İranın «mirvatranlığı»
23-10-2022, 00:05

İranın Azərbaycan dilində fəaliyyət göstərən rəsmi xəbər agentliyi «Səhər» mənim Naxçıvanla bağlı dediklərimiz təhrif edən bir məlumat yayıb. Maraqlıdır ki, bu təhrifə etirazlarımı dəfələrlə bildirməyimə baxmayaraq, İrana məxsus bütün kanallar durmadan bu yanlış məlumatı yaymaqda davam edirlər. Halbuki, mən iddia edildiyi kimi, nə özüm Naxçıvan camaatını Azərbaycana qarşı üsyana çağırmışam, nə də həmyerlilərimin belə bir addım atmağa hazırlaşdığını vurğulamışam. Mən sadəcə demişəm ki, Naxçıvanda hökm sürən istibdad rejimi düşmən dövlətlərin dürməyinə yağ sürtür. Bundan bəzi bədniyyətli qonşularımız da faydalanmaq istəyirlər. Məsəl üçün, İran artıq «İranın Naxçıvanı xalq hərəkatı» adlı təşkilat yaradıb ölkəmizə qarşı ideoloji savaşa başlayıb.
Bununla belə, onu da vurğulamaq istəyirəm ki, Vasif Talıbov istibdadı nə qədər ağır olsa da və xarici qüvvələrin təxribatına rəvac versə də, İranın Naxçıvan camaatı üzərində təsirli olması mümkün deyil. Təkcə ona görə yox ki, İrandakı istibdad rejimi Vasif «xan» zülmü ilə müqayisədə daha ağırdır və heç bir ağıllı adam pislər içərisindən daha pisini seçməz. Həm də ona görə ki, Naxçıvan insanı son 30 ildə İranın hansı yuvanın quşu olduğunu bilir və cəhənnəm əzabına qatlansa belə, onun qucağına sığınmaz. Bunun ən bariz nümunəsini biz ötən yay aylarında Naxçıvanda yaşanan bir hadisədə görə bilərik.
Bilirsiniz ki, bir müddət əvvəl Naxçıvanın polis zülmündən qaçan Ordubad rayon Gilançay kənd sakini İmran Nağıyev Ermənistan dağlarına sığınmışdı. Halbuki, onun yaşadığı Gilançay Arazın qırağındadır və İmran kişi daha rahatlıqla İrana keçə bilərdi. Buna baxmayaraq, o, İrana yox, Ermənistan dağlarına çəkilmişdi. Çünki İranın necə namərd yer olduğunu bilirdi. Ondan Azərbaycan dövlətçiliyinin əleyhinə istifadə edilə biləcəyini gözəl anlayırdı. Odur ki, ölümünü, acından-susuzundan sərgərdan qalacağını, başına min bir oyun gələ biləcəyini belə gözə alıb düşmən oylağına pənah aparmışdı. Ağlının ucundan da keçməmişdi ki, İrana getsin. Bax, budur Naxçıvanın sadə insanlarının İrana münasibəti! Bax, budur Naxçıvan kişisinin vətən sevgisi, naxçıvanlıların nəzdində İranın yeri!
Bəs İran bu cür absurd təbliğatı niyə yayır?
Təbii ki, ilk növbədə məni dövlətim qarşısında çətin vəziyyətə salmaq niyyəti güdür. Ancaq anlamır ki, mənim dövlətim məni yaxşı tanıyır və bilir ki, şüurlu həyatımın hər anını Vətən, Millət məsələsinə həsr etmiş adamam. Mən hakimiyyətdəki hansısa qüvvələrə qarşı ola bilərəm, amma öz dövlətimə qarşı əsla. Mənim siyasi hakimiyyətə qarşı müxalifətçiliyim də Vətənimi daha xoşbəxt və azad, müstəqil və sözün bütün mənalarında BÜTÖV görmək arzusundan irəli gəlir. İranın mənə qarşı düşmənçiliyinin arxasında da məhz milli bütövlük anlayışım dayanır. Rəsmi Tehran mənim milli bütövlük anlayışımı özünün ərazi bütövlüyünə təhlükə kimi görür və barəmdə bu cür əsassız ittihamlar irəl sürür. Halbuki, mənim anlayışımda İranın parçalanması hədəfi də yoxdur. Mən İranın bütün ərazilərini, o ölkədə yaşayan etnik qrupları, o cümlədən bir ovuc farsı da Böyük Turanın bir parçası kimi görürəm, onların parçalanmasını da istəmirəm. Əksinə, İranın demokratikləşməsi ilə bu ölkədə yaşayan bütün milli qrupların, o cümlədən Azərbaycan türklərinin həqiqi azadlığına qovuşacağına inanıram. Sevindiricidir ki, İran artıq bu istiqamətdə, Brejnevin sözü olmasın, «iri addımlarla irəliləyir».
Başqalarından fərqli olaraq, İranın ərazi bütövlüyünə sayğı duymağına baxmayaraq, molla rejiminin məhz məni və mənim kimi adamları hədəfə alması da təsadüfi deyil. Belə görünür ki, İran öz mövcudluğunu bu ölkə xalqları arasında separatçı düşüncələr yaymaqda görür. Məncə, başadüşüləndir. Çünki bu cür separatizmlə İran xalqını bir-birinə qarşı qoyacağını və gözlənilən böyük dəyişimdə hər kəsin iştirakını əngəlləyə biləcəyini düşünür.
Son olaraq, onu demək istəyirəm ki, adını İslam Respublikası qoyduğu halda ermənipərəst mövqe tutan və coğrafiyamızda daha böyük inteqarasiyanı təbliğ edənlərə qarşı səlib yürüşü aparan molla rejiminin bu hərəkətini mən «mirvartanlıq» kimi qiymətləndirirəm. Nədir «Mirvatranlıq»?
Bu barədə bir dəfə demişəm, yenə təkrar edirəm. Bizim məhəllədə anası erməni olan bir seyid vardı. Düşüncə etibarilə Azərbaycan millətçisi idi. Yəni anasına yox, atasına çəkmişdi. Biz ona zarafatla «Mir Vartan» deyirdik. O da bəzən bizdən inciyirdi. Mir Vartan ləqəbli məhlə uşağının xətrinə dəyməsin, mən bu gün İslam Respublikası niqablı İranın ermənipərəst mövqeyini izləyəndə istər-istəməz yadıma «Mir Vartan» sözü düşür. Təsadüfi deyil ki, İranın Xarici İşlər naziri Abdullahyan da dünən Ermənistan səfərində açıq şəkildə Ermənistanın torpaq bütünlüyünü İranın qırmızı cizgisi adlandırır və Azərbaycanın tarixi torpaqlarını geri qaytarmasına əsla izn verməyəcəklərini vurğulayırdı. «Mirvartan»lardan bundan artıq nə gözləmək olar?
Nə qədər müsəlman qanı içsə də, hesab edirəm ki, Ermənistan İranın «mirvartanlığı» ilə müqayisədə daha kişi kimi düşməndir. Ən azı adının Vartan olduğunu gizlətmir. İran isə İslam Respublikası niqabı ilə «Vartan» simasına bir də «Mir» örtüyü çəkib.
«Mirvartanlar» isə «mirsiz» Vartanlardan daha qorxulu olurlar. Çünki Qurani-Kərim mənim «mirvartan» dediyim qüvvələri münafiq adlandırır və onlardan daha çox qorxmağı tövsiyə edir. Hərzrət Həmzənin bu mənada çox gözəl bir aforizmi var. İranın şirquyruqlu ayətullahları bunu bilməmiş olmazlar. «Allah məni gözümün görmədiyi gizli düşmənlərdən qorusun, gözümün gördükləri ilə özüm də bacararam».
Bütün «mirvartanlığı»na baxmayaraq, İran İslam Respublikasının mənim barədə yaydığı dezinformasiyalar heç bir işə yaramayacaq. Çünki xalqım, o cümlədən Naxçıvan sakinləri həm Heydər Oğuzu, həm də İranı yaxşı tanıyır. «Mirvartanlıq» bu ölkədə keçməz.
Heydər Oğuz
Teref.az