"Böyük Ermənistan" layihəsi tarixə gömüldü - Tarix təkrarlandı

7-11-2023, 19:09           
"Böyük Ermənistan" layihəsi tarixə gömüldü - Tarix təkrarlandı
Akif Aşırlı
Bakı 1918-ci ilin sentyabrın 15-də 36 saat çəkən savaşla Azərbaycana qovuşdu. Həmin vaxt Azərbaycanın ərazi bütövlüyü 6 ay qanlı savaşla yekunlaşdı.
1988-ci ildən başlayan torpaqlarımızın işğal faktının aradan qaldırılması nə az, nə çox, 3 il əvvəl 44 gün çəkdi.

Tarix təkrar olundu. Avropanın, Amerikanın, Rusiyanın, İranın "Böyük Ermənistan" layihəsi 44 gündə tarixin tozlu-torpaqlı arxivinə gömüldü. Ali Baş Komandanın əmri idi: "30 il səbrlə masa danışıqlarına dözdük. Daha 30 il gözləyə bilmərik". Bu hücumun tək hədəfi vardı. Azərbaycan bir qarış torpağından keçən deyil, olmayıb və olmayacaq. Əmr yerinə yetirildi. Azərbaycan bayrağının çətiri altında xalq və ordu birləşdi. Hər evdən, hər eldən bir oğul getdi. Şəhid ruhu hər evi, hər eli dolaşdı. Oğullar şəhid oldu ki, Vətən şəhid olmasın. Azərbaycan bütövlüyünə qovuşsun.

1992-ci illərin acı təcrübəsinin üstündən qırmızı bir xətt çəkildi. Ordu da vahid idi, Xalq da, Ali Baş Komandan da. Bu vahidlik Vahid, Bütöv Azərbaycan oldu.
Tarixi analogiyaya baxaq. 1920-ci ildə Paris Sülh konfransında iştirak edən Ceyhun bəy Hacıbəyli avropalı diplomatların tənəli "nədən bolşeviklərə bir qurşun atmadan təslim oldunuz" sualı qarşısında aciz qalmışdı. Azərbaycanın zorən bolşevikləşməsindən çox az sonra 1920-ci ilin mayın 26-da Gəncədə cümhuriyyət ordusunun regionda ən böyük müqaviməti başladı. Bir həftə çəkdi bu müqavimət və ağır döyüşlər. Nəticə məğlubiyyətlə bitsə də, həmin vaxt içində Ceyhun bəy "Azərbaycan" dərgisində yazırdı ki, Gəncə müqaviməti millətin şərəf və namusunu özünə qaytardı.
Azərbaycan Ordusu 44 günlük savaş və 24 saatlıq antiterror əməliyyatı ilə millətin təkcə torpağını deyil, şərəf, namus və ləyaqətini də mühafizə etdi. Tarixinə və taleyinə zəfər yazdı. Zəfərin mübarək, Azərbaycan!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.