3 il əvvəlin 7 noyabrı: Artilleriyanın hədəfi, "Tvit" şadyanalığı, şəhid tabutu...

7-11-2023, 18:23           
3 il əvvəlin 7 noyabrı:
Hər gün olduğu kimi 7 noyabrı da gurultu ilə kənd və şəhərlərimizə səpələnən raketlərin səsi ilə açdıq. Gecədən Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub. Silah səsi səngimir. saat 5:45 radələrində isə daha da qızışır.
Cəbhədə Azərbaycan ordusunun əsl qəhrəmanlıq və 90 faiz irəliləyişi hamımızı dərindən sevindirirdi. Amma şəhid xəbərləri sevincimizi yaşamağa imkan vermirdi... Çox sarsılırdıq. Amma içimizdəki tam qələbə hissinə əmin idik... bizi - cəbhə xəttində qalan hər kəsi qələbə ruhu sanki dirçəldirdi.
Xəbərlərdə deyilir ki, cəbhənin Ağdərə istiqamətində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində döyüş mövqelərinin artilleriya atəşinə tutulması nəticəsində şəxsi heyət arasında ölən və yaralananlar var. Düşmənin bir neçə avtomobil texnikası və minaatan qurğusu sıradan çıxarılır.
Raketlərin guppultusu sığınacağı da silkələyir. Amma hamı televizorun qarşısında həsrətlə xəbər gözləyir. Xəbərlər proqramı başlayır. Hamımız nəfəsimizi içimizə çəkib gözümüzü ekrana zilləyirik . Aparıcı danışır: Azərbaycan Ordusu bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin 6-cı dağatıcı alayının 1-ci taboru bölmələrinin şəxsi heyəti arasında itkilər var. Düşmənin D-30 artilleriya divizionunun 3-cü batareyasının topları da sıradan çıxarılıb. Cəbhənin bütün istiqamətlərində döyüş əməliyyatları davam edir."
Ermənilərin namərdcəsinə 11 oktyabrda Gəncəni, 28 oktyabrda Bərdəni bombalaması hamının gözünü qorxudub. Sığınacaqdakılar telefona sarılır....
Hamı yaxınlarından bir xəbər bilmək istəyir...Tərtər rayonunun Şıxarx qəsəbəsi, Qazyan və Hüsənli kəndlərini raket atəşinə tutulduğunu deyir tanış-bilişlər... ondan bir xeyli sonra televiziya bunu elan edir. Yaxınlıqda yerləşən Çullu kəndinə düşən raketlərin səsi sığınacağın divarlarını silkələyir. Çıraqlı camaatından evində qalan, müharibə başlayandan heç yerə tərpənməyən kənd sakinləri artilleriya atışmasının sakitləşmədiyini görüb Quzanlıya pənah gətirmişdilər. Elə Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi də ağır artilleriyadan atəşə tutulmuşdu.
Dinc insanları hədəf alan, döyüş getməyən kənd və şəhərləri hədəf seçən ermənilər dünyanın gözündən düşməmək, özlərini haqlı qələmə vermək üçün yalan məlumatlar da yayırdılar. Növbəti yalan xəbər belə idi ki, guya Qubadlı rayonu ərazisindən Ermənistanın Qafan şəhəri yaxınlığındakı David Bek kəndi ordumuz tərəfindən atəşə tutulub. Dünya bu prosesi diqqətlə izləyirdi. Onlar da anlayırdılar ki, ordumuz yalnız sərhədlərimiz çərçivəsində düşmənin atəş nöqtələrini susturur.
Bakıda, Şəkidə, respublikanın diğər rayonlarına sığınan doğmalarımız bizə aramsız zənglər edir, bölgədəki vəziyyəti bir də bizim dilimizdən eşitmək istəyirlər. Sonra da sevinclə əlavə edirlər ki, Prezident İlham Əliyev rəsmi “Tviter” hesabında müjdəli xəbər paylaşıb. (Ağdamda internet olmadığı üçün sosial şəbəkələrdən bixəbər idik) Yazıb ki, ordumuz Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Sığınacaqdakı köçkünlərin hamısı sevinclə bir-birini təbrik edir, atdanıb- düşür, qol götürüb oynayır. Bir anda sığınacaq toy şənliyinə oxşayır. Bu səs küyün içində böyük , yaşıl darvazanın qarşısında sürətlə "tormoz" verib dayanan maşıın səsini hamı eşitdi. Hamı bir anda sanki dondu, hamı bir anda çölə darvazanın ağzına tərəf yeridi.
Sığınacaqdakı I Qarabağ döyüşlərinin iştirakçısı Vaqif Dadaşov rəngi ağappaq, dolmuş-donmuş vəziyyətdə hələ dərindən anlamadığı amma əzbərlədiyi kəlməni qeyri - ixtiyairı təkrar etməyə başladı:" Orxan Dadaşov Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub!Nəşi gətiriləcək. Oğlum!" .
O sözünü bitirməmiş Orxanın anasının, bibisinin, xalasının fəryadı asimana bülənd oldu. O gecə sığınacaqda kmsə gözünü yummadı, yatmadı, səhərə qədər inanmadığımız xəbərin yalan olacağını eşitmək ümidi ilə şəhidin tabutunu gözlədik... 8 noyabr şəhidin cənazəsi ilə birgə Şuşanın ermənilərdən azad olunması xəbəri eyni vaxtda sığınacağa çatdı... Gözümüzün biri ağlar, biri gülər... Amma qələbə qansız, şəhidsiz olmazdı....
XÜSUSİ QEYD: Ağdam rayonu Mirəşelli kəndində 1996-cı ildə anadan olmuş Orxan Vaqif oğlu Dadaşov gözünü açandan, dünyanı anlayandan güllə səsinə, barıt qoxusuna öyrəncəli olub. Evləri ermənilərin işğal etdikləri və post qurduğu Baş Qərvənd kəndinin cəmi 200-250 metr addımlığında yerləşir. Kəndinin insanları kimi nə düşməndən qorxub, nə də onların açdığı mərmilərdən. Özündən böyük iki qardaşı və əkizi olduğu bacısından sonra evin ən kiçiyi idi.
Şəhidin atası Vaqif Dadaşov I Qarabağ müharibəsinin iştirakçısı olub. Yerli batalyonların birində müharibənin sonuna qədər ermənilərə qarşı döyüşüb. Təəccüblü deyildi ki, bu ailənin də torpaqlarımızın işğadan azad olmasında payı olmalıydı və oldu!
Allah bütün şəhidlərimizin məkanını cənnət eləsin!
Əntiqə Rəşid Aslan












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.