Sülh danışıqlarında son pərdə: - Nazir ABŞ-dan müqavilə ilə qayıdacaq?

2-05-2023, 20:32           
Sülh danışıqlarında son pərdə: -
Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların ikinci hissəsi başlayıb.

ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın Baş naziri Nikol Paşinyana telefonla zəng edərək sülhün əldə edilməsinə dəstək verməyə çağırıb. Eyni zamanda, müzakirələrin üç gün davam edəcəyinə dair məlumat ABŞ-ın qısa müddətdə tərəflər arasında sülh sazişinin imzalanmasına çalışdığını göstərir. Vaşinqton ən azı sülh müqaviləsinin mətninin razılaşdırılmasına nail olmaq istəyir.

Qeyd edək ki, bu barədə məlumat hələ aprelin 28-də Ermənistan mətbuatı açıqlama yaymışdı.

“ABŞ Bakı ilə tezliklə sülh müqaviləsi imzalamaq üçün İrəvana təzyiq edir. Vaşinqton tərəflərin may ayının sonuna qədər sazişin ilkin variantını təsdiq etməsini istəyir”,-deyə məlumatda bildirilirdi. Həmçinin qeyd edilir ki, layihə variantını bu yaxınlarda İrəvana, sonra isə Bakıya səfər edən ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olson gətirib. Qeyd edilir ki, təfərrüatlar məlum deyil, lakin bəzi məlumatlara görə, sənəd Ermənistanın maraqlarına cavab vermir:

“Təkliflər o qədər xoşagəlməzdir ki, bütün məğlubiyyətçi mövqelərinə baxmayaraq, Ermənistan hakimiyyəti buna razılıq vermir”.

Bundan üç gün sonra Vaşinqtonda sülh danışıqlarının başlaması sözügedən məlumatı həqiqətə xeyli yaxın olduğunu təsdiq edir. Görünür, Erika Olsonun İrəvana və Bakıya səfərləri zamanı ABŞ-ın təklif etdiyi variant əsasında sülh sazişinin imzalanmasının mümkünlüyü barədə razılaşmalar əldə olunub. Hazırda Vaşinqtonda bu mətnin detalları üzərində iş aparılır. Ancaq Paşinyan hökumətinin 3 günlük danışıqlarda iştirak etməsi təkliflərin Ermənistan üçün xoşagəlməz olduğu haqda iddiaların əksini göstərir. Ermənistan gələcək sülh sazişinin təminatçısı kimi regionada geosiyasi təsiri getdikcə azalmaqda olan Rusiyanı deyil, Qərbə üstünlük verir.

Bu baxımdan, Paşinyan hakimiyyəti məsələnin Qərb platformasında həllinə maraq göstərir. ABŞ isə Ermənistandan yeni geosiyasi reallıqları qəbul edərək sülh sazişinin imzalamağı tələb edir. Bura Azərbaycanın ərazi bütövlüyünün tanınması, o cümlədən Qarabağ üzərində Azərbaycanın suverenliyinin tanınması, ərazi kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və demarkasiyası daxildir. Həmin şərtlərin ABŞ-ın təqdim etdiyi təkliflər paketində yer aldığı bildirilir. Yalnız bu halda ABŞ sülh şərtlərinin təminatçısı kimi çıxış etməyə razılıq verə bilər.

Bu baxımdan, ABŞ-ın təklifləri Azərbaycanı qane edir. Ancaq Ermənistan “Qarabağdakı ermənilərin “blokadası”na son qoyulması, yüklərin və nəqliyyat vasitələrinin hərəkəti üçün yolun açılması” təklifini irəli sürür ki, bununla da Laçın-Xankəndi yolunda quraşdırılmış sərhəd-buraxılış və gömrük-keçid məntəqələrinin ləğvinə nail olmağa çalışır. Lakin həmin məntəqələrin yaradılması Azərbaycanın suveren hüququ kimi qəbul edilib, fəaliyyəti isə beynəlxalq hüquqi standartlara uyğun qurulub. Ona görə də ABŞ-ın bu məsələdə Azərbaycana qarşı əks-mövqedən çıxış edəcəyi inandırıcı görünmür.

Əksinə, belə addımın atılması sülh danışıqlarında ABŞ-ın reputasiyasına zərbə vura bilər. Münhen danışıqlarından sonra vasitəçilik missiyasına moderatorluq edən ABŞ yeni geosiyasi şəraitə uyğun sülh şərtlərinin rəsmiləşməsini istəyir. Bu situasiya isə Azərbaycanın xeyrinədir. Vaşinqton görüşündən öncə Azərbaycanın Laçın-Xankəndi yolunda sərhəd-buraxılış və gömrük-keçid məntəqələri yaratması, Qarabağda iki yüksəkliyi nəzarətə götürməsi danışıqlarda Bakının əlini gücləndirib. Ona görə də sülh sazişininAzərbaycanın maraqlarına uyğun imzalanması ehtimalı daha çoxdur. Ermənistanın bundan imtina etməsi bölgədə hərbi gərginliyin artmasına səbəb ola bilər ki, bu halda Azərbaycan yeni üstünlüklər əldə edəcək. Bu isə danışıqlar prosesində Azərbaycanın mövqeyini yalnız gücləndirə bilər.

ABŞ-ın vasitəçilik missiyasının iflasında və bölgədə eskalasiyanın baş verməsində maraqlı olan tərəf isə daha çox Rusiyadır. Ona görə də Ermənistanın Vaşinqton görüşünü sabotaj etməsi ABŞ-ın İrəvana etimadının aradan qalxmasına səbəb ola bilər. Erməni politoloq Armen Petrosyan hesab edir ki, ABŞ-da başlayan Azərbaycan-Ermənistan danışıqları Rusiyanı narahat etsə də, müsbət nəticə əldə edilməsi gözləniləndir:

"1. ABŞ-ın başlatdığı çoxmərhələli danışıqlar prosesində ilk baxışdan Vaşinqton özünü vasitəçi kimi göstərməyə çalışmır, özünü sadəcə “yaxşı ofislər” təmin edən aktor kimi təqdim edir. Halbuki, Azərbaycan-Ermənistan münaqişəsi o qədər mürəkkəb və çoxşaxəlidir, münaqişə tərəfləri arasında qarşılıqlı inamsızlıq və düşmənçilik o qədər böyükdür ki, nüfuzlu vasitəçinin birbaşa iştirakı/zəmanəti olmadan uzunmüddətli real nəticə gözləmək çətindir.

2. İndiki ən mürəkkəb geosiyasi qarşıdurma, eləcə də Cənubi Qafqaz regionunda barışmaz rəqabət şəraitində qlobal oyunçuların hər birinin rəqibin vasitəçilik saytında əldə edilmiş razılaşmaları pozmağa çalışacağı /və ya öz formatında yekun razılaşmanın əldə olunmasını təşkil edəcəyi proqnozlaşdırılır. Yuxarıda deyilənlərin kontekstində Moskvanın əsəbi davranışı proqnozlaşdırıla bilər.

3. Ermənistana münasibətdə, məqbul kompromis mühiti/sazişləri və heç də az əhəmiyyət kəsb etməyən zəmanət institutunun təmin edilməsi şəraitində hər hansı sənədin imzalanması ehtimalı proqnozlaşdırıla bilər”.

Erməni ekspert qeyd edib ki, geosiyasi və Rusiya ilə rəqabət aparan platformanın mövcudluğu Azərbaycan üçün lazımi manevr imkanı yaradır.

“Belə mürəkkəb münaqişələrdə eyni vaxtda çoxmərhələli danışıqların təşkili adi təcrübədir. Lakin bir qayda olaraq, onların ən yaxşı proqnozlaşdırıla bilən nəticəsi münasibətlərin tənzimlənməsi çərçivəsində ümumi razılaşmaların əldə edilməsidir ki, bu da indiki halda mümkündür”,-deyə Petrosyan qeyd edir.

Ermənistanlı digər siyasi ekspert Benyamin Matevosyanın fikrincə, tərəflər hazırda müzakirələrin Qərb platformasına keçməsində və 10 noyabr Bəyanatının qüvvədən düşməsində maraqlıdır:

“Nikol Paşinyan açıq şəkildə bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, statusla bağlı müzakirələrin gələcəyə təxirə salınması ilə bağlı razılıq əldə olunduqdan sonra münaqişənin idarə edilməsini həyata keçirmək, aydın “oyun qaydaları” və münasibətlər qurmaq mümkün olacaq. Bu halda o, Rusiyanın Ermənistandakı siyasi tərəfdaşı olmaqdan çıxacaq. Bununla da o, şəxsi hakimiyyətinə təhdidləri qeydə alıb və danışıqlar prosesinin Rusiya platformasından Qərb platformasına keçməsi üçün hər şeyi edib. İrəvanın bu mövqeyi Bakı üçün də sərfəlidir. Çünki müharibədə qalib gələn tərəf diplomatik arenada həmişə üstünlüyə malikdir. Bundan başqa, Rusiyanın sülhməramlı kontingenti Qarabağın Azərbaycanın tam nəzarətinə keçməsinə yeganə maneədir. İrəvan artıq Qərb platformasında - Praqada “Dağlıq Qarabağ”ı Azərbaycanın tərkib hissəsi hesab etməyə razılaşıb. Status-kvonun transformasiyası sənəd şəklini alan kimi, Ermənistan isə geosiyasi kursunu dəyişib kağız üzərində təsbit edən kimi 9 noyabr Bəyanatı qüvvəsini itirəcək”.

Politoloq qeyd edir ki, Qərb müstəvisində bütün proseslər buna hesablanıb. Bu isə Azərbaycan üçün daha əlveişlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru