Kremlin qabağında düşmən təyyarəsi, üstündə düşmən dronu - Rusiya güclüdürmü...
5-05-2023, 08:54

Ukrayna gecə saatlarında dronların köməyi ilə Kremlə zərbə endirməyə cəhd edib. Bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiya hərbçiləri və xüsusi xidmət orqanları iki PUA-nı sıradan çıxarıb, itki yoxdur:
"Hərbçilər və xüsusi xidmət orqanlarının radar döyüş sistemlərindən istifadə etməklə vaxtında gördüyü tədbirlər nəticəsində qurğular sıradan çıxıb. Terror hücumu zamanı prezident xəsarət almayıb. Onun iş qrafiki dəyişməyib, adi rejimdə davam edir".
Kreml bildirib ki, Rusiya tərəfi lazım bildiyi yerdə və nə vaxt cavab tədbirləri görmək hüququnu özündə saxlayır.
Keçmiş SSRİ dağılmaq ərəfəsində olanda Russo adlı bir alman pilot balaca təyyarə ilə bütün sərhədləri keçərək gəlib Kremlin düz yanına endi. İndi də Kreml birbaşa hədəfə alınırsa, buradan Rusiyanın tam zəiflədiyi nəticəsini çıxarmaq olarmı?
Aydın Quliyev: “Bəlkə indiki dronlar Rusiyanın özünün düzüb-qoşduğu hansısa əməliyyatın hissəsidir?..”
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri Aydın Quliyev öz sosial şəbəkə hesabında bu məsələyə münasibət bildirdi: “Kremlin üstündə Ukraynaya məxsus olduğu deyilən iki dronun vurulması xəbəri 1989-cu ildə gənc bir Qərbi Almaniya vətəndaşının kiçik mühərrikli təyyarəni Kreml meydanına endirməsini yadıma saldı. SSRİ imperiyasının çöküşünə başlanğıc olmuş hadisələrdən biri bu oldu... Kiçik təyyarə" məğlubedilməz" SSRİ-nin hava sərhədlərinin keçilməzlik mifini məhv etdi… Bəs Ukraynaya məxsus olduğu deyilən dronlar nə etdi və ya edəcək?
Ya bəlkə indiki dronlar Rusiyanın özünün düzüb-qoşduğu hansısa əməliyyatın hissəsidir?..”
Emin Həsənli: “Deyirlər, bunu Rusiya ordusu guya özü edib ki, Ukraynaya güclü zərbələr endirsin”
Hərbi-siyasi şərhçi Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün hallarda bu, Rusiyanın nüfuzuna, Rusiya ordusunun nüfuzuna çox böyük zərbədir: “ O zaman deyirdilər ki, SSRİ sərhədlərinə quş belə uça bilməz. Ancaq alman pilotu kiçik təyyarə ilə “Qızıl meydana” gəldi. Bu böyük bir şok yaratdı. SSRİ-nin ordusuna böyük zərbə dəymişdi. SSRİ-də Kommunist Partiyası silahlı qüvvələri dırnaqarası Dövlət Təhlükəsizlik Komitəsinin nəzarətində olub. Rusiyada da rus ordusunun üzərində xüsusi xidmət orqanlarının mifi yaradılmışdı. Putinin baş komandan kimi harizması formalaşdırılmışdı ki, Çeçenistan müharibəsindən sonra da rus ordusu haqqında miflər yaradılıb. Baxmayaraq ki, sovet ordusu Əfqanıstanda məğlub olmuşdu. Nəhayət Ukrayna müharibəsində bu mif xeyli dağıldı. İki günə Kiyevi alarıq dedilər. Müharibə hələ də davam edir. Rusiya ordusu qarşıya qoyulan məqsədin heç birinə nail olmadı. İndi də bu hadisəyə müxtəlif yanaşmalar var. Kimi deyir ki, bunu Rusiya ordusu guya özü edib ki, Ukraynaya güclü zərbələr endirsin. Kreml dronlarla vurulmamışdan öncə Rus Ukraynanı vurmurdu? Ukraynanın paytaxt Kiyev daxil, hansı şəhəri qaldı ki, ona zərbələr endirməyə? Ukraynanın bütün şəhərlərinə raket zərbələri endirildi. İndi Ukrayna rəhbərliyini cinayətkar adlandırırlar. Bəs Ukraynanın şəhərlərinin dağılmasının cavabını kim verəcək? Belə suallar var. Ona görə də bütün hallarda müharibə pisdir. Amma müharibənin də iki başı var. Müharibədə bu cür hadisələr olur. Rusiya ordusunun nüfuzuna zərbə dəyib, ərazisinə raket və dronlarla güclü hücumlar olub. Çox güman ki, bu davam edəcək. Daha ağır zərbələrin vurulması gözlənilir. Bütün hallarda itirən Rusiya və Ukraynadır. İtirən insanlardır”.
Məhəmmədəli QƏRİBLİ