Aktiv “Asan imza” istifadəçilərinin sayı nə qədərdir ?

11-08-2023, 00:02           
Aktiv “Asan imza” istifadəçilərinin sayı nə qədərdir ?
Bu gün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti maraqlı bir məlumat açıqlayıb. Qurum bildirib ki, yarım ildə 200 mindən çox Asan imza sertifikatı verilib.
Dərhal düşündüm ki, bunun ardınca da aktiv “Asan imza” istifadəçilərin sayı görsənəcək, lakin yanılmışam.
Bu tip açıqlamalarda yeganə ictimai əhəmiyyət kəsb edən məlumat yalnız aktiv imza istifadəçilərinin sayı ola bilərdi ki, DVX də bunu açıqlamayıb.
Güman ki, DVX ehtiyat edib ki, bu açıqlansa biz birdən Yana xanımın Best Solutions şirkətinin gəlirini hesablaya bilərik
Yeri gəlmişkən, biz açıqlaya bilərik bu məlumatı.
İndiki məqamda, müəyyən statistikalar və təhlillər, açıq məlumatlar əsasında təxminən 400 min civarında aktiv "Asan imza" istifadəçisinin olduğunu hesablamaq olar.
Bunun açıqlaması da odur ki, hər ay xarici vətəndaşa məxsus olan Best Solitions şirkəti 1 milyon manat bu resursdan gəlir götürür.
Əlbəttə, imzanın texniki-texnoloji və administrativ dəstəklənməsində iştirak edən DVX və mobil operatorların da burada gəlirləri olmamış deyil.
Maraqlı tərəfi həm də odur ki, DVX son zamanlar ASAN İmzanın çevikliyinin və effektivliyinin artırılmasında, onun şəxsi kabinetinin yaradılmasında, “Asan imza”çıların sayının kəskin artmasını göstərməkdə çox aktivləşib
Adətən DVX yuxarıdakı formada məlumatlar açıqlamırdı.
Bütün bunlar çox yaxşıdır .
Amma problem ondadır ki, bu cür diqqət digər bir dövlət rəqəmsal imzası olan SİMA-ya sərgilənmir.
Hələlik ölkədə mobil imza bazarında “Asan imza”-nın inhisarçılığı hökm sürür.
Elə bir neçə gün öncə bu resursun sistemində yaranan problem ucbatından uzun müddət dövlət və özəl sektorda , kritik infrastruktruda ciddi problemlər yaşandı.
Nədənsə bu imzaya alternativ olacaq, daha əlçatan və daha çevik, daha ucuz olan SİMA rəqəmsal imzasının sahibkarlıq sektoruna, dövlət xidmətlərinə, xüsusilə də vergi xidmətlərinə inteqrasiyası olduqca ləng gedir.
Dəfələrlə bu haqda deyilib.
Təəsüfləndirici haldır ki, mən heç hüquqi şəxslərdən danışmıram, hələlik hətta adi fiziki şəxslər, sahibkarlar da vergi xidmətlərini bu imza üzərindən əldə edə bilmirlər.
Ölkədə bütün əsas ictimai əhəmiyyət kəsb edən xidmətlər “Asan imza” üzərində "oturub".
Hələlik bu sektorda hökmranlıq Asan imza üzərindədir
RİNN, DVX indiyədək də açıqlama verməyiblər ki, necə ola bilər ki, bir dövlət sektoru dövlət resursları hesabına, fiziki şəxslər-sahibkarlar üçün SİMA rəqəmsal həllini hazırlayıb, amma digər dövlət xidmətinə inteqrasiya olunmur ?
Ümid edək RİNN SİMA-nın inteqrasiyasına diqqəti gücləndirəcək, hüquqi şəxslər üçün olan versiyanı qısa zamanda aktivləşdirəcək.
Həmçinin Dövlət Vergi Xidmətinin hazırda öz sistemlərində apardığı genişmiqyaslı rəqəmsal yenilənmə işlərindən sonra, qısa zamanda, SİMA-ya inteqrasiyanı həm AVİS-də, həm də yaradılması nəzərdə tutulan mobil vergi həllərində də görə biləcəyik.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.