Kreml Qarabağda oyundan kənarda qalır: - Ağ Ev ilk eyhamı vurdu

8-08-2023, 20:33           
Kreml Qarabağda oyundan kənarda qalır: -
“Üçüncü ölkələrin şərhlərinə baxmayaraq, İrəvan və Bakı arasında razılaşma əldə oluna bilər”.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller sülh sazişinə nisbətən tələsən Azərbaycana və Ermənistana Rusiyanın xəbərdarlığı ilə bağlı sualı şərh edərkən belə deyib.

“Söhbət Ermənistandan və Azərbaycandan gedəndə mən Rusiya haqqında danışmaq istəmirəm. Mən bu mübahisədə bilavasitə iştirak edən iki ölkəyə münasibət bildirmək istəyirəm. Biz bu ölkələrlə birbaşa işləyirik. Xüsusi səfir Bono keçən həftə regiona səfər edib və onlarla şəxsən görüşüb. Biz inanırıq ki, bu məsələdə tərəf olmayan digər ölkələrin hər hansı şərhinə baxmayaraq, razılaşma əldə oluna bilər. Buna nail olmaq üçün onlarla işləməyə davam edəcəyik”.

Eyni zamanda, Dövlət Departamentinin sözçüsü Türkiyənin Azərbaycan-Ermənistan sülh danışıqları prosesindəki roluna da münasibət bildirib. Milli ABŞ Dövlət katibi Entoni Blinkenlə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında Azərbaycan-Ermənistan sülh danışıqları məsələsinə dair aparılan sualı cavablandırmaq istəməyib.

“Mən bu barədə ətraflı danışmaq istəmirəm. Bu, özəl diplomatik söhbətdir. Amma Türkiyənin bu məsələdə məhsuldar rol oynaya biləcəyinə həqiqətən inanırıq”,-deyə Miller jurnalistlərə bildirib.

TEREF.AZ-ın məlumatına görə, politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya açıqlamasında deyib ki, ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə dair sülh danışıqlarının Rusiya tərəfindən pozulmasından narahatdır. Ona görə də Vaşintqon sülh prosesinə Rusiyanın müdaxiləsini istəmir:

“Azərbaycan və Ermənistan arasındakı ikitərəfli sülh prosesində maraqlı tərəf kimi iştirak etmək ABŞ-ın strateji siyasətinin tərkib hissəsidir. ABŞ Rusiyanın bu prosesə qatılmasından narahatdır. Çünki Rusiyanın məqsədi sülh prosesini sabotaj etmək və sülh sazişini pozmaqdır. Son günlər Rusiyadan verilən açıqlamalar da bunu təsdiq edir. Hesab edirəm ki, ABŞ bununla Rusiyaya, həmçinin Rusiyaya mesaj verir ki, ikitərəfli danışıqlar daha məhsuldar ola bilər.

Bu halda tərəflər müəyyən bir razılaşmaya da gələ bilər. ABŞ-ın verdiyi mesaj Rusiya üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Rusiya prosesə mane olur və Azərbaycanla Ermənistan arasında sülhə maneədir. ABŞ isə çalışır ki, Azərbaycan və Ermənistan arasında sülh danışıqları praqmatik yolla davam etdirilsin, ümumi razılaşma əldə olunsun. Amma Rusiya bunun qarşısını almaq istəyir. Biz həm Vaşinqtonda, həm də Brüsseldə aparılan danışıqlarda irəliləyişin baş verməsinin şahidi olduq. Lakin Rusiya separatçıların əli ilə prosesləri sabotaj etməyə başladı.

ABŞ bunu görür və bu təxribatı Rusiyanın törətdiyinin fərqindədir. Rusiya Xarici İşlər Nazirliyi rəsmisinin verdiyi son bəyanat da bir daha göstərdi ki, Moskva sülhə hazır deyil. Ona görə də ABŞ belə açıqlama verməklə Azərbaycanla Ermənistan arasında sülhün Rusiyanın iştirakı olmadan, ikitərəfli qaydada mümkün ola biləcəyini bəyan edir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.