Kampaniya aparılır, sərt açıqlamalarım olacaq – İqtisadçı

24-07-2023, 00:11           
Kampaniya aparılır, sərt açıqlamalarım olacaq – İqtisadçı
“Məlumdur ki, təhsil sahəsi bu gün nəinki Azərbaycanda, ümumiyyətlə, bölgədə ən həssas və problemli sahələrdən biridir. Son 30 il ərzində bütövlükdə bölgədə baş verən proseslər kontektsində təhsildəki tənəzzül bölgənin inkişafına mənfi təsirlərini göstərib”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında iqtisadçı alim Elşad Məmmədov deyib.

O bildirib ki, eyni fikirləri elm sahəsi barədə də bildirmək olar:

“Ona görə də düşünürəm ki, heç kim elm və təhsil sahələrində problemlərin olmaması haqda fikir bildirə bilməz. Lakin eyni zamanda son həftələr və aylar ərzində ölkə mətbuatında elm və təhsilin inkişafına bilavasitə cavabdeh olan qurumun – Elm və Təhsil Nazirliyinin fəaliyyətinə bir qarayaxma kampaniyasının şahidi oluruq. Xüsusilə nazirliyin rəhbərliyinə qarşı artıq sistemli hal alır. Bu, yolverilməzdir! Çünki Elm və Təhsil Nazirliyinin rəhbərliyində islahatların aparılması, gənc nəslin nümayəndələrinin rəhbərliyə cəlb olunması Prezidentin qərarıdır”.

E.Məmmədov deyib ki, onda olan məlumata görə, bir sıra dövlət ali müəssisələrində rəhbər vəzifələrində çalışan insanlar tərəfindən Elm və Təhsil Nazirliyinin fəaliyyətinə qarşı fikirlər bildirilir, istiqamətlər verilir:

“Belə hal komandadaxili münasibətlərdə yolverilməzdir. Düşünürəm ki, bununla bağlı dövlət başçısı çox sərt və qəti mövqeyini daim göstərməkdədir. Nə etik nöqteyi-nəzərdən, nə peşəkarlıq baxımından buna heç bir bəraət qazandırmaq olmaz. Ölkənin elm və təhsil sahələri üzrə inkişafı ilə bağlı, şübhəsiz ki, problemlər mövcuddur, amma hazırki Elm və Təhsil Nazirliyinin rəhbərliyinin burada az qala əsas səbəbkar olması ilə bağlı fikirlər bildirmək çox böyük ədalətsizlikdir.

Nazirliyin rəhbərliyi nisbətən yenidir, ictimai müstəvidə olan müzakirələrə də açıqdır. Lakin müzakirə qarayaxma demək deyil və qərəzə çevrilməməlidir. Mən uzun illər ərzində elm və təhsil sahəsində çalışmış mütəxəssis kimi deyə bilərəm ki, biz ictimai müstəvidə müzakirələr aparmalıyıq, fikirlər bildirməliyik. Amma bu, konstruktivliyə söykənməlidir”.

E.Məmmədov deyib ki, o, baş laborantlıqdan professor ali elmi adına qədər təhsil müəssisəsində çalışıb:

“Bu gün təhsilə təsadüfən gələn, təhsildən uzaq olan insanlar təhsillə, elmlə bağlı elə iddialı fikirlər səsləndirirlər ki, düşünürəm, onlar yalnız gülüş doğura bilər. Ona görə də mən obyektiv yanaşmanın tərəfdarıyam. Bir alim, müstəqil ekspert, iqtisadçı-professor, dünya və ölkə, eləcə də bölgə iqtisadiyyatında, dünyada təhsil və elm sferasında baş verən prosesləri görən bir mütəxəssis olaraq fikir bildirməyi özümə borc hesab edirəm.

Onu da qeyd edim ki, dövlətin dəstəklənməsi ilə bağlı fəaliyyət göstərən insanlara qarşı kampaniya davam edəcəyi halda mənim tərəfimdən daha sərt və konkret istiqamətlərin göstərilməsi ilə bağlı açıqlamalar olacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.