Roma Papasından Türkiyəyə “ərazi iddiası” - “Qərbi Ermənistan”? Bu nə heykəldir?..
2-05-2023, 23:39

Ermənilərin saxtakarlıqları və yalanları Cənubi Qafqazın sınırlarını çoxdan aşaraq Vatikana qədər uzana bilib. Qəribədir ki, Vatikan da, Roma Papası da erməni yalanlarına asanlıqla inanıb, onların çaldığı havaya oynamağa başlayıblar.
Bir məqamı vurğulayaq ki, istər Cənubi Qafqazda, istər Türkiyə ərazisində, istərsə də başqa ölkələrdə xristianlıqla bağlı hansı tarixi şəxsiyyət varsa ermənilər dərhal onu “erməni” kimi qələmə verirlər. Azərbaycan türklərinin, qıpçaqların, bir sözlə xristian türklərin tarixində olan şəxsiyyətləri ermənilər öz adlarına çıxırlar. Erməni kilsəsinə və erməni şovinstlərinə görə, bir adam xristian olubsa, demək bu mütləq “erməni olub.
İndi də ermənilər Qriqor Narekatsi (Narek) adlı xristian şair, ilahiyyatçı, rahib, filosofu ortaya atıblar ki, guya kilsənin müqəddəs elan etdiyi bu şəxs “erməni” olub, əsərlərini qrabarca yazıb.
“Vatikan Nyus” radiosunun yaydığı məlumata görə, Roma Papası “erməni müqəddəs” Narek Qriqori haqqında fikirlərini bildirib.
Papa Müqəddəs Pyotr meydanında çıxışı zamanı da iddia edib ki, Narekatsi Qriqori (Qriqoriy Narekatsi) poeziya və nəsri birləşdirərək, erməni “ədəbiyyatının və mənəviyyatının” zirvəsinə çatıb.
Papa qeyd edib ki, rahiblər böyük müjdəçilərdir və onların həyatı bu dünyanın gözündən gizli qalsa da, sözü, nümunəsi, şəfaəti və gündəlik zəhməti ilə bütün insanlar üçün şəfaət körpüsüdür.
O deyib ki, Vatikanda Qriqoriy Narekatsinin abidəsi ucaldılıb. İki metrlik heykəlin təqdis mərasimi 2018-ci ildə Roma Papası Fransisk, bütün ermənilərin katolikosu II Qaregin və Kilikiyanın Böyük Evinin katolikosu Birinci Aram tərəfindən keçirilib. İddia edib ki, Qriqor Narekatsi erməni şairi, filosofu, rahib, mistik və ilahiyyatçıdır, guya o, eramızın I əsrində “Qərbi Ermənistan”ın “Vaspurakan” şəhərində anadan olub.
Narekatsinin əsas əsəri eramızın 1001-1003-cü illərində yaratdığı “Qəmli nəğmələr kitabı” lirik-mistik poemasıdır. Bu gün də ibadətdə istifadə olunan “qədim erməni ədəbi dili olan Qrabar dilində” yazılıb.
Məlum olduğu kimi, Papanın da, ermənilərin də iddia etdiyi “Vaspurakan” Türkiyədə yerləşir. Onu da qeyd edək ki, erməni çovinstləri o ərazini “erməni sivilizasiyasının mərkəzi” hesab edirlər. Ermənilər saxtakarlıqla yazırlar ki, guya ora müasir Türkiyə və İranın şimal-qərbində, Van gölü və Urmuya gölünün arasında “yerləşib”. Guya bura da erməni “svilizasiyası” olub, Papa da erməni hiyləsinə uyub oranı “Qərbi Ermənistan” adlandırınb.
Qasım Hacıyev: “Roma Papası səviyyəsində “Qərbi Ermənistan” uydurmasının dilə gətirilməsi yolverilməzdir”
AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, hər dəfə bu barədə söhbət düşəndə o dönəmin tarixini vərəqləməli, prosesləri nəzərdən keçirməli olursan. “Tarixdə “Qərbi Ermənistan” adlı ərazi olmayıb, bu birmənalı olaraq erməni uydurmasıdır. Bunu onların psevdo tarixçiləri yazıb. Yadınıza gəlirsə, bir müddət əvvəl iddia edirdilər ki, guya ermənilər xristianlığı Romadan da əvvəl qəbul ediblər. Ermənilər cəfəngiyyat yaza-yaza gedirlər, bununla da böyük saxtalaşdırma cinayətinə yol verirlər. Xristianlıq Romada yaranıb, provaslavlar və katoliklər bir-birindən ayrılıb, nestorianlıq meydana çıxıb, bunların arasında illərlə müharibələr gedib. Hətta ona görə öz yerlərini, ərazilərini, hüquqlarını da itiriblər. Amma bütün bunların içində Qriqorianlıq meydana çıxıb, bu qədər cərəyanların içərisində Qriqorianlıq da özünə yer tutub. Ermənilər də xristian adından əsrlərdir ki, sui-istifadə edir. Ermənilərin Türkiyəyə, türk dünyasına qarşı irəli sürdükləri əsassız iddiaları Qərb, Avropa bəyənir. Elə Roma Papası da həmişə ermənilərə xeyir-dua verib. Bu gün Roma Papası səviyyəsində “Qərbi Ermənistan” uydurmasının dilə gətirilməsi yolverilməzdir. Bu erməni uydurmasına Papanın da uyması və Vatikanda “erməni dini müqəddəs”inə heykəl ucaldılması gülünc bir haldır. Buna baxmayaraq, bu təsadüfi də deyil. Vatikanın tarixən türk xalqına bəslədiyi kin məlumdur. Hesab edirəm ki, bizim qədim dövr üzrə mütəxəssislərimiz bu məsələyə diqqət yetirməlidir. Vatikanın son dövrdə ermənilərə yaratdığı şərait proseslərə yeni baxışdır, bu baxışların içində əsas yeri türkə qarşı mübarizə tutur. Onlar heç bir mənada Türkiyə ilə yarışa bilməzlər, ondan nəinki irəli gedə biliblər, əksinə, milyonlarla kilometrlər geridə qalıblar. Türkiyənin, Azərbaycanın inkişafı, Türk Dövlətləri Birliyinin yaranması və meydanda olması Avropa dövlətlərini qıcıqlandırır. Xüsusən də bu, Vatikanı ciddi narahat edir. Özləri deyə bilmədiklərini də erməninin dili ilə deyirlər. Vatikanda Qriqoriy Narekatsi adlı “erməni müqəddəs”in abidəsinin açılması da erməni saxtakarlığına dəstək verilməsidir. Roma katolik kilsəsi gərək araşdıraydı ki, bu “dini müqəddəs”in ermənilərlə nə əlaqəsi var. O ermənidirmi? Erməni harada xristian görür, ona “erməni” yarlığı yapışdırır”.
Q.Hacıyev hesab edir ki, bu kimi məsələləri ortaya atmaqla ermənilər özlərini yenidən aldadırlar.
İlhami Cəfərsoy: “Onların Qriqori Narekatsi adlandırdıqları Arek erməni deyil, xristiandır, albanlara, bizim azərbaycanlılara qohumdur”
Filologiya elmləri doktoru İlhami Cəfərsoy da “Bakı-Xəbər”ə bildirdi ki, Roma Papası və ermənilər tərəfindən erməni kimi təqdim edilən şəxs tarixdə yaşayıb, amma o milliyyətcə erməni olmayıb, sadəcə ermənilər onu da özününküləşdirməyə nail olublar. “Tarixdə belə adam olub, amma onun adı Narek yox, Arekdir. Ermənilər “a” hərfinin əvvəlinə “n” hərfi qoşaraq onu Narek kimi qələmə verib. Arek qədim türk dilində günəşə, aydın səmaya tapınan xalqın adıdır. Aydan-arı, sudan duru sözü də buna aiddir. Ermənilər onu dəyişdiriblər. Digər tərəfdən, onların özlərinin kilsə salnamələrindən hamısında başdan-başa saxtakarlıq edilib. Onların Qriqori Narekatsi adlandırdıqları Arek erməni deyil, xristiandır, albanlara, bizim azərbaycanlılara qohumdur. Qriqori Narekatsi kimi qələmə verilən şəxsə Vatikanda heykəl qoyulması və Roma Papasının onun haqda dediyi fikirlərə gəlincə, o saxta məlumatları ona ermənilər verib. Papa da mətnin dərinliklərinə baxmadan hansısa fikir deyə bilər. Bu növbəti erməni saxtakarlığıdır.
Bizim alimlər öyrənmək istəmirlər, “qrabar”ı bilmək istəmirlər. Qrabarı bilmək lazımdır. Bizdə belə mütəxəssis çox azdır. Qrabar bizim eranın III əsrində vardı. Qıpçaqların bir tayfası qarabar adlanır. Ermənilər birinci saiti silib qarabardan “qrabar” düzəldiblər. Qarabar dili haqda akademik Maarın hələ 1902-ci ildə bir kitabı çıxıb. Başqa bir kitabı isə 1903-cü ildə çıxıb. Akademik Maar yazır ki, ermənilərin “qrabar”adlandırdığı qarabar dilinin indiki ermənilərə aidiyyəti yoxdur. O, türk dilləri kimi yafəs qrupuna aiddir, quruluşuna görə erməni dili kimi deyil. Qarabar dili qıpçaq dilinə yaxın bir dil idi… Bu gün erməni adı ilə qələmə verilən çoxlu tarixçilər, şairlər var ki, onların ermənilərə heç bir aidiyyəti yoxdur, onların adlarının əvvəli və axırı dəyişdirilərək erməniləşdirilib. “Qrabar”da belədir, sözün birinci saiti yazılmır. Erməni saxtaklığına zərbə vurmaq üçün çox əsaslarımız var. Ermənilərin “müqəddəs” adlandırdığı şəxslər kimlərdir? Onlar ilk xristian salnaməçiləri, keşişləri və s-dir. Ermənilərin Qriqor Narekatsi adlandırdıqları şəxsin ata-babası parfiyalıdır. Türkmənistandandır. Onların da nəslinin adı Anakdır. Ona görə ki, onlar ilahi anaya sitayiş edirdilər…”
O qeyd etdi ki, xristainlıq əvvəlcə I əsrdə Suriya və Fələstinin ərazisinə gəlib, bizdə IV əsrin ortalarında yayılmağa başlayıb, amma Urartu və Mixi yazılarının tarixi daha qədimdir və burada bizim tariximiz üçün misli görünməyən məlumatlar var.
İradə SARIYEVA
Bakixeber