Qubad İbadoğlunun ofisində axtarış aparılır

23-07-2023, 20:36           
Qubad İbadoğlunun ofisində axtarış aparılır
AzadlıqRadiosunun müxbiri Qubad İbadoğlunun ofisi qarşısına bir avtobus polis gətirildiyini, onların əraziyə girişi bağlamağa çalışdığını xəbər verir.

+++

Ailə üzvləri Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri, iqtisad professoru Qubad İbadoğlunun saxlandığını deyirlər. DİN-in mətbuat xidməti isə bildirir ki, o, qurumun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib. Qubadoğlunun daxil olmuş müraciətlə əlaqədar vəkili Zibeydə Sadıqova ilə birgə quruma dəvət edildiyi, araşdırma aparıldığı qeyd olunur.

Ailə üzvlərinin sosial şəbəkədə yaydığı məlumata görə, ADR sədri bu gün günorta Novxanıdakı bağ evindən xanımı ilə birlikdə Sumqayıta bazarlığa getmişlər:

“Sumqayıt dairəsində Qubad bəyi idarə etdiyi maşını yolda saxlamışlar və xanımı ilə birlikdə naməlum istiqamətə aparmışlar. Artıq bəlli vaxt keçmiş, ailə üzvləri narahatdırlar. Qubad bəy və xanımından xəbər almaq mümkün deyil”.

Siyasətçinin qızı Jalə Bayramova polislərin İbadoğlunun ofisində axtarış aparacağını yazıb.

İbadoğlu siyasi hakimiyyəti tənqidi fikirləri ilə tanınır. O, bir sıra Qərb universitetlərində elmi tədqiqatlar, pedaqoji fəaliyyətlə məşğul olub.

Partiya sədrinin “Facebook” səhifəsində qeyd olunur ki, bu gün – iyulun 23-də o, "BİZ TV" YouTube kanalında müxalif siyasi partiyaların reyestrdən keçirilməməsinin səbəblərindən danışacaq.

Ötən ilin avqustunda ADR Ədliyyə Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib, partiyanın qeydiyyata alınmamasına etiraz ediblər. Bu partiya 2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının bazasında yaradılıb. Təsis qurultayı 2021-ci il oktyabrın 17-də keçirilib.

Partiya bildirir ki, dövlət qeydiyyatına alınmasına dair müraciətini Ədliyyə Nazirliyi "son 2 ildə 6 dəfə qanunsuz olaraq geri qaytarıb" və ADR Partiyası məhkəmələrə üz tutub.

Siyasi partiyalar haqqında yeni qanun qüvvəyə minəndən sonra Müsavat, AXCP kimi əsas müxalifət partiyalarının üzvlərinin siyahıları geri qaytarılıb, dəqiqləşdirmələrə ehtiyac olduğu deyilib. Ədliyyə Nazirliyi 31 partiyanın öz təşəbbüsü ilə ləğv olunduğunu açıqlayıb.

Tənqidçilər hakimiyyəti təkpartiyalı sistem qurmağa çalışmaqda ittiham edirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.