Azərbaycanın gəlirləri artır: İstehlak səbəti isə 8 ildir “yerində sayır” - AXI NİYƏ?!

20-10-2022, 13:06           
Azərbaycanın gəlirləri artır: İstehlak səbəti isə 8 ildir “yerində sayır” -
Bu il Azərbaycan neft ixracından gəlirini 60 % , təbii qaz ixracından qazancını 4 dəfə artırıb.

Eləcə də bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 814 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu, ötən ilin eyin dövrünə nisbətən 74 % çoxdur. 9 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 521 milyon ABŞ dolları ixracın, 10 milyard 293 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 2 dəfə artıb.

Son nəticədə xarici ticarətdə 19 milyard 228 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 3,1 dəfə çoxdur. Beləliklə, dünya bazarında neft və təbii qaz qiymətlərinin bahalaşması, eləcə digər məhsulların ixracı nəticəsində ölkənin gəlirləri artıb. Bu isə onu göstərir ki, sosial layihələr üçün hər cür imkan var.

Gəlirlər artdığı halda niyə ölkədə yeni sosial paketlər tətbiq olunmur?

TEREF.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, biz yalnız bu gün neftin, yaxud qazın qiymətinin kifayət qədər yüksək olmasından gəlir əldə etmirik, eyni zamanda normal vaxtda da Azərbaycanın maliyyə gəlirliliyi olub:

“Yəni hər hansı sosial layihənin həyata keçirilməsi problem deyil. Düşünürəm ki, bir sıra məsələlərdə dinamik hərəkət etmək lazımdır. Məsələn, bizim istehlak səbəti 2014-cü ildən dəyişilməyib. Orada elə rəqəmlər var ki, hətta bu gün Ermənistanda bizdən yüksək göstəricilərlə ifadə olunur. Bu, bizim ideoloji məsələlərimizlə uyğun gəlmir. Heç bir səviyyədə Ermənistan bizlə rəqabət edə bilməz. Ancaq bəzi göstəricilərə baxanda məəttəl qalırsan. Dövlət nəzarət orqanları bu məsələlərdə daha ciddi, çevik olmalıdırlar. İmkan var, müəyyən imtiyaz yaradıb kommunal xərclərdə dəstək olmaq olar. Ancaq gözləyirlər ki, cənab Prezient desin ki, bu məsələni belə həll edin. Bəs siz nə ilə məşğul olursunuz? Nəyi hazırlayırlar yarımçıq qalır. Bir müddət əvvəl İnvestisiya Holdinqi yarandı və məqsəd bu idi ki, “Azərsu”, “Azərişıq”, “AZAL”, “Azəriqaz”, “SOCAR”ın büdcədən asılılığına on verilsin. Eyni zamanda, vətəndaşalara göstərilən xidmətin keyfiyyəti artırılsın. Qiymətlər qalxsa da, keyfiyyət düzəlməyib. Krantdan palçıq gəlir, gərək filtr qoyasan. “Azəriqaz”ın rəhbəri çox dürüst bir insan olsa da, bu gün qazın təzyiqinin tənzimlənməsində problemlər var. “AZAL”ın qiymətlərinə gəldikdə isə sanki “Nəsimi” filmində Nəsiminin dərisini soyduqları ssenarini təkrarlayırlar, qurum düzəlmir. Bu gün ən azından minimim əmək haqlarına yenə baxıla bilərdi. Niyə yeni ili gözləyirik?”

Ekspertin sözlərinə görə, ölkə rəhbəriyi ilin I rübünün sonuna yaxın ikirəqəmli inflyasiya olduğunu qeyd edib:

“Bu qədər gəlir var və müvafiq qurumlar dərhal indeksasiya etsinlər ki, əmək haqqı bir daha artsın. Bütün dünya inkişaf edir, şaxələndirmə gedir, ancaq biz qalmışıq. İstehlak səbətində çalışan Azərbaycan vətəndaşına ildə 54,8 kq kartof nəzərdə tutulub. Ermənistanda bu göstərici 91 kq 300 qramdır. Yaxud meyvə-tərəvəzlə bağlı Azərbaycanda 38, Ermənistanda 73 kiloqramdır. Ət məhsulları bizdə 32,9, Ermənistanda 36,5 kq, balıq bizdə adambaşına 7,7 kq, Ermənistanda 11 kq nəzərdə tutulub. Bunu da cənab Prezident deməlidir? Bütün bunlara nəzarət edib, şaxələndirsinlər ki, buna əsasən də yaşayış minimumunun səviyyəsi qalxsın. Bu, çox biabırçılıqdır və reallıqdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru