Azərbaycan onun ərazisində yaşayan bütün xalqların dövlətidir.

26-09-2023, 09:34           
Azərbaycan onun ərazisində yaşayan bütün xalqların dövlətidir.
Almaniyada yaşayan Azer Kazimzade car çəkib ki, talış fəallarına, Azərbaycan Talışlarının İctimai Şurasının üzvlərinə qarşı repressiya başlayıb. Talış fəalını qondarma narkotik ittihamı ilə həbs ediblər. Daxili İşlər nazirliyi, nədir Talış xalqına bu düşmənçiliyiniz?
Azər bəy daha sonra buyurur ki, Nizami Rayon Polis Idarəsində Ruslan Vahabovu vəhşi kimi döyüb təhqir ediblər. Alçaq və binamus iki əməliyyatçı Talış xalqını da təhqir edib. Vilayət Eyvazov Talış xalqını niyə təhqir edirsən? Müharibədə göstərdiyi şücaətə görəmi təhqir edib sənin alçaq polislərin? Yəni sözünün canı o ki, Ruslan bəy məhz talış olduğuna görə həbs olunub.
Əvvəla oradan başlayaq ki, Azərbaycanda etnik və dini kimliyə görə kiminsə təhqir etmək praktikası mövcuddurmu? Ermənilər xaric mənə belə bir şey məlum deyil. Erməniləri niyə söyürük? Separatizmə görə. Onların sərsəm iddiaları ucbatından hər iki tərəfdən, ümumilikdə 40 min nəfərə yaxın adam öldürülüb. Separatizm fəlakətdir, ölümdür, qandır, insanların kütləvi qətllidir. Qarşılıqlı nifrətdir, qarşılıqlı ittihamdır separatizm.
Azərbaycanda talışlara qarşı nifrət hissi varmı? Qətiyyən belə bir şey yoxdur. Ola da bilməz. Azərbaycanda istənilən etnik və dini azlığa hər hansı bir aşağılayıcı münasibət olsa, buna ən birinci etiraz edən elə mən olardım.
Yadınızdadırsa, əhalisinin 99.9 faizi erməni olan Ermənistan dövləti Azərbaycanda yaşayan digər etnik azlıqları bizə qarşı ayağa qaldırmağa çalışdı. Bunun üçün ciddi işlər gördü. 1994-cü ilin martında və fevralında ermənilər ləzgi millətçilərinin yaratdığı Sadval təşkilatının əli ilə Bakı metrosunda terror aktı törətdi. Nəticədə 27 nəfər öldü, 91 nəfər yaralandı. Amma biz onu da yaxşı bilirik ki, istər I, istərsə də II Qarabağ müharibəsində ləzgi xalqının mərd oğulları Azərbaycan uğrunda gedən savaşın önündə yer almışdı...
Ermənilər talışlardan da istifadə etmək üçün min oyundan çıxdılar. 1993-cü ildən özünü qondarma Talış-Muğan Muxtar Respublikasının prezidenti elan edən Ələkrəm Hümbətov 2013-cü il sentyabrın 24-də İrəvana Talış-Muğan Respublikasının prezidenti kimi səfər edərək İrəvan Dövlət Unversitetinin iranşünaslıq kafedrasında talışşünaslıq üzrə magistr pilləsinin açılışına qatıldı və daha sonra işğal altında olan Dağlıq Qarabağa səfər edərək Xankəndində yerləşən universitetdə çıxış etdi. Təbii ki, Ələkrəm bəyin bu hərəkətini Azərbaycanda yaşayan hər kəs, o cümlədən talışlar da şiddətlə qınadı.
O da sirr deyil ki, talışlar arasında ermənilərin dəstək verdiyi Ələkrəm Hümbətov xəttinin davamçıları da var. Bax bu Ruslan Vahabov da həmin xəttin təmsilçisidir. Və o, talış olduğuna görə yox, separatçı olduğuna görə həbs olunub.
Hə, pis olan odur ki, separatçını narkotik istifadəçisi kimi həbs edirlər. Bu, yanlışdır. Azərbaycan parlamentində separatizmlə bağlı sərtliyi ilə seçilən qanunlar qəbul olunmalıdır. Separatizmin bütün formaları ən radikal formada cəzalandırlmalıdır. Bir daha vurğulayıram: Separatizm Azərbaycan üçün on minlərlə günahsız insanın faciəli ölümü deməkdir, Xocalı qırğını deməkdir. Və heç kəs separatizm adlı odla oynamağa cəsarət etməsin.
O ki qaldı talış xalqının təhqir olunmasına, əminəm ki, bu, yalan söhbətdir. Azərbaycanda kimsə elə qələt edə bilməz. Eliyənin də dilini kəsərlər. “Talışlar Azərbaycan üçün vuruşub” həqiqətinin arxasında gizlənib separatçılığı təbliğ etmək olmaz. Bəli, talışlar Azərbaycan üçün şərəf və ləyaqətlə vuruşub. Az qala Azərbaycan Ordusunda olanların yarısı talışdır. Azərbaycan dövləti etibarını itirmiş (ermənilər kimi) bir xalqa belə bir strateji sahəni həvalə edərmi? Ordu dövlətin bel sütunudur...
Bir daha yazıram, kim sizə desə ki, talış pisdir, tüpürün üzünə, deməli, o, Azərbaycan xalqının əmin-amalıq içində yaşamasını istəmir, məqsədi ölkəmizi qarışdırmaqdır. Orası da var ki, talış əsilli vətəndaşımıza kimsə desə ki, türk pisdir, o da o sözü deyənin üzünə tüpürməlidir və bilməlidir ki, bu kimi iddiaların arxasında qara niyyətlər dayanır.
O gün biri deyirdi ki, talışların dövləti yoxdur. Niyə yoxdur ki? Azərbaycan dövləti talış dövləti deyilmi? Azərbaycan onun ərazisində yaşayan bütün xalqların dövlətidir. Bizim birliyimizi, bərabərliyimizi pozmaq istəyənlər isə erməni və erməni xislətli yaramazlardır. Onlara qarşı isə amansız olmalıyıq. Ona görə amansız olmalıyıq ki, Azərbaycan xalqı bir də separatizm adlı murdarlığın güdazına getməsin. Minlərlə günahsız insanımız qətl edilməsin...
Mən İsveçrədə yaşayıram. Bu ölkə dörd xalqdan-alman, fransız, italyan və romanlardan ibarətdir. Hələ üstəlik İsveçrədə əhalinin 25 faizi də yabançılardır. Hərə bir ölkədən gəlib. Ancaq İsveçrədə hər şey harmoniyadadır. Biz də əl-ələ verib elə bir dövlət qurmalıyıq ki, bütün dünyaya nümunə olsun. Elə İsveçrə kimi. Niyə də olmasın. Bunun üçün bizim ağlımız da var, mədəniyyətimiz də. Sadəcə niyyətimiz xoş olmalıdır. Bir birimizə hörmət və ehtiram göstərməliyik. Elə göstəririk də.
Hə, Azer Kazimzade onu da iddia edir ki, Ruslan Vahabov bu statusa görə həbs olunub: “Sual olunur, 24 saat 43 dəqiqəyə nə qazandıq?Xankəndində “Bravo” tezliklə tikiləcək, yoxsa yox?”
Sözünün canı odur ki, keçirilən anti-terror əməliyyatının əsas məqsədi İlham Əliyevin ailəsinin maddi maraqlarının təmin olunmasına hesablanıb. Yəni bu qədər gənc zabit və əsgərimiz birinci ailənin pul qazanması üçün qurban gedib, şəhid olub. O boyda şəhər və kəndlərin, bütövlükdə ərazinin işğaldan azad olması, ermənilərdən təmizlənməsi də boş və mənasız bir şeydir. Bu kimi iddiaları yalnız separatçılar deyə bilər, Azərbaycanı sevən insanların nəzərində torpaqların işğalçılardan təmizlənməsi şərəf məsələsidir, pul məsələsi deyil. Qətiyyən belə ola bilməz...
Elbeyi Hesenli
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.