenaj sularının axıdılmasına təbii maneələr tam aradan qaldırılmayıb. Bu problemin həllinə ayrılan büdcə vəsaitlərinin pay-püş edilmədiyinə kim zəmanət verə bilər? Yazı ilə bağlı qarşı tərəfin də cavab haqqını tanıyırıq.