Yeni rəhbər Naxçıvanda nələri dəyişib? - Qorxu və vahimə altında saxlama...

8-08-2023, 09:38           
Yeni rəhbər Naxçıvanda nələri dəyişib? -
«Naxçıvan Muxtar Respublikasındakı kadr dəyişikliklərini vəzifəsindən uzaqlaşdırılmış şəxslərin ətrafı, əvvəlki imtiyazlı mövelərini itirmiş şəxslər paytaxt Bakıda nə qədər gözdən salmağa və keçmişdəkilərə rəğbət oyatmağa çalışsalar da, yerli əhalinin əksəriyyəti bunu təqdirlə qarşılayır və gələcəyə böyük ümidlə yanaşır».
Bakupost.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şükürlü deyib. Onun sözlərinə görə, indiyədək Naxçıvan camaatını ən çox sıxan və kütləvi köçə səbəb olan əsas problemlərdən biri əhalinin yersiz qorxu və vahimə rejimi altında saxlanması idi:
«Artıq ilk olaraq, bu mühit aradan qaldırılıb.
İnsanların yeni rəhbərlikdən əsas gözləntisi isə yeni iş yerlərinin açılması, Muxtar Respublika əhalisinin gəlirlərini artıracaq təsərrüfat, istehsal və ticarət sahələrinin canlandırılması və geriyədönüşün təmin edilməsidir...
Hazırda Naxçıvandakı dəyişikliklərin faydasını ən çox görən kəndlərdən biri isə elə bizim gözəl Kolanımızdır.
Uzun müddət rayon və MR rəhbərliyinin qərəzli və aşağılayıcı münasibətinə məruz qalmış kəndimizdə hazırda böyük abadlıq işləri görülür: kəndin əsas hissəsinin Laçın - Gorus - Qarakilsə - Şahbuz - Naxçıvan magistralına çıxışını qapadan və böyük narazılıq yaradan daş hasarlara artıq qapı yerləri açılıb, ilk dəfə kəndarası bütün yollar asfalt örtüklə təmin edilib, qaz və elektrik xətləri yenilənib, kəndin qəbristanlığı isə daha etibarlı şəkildə dəmir çəpərə alınıb...
Kənd camaatının ən böyük arzularından biri isə, bax, bu fotoda arxada gördüyünüz, dağların üstündəki "Quzey" adlandırdığımız böyük bir əraziyə də yol çəkilməsidir. Çünki bu əraziyə avtomobil yolu çəkilərsə, Kolanı kəndinin təsərrüfat həyatı, demək olar ki, tamamilə dəyişərək, yenidən inkişaf mərhələsinə qədəm qoyacaq.

Bizim kənd camaatının əsas məşğuliyyəti heyvandarlıq və arıçılıqdır. Ancaq otlaq, sututan ərazilərin azlığı və nəqliyyat üçün əlverişli olmayan yerlərdə yerləşməsi ilboyu istifadə edilə biləcək minlərlə hektar təsərrüfata yararlı otlaq və əkin sahələrini səmərəsiz, əlçatmaz hala gətirib.
Sovetlər dağılan ərəfədə "Quzey"ə kəndimizdən yol çəkilməsi təşəbbüsləri olsa da, iş yarımçıq saxlanıldı. Sonradan Naxçıvandan əhalinin köçünün başlaması və kəndimizin də təsərrüfat həyatının xeyli geriləməsi bu yolun çəkilişinə marağı azaltdı.
Hazırda isə həmkəndlimiz Fuad Nəcəflinin Prezidentin Naxçıvandakı xüsusi nümayəndəsi təyin edilməsindən və onun da böyük həvəs, məsuliyyət hissiylə işə başlamasından sonra Kolanı camaatında böyük ümid yaranıb ki, öz ata-babalarının tarixi təsərrüfat yerlərinə - "Quzey" və "Keçəldağ" ərazilərinə avtomobil yollarının çəkilişinə daha kimsə maneçilik törədə bilməyəcək...
Ümid edirik ki, yaxın gələcəkdə həm bu yolların çəkilməsi, həm də bütövlükdə Naxçıvanın su təchizatının yaxşılaşdırılması, təbii sututarların, anbarların yaradılması üçün yerli şəraiti yaxşı bilən mütəxəssislərin iştirakıyla yeni layihələr hazırlanaraq, ölkə rəhbərliyinə təqdim ediləcək.».
Qeyd edək ki, Prezident İlham Əliyev Fuad Nəcəflini ötən il dekabrın 22-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.