Əhali “yediyi” buğda indi də heyvanlara “yedizdirilir”

9-11-2023, 16:56           
Əhali “yediyi” buğda indi də heyvanlara “yedizdirilir”
Vahid Məhərrəmov
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2023-cü ildə ilkin çəkidə 1828,6 min ton buğda istehsal edilmişdir. Komitə 2023-cü ildə buğda üzrə məhsuldarlığın səviyyəsi ilə bağlı məlumat açıqlamasa da, apardığımız hesablamalar göstərdi ki, bu il buğdanın məhsuldarlığı əvvəlki illə müqayisədə xeyli aşağı düşmüşdür.

Kənd Təsərrüfatı Nazirliyi taxıl biçini ərəfəsində (bu ilin iyun ayında) taxıl əkininin ərazisi ilə bağlı məlumat yaymışdı. Həmin məlumatda bildirilir: “Bu il (2023-cü il- V. M.) ölkə ərazisində 1 058 398,9 hektar taxıl sahəsi əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir ([1]).

Sadə hesablama östərir ki, bu il orta ölkə üzrə hər hektardan buğdanın məhsuldarlığı 27,7 sentner təşkil etmişdir ki, bu da əvvəlki ilin göstəricisinə nisbətən 4,2 sentner, yəni 13,1% aşağıdır.

Onu da qeyd edim ki, DSK uzun illərdir ki, ölkə üzrə hər hektardan məhsuldarlığı artıq göstərmək üçün biçindən sonra əkin sahələrinin həcmini azaldır. Görünür bu il də əkin ərazilərinin həcmini azaldmaqla taxılçılıqda məhsuldarlığı çox göstərmək istəyirlər. DSK hələ avqust ayında yaydığı məlumatda bildirib ki, sahələrdən 2915,3 min ton dənli və dənli paxlalı bitkilərin məhsulu toplanmış, məhsuldarlıq 32,0 sentnerə bərabər olmuşdur. Əgər həqiqətən də sahələrdən 2915,3 min ton məhsul əldə edilibsə, bu, 930,0 min hektar sahəyə deyil, əslində 1 058 398,9 hektara bölünməlidir. Belə olan halda isə orta hesabla hər hektarda məhsuldarlıq 32,0 sentner deyil, aşağı olmalıdır.

Komitə 2023-cü ildə buğda istehsalını ilkin çəkidə əvvəlki ilə nisbətən 92,5 min ton daha çox göstərib. Araşdırmalar göstərdi ki, 2023-cü ildə buğda istehsalının bu qədər artımı əkin sahələrinin genişləndirilməsi hesabına mümkün olmuşdur. Belə ki, 2023-cü ildə buğdanın əkin sahəsi (658 383,7 hektar) 2022-ci ilə (606 min 338 hektar) nisbətən 52 min hektar, yəni 8,5% artırılmışdır. 2023-cü ildə əvvəlki ilə nisbətən buğdanın əkin sahələri 8,5% çox olduğu halda, məhsul istehsalı cəmi 5,3% artıb. Bu da o deməkdir ki, 2023-cü ildə buğda istehsalındakı cüzi artım sahələrin genişləndirilməsi (ekstensiv yolla) hesabına mümkün olmuşdur. Onu da qeyd etməliyəm ki, son bir neçə ildə buğda istehsalı kəskin şəkildə aşağı düşmüşdür. Hesablamalar göstərir ki, 2019-cu illə müqayisədə 2023-cü ildə buğda istehsalı 342,9 min ton, yəni 15,8% azalmışdır. Baxmayaraq ki, bu il buğda istehsalının artımı ilə bağlı dövlət büdcəsindən böyük məbləğdə maliyyə vəsaitləri ayrılmışdır.

Xatırladım ki, 2022-ci ilin dekabr ayında Milli Məclisdə çıxışı zamanı Baş nazir Ə. Əsədov demişdir ki, “Azərbaycan Respublikası Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 2022-ci il 19 iyul tarixli Fərmanından irəli gələn tədbirlər üçün gələn ilin (2023-cü il-V.M.) dövlət büdcəsində müvafiq vəsait nəzərdə tutulub (180 milyon manat)”.

Onu da qeyd etməliyəm ki, 2022-ci ilin iyul ayında ölkə başçısı İlham Əliyev "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərman imzalamışdı. Həmin fərmanda Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq edilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyəti sədrinin müavini Zamir Dibirov bildirib ki, Azərbaycandakı aqroparklarda buğda əkini sahələrinin artırılması nəzərdə tutulur. O, deyib: "Bu ildən başlayaraq ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdikləri hər 1 ton buğda üçün 100 manat məbləğində məhsul subsidiyası, buğda əkini sahəsinin hər hektarına görə isə 210 manat əkin subsidiyası əldə edəcəklər ([2]).

Onu da qeyd etməliyəm ki, Nazirlər Kabinetinin 2009-cu il 7 iyul tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsində qeyd edilən keyfiyyət göstəricilərinə uyğun yerli ərzaqlıq buğdanın bir tonunun dövlət tədarük qiyməti 2023-ci il üçün 450 manat müəyyən edilmişdi.

Bu günlərdə mətbuata açıqlamasında kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Prezident İlham Əliyevin imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər” haqqında 19 iyul 2022-ci il tarixli fərman çərçivəsində bu il 100 min ton ərzaqlıq buğda yetişdirilib. Onun sözlərinə görə, həmin məhsul pivot suvarma sistemlərinin mövcud olduğu 22 min hektar ərazidə ərsəyə gətirilib. Daha sonra M. Məmmədov deyib: “Gələn il bu cür daha 14 min hektar ərazidə ərzaqlıq buğda yetişdirilməsi nəzərdə tutulub. Qərara əsasən, pivot suvarma sistemlərinin mövcud olduğu ərazilər 150 min hektara çatdırılmalıdır. Bunu qarşımıza məqsəd kimi qoymuşuq”([3]).

Nazirin dediklərindən belə qənaətə gəlmək olur kİ, prezident tərəfindən 1 il əvvəl imzalanmış fərman çərçivəsində bu il 100 min ton ərzaqlıq buğda istehsal edilib, gələn il isə 165 min ton məhsul istehsal ediləcək. Təəssüf ki, belə gedişlə Azərbaycan özünün ərzaqlıq budaya olan ehtiyacını yaxın zamanlarda təmin edə bilməyəcək. Ona görə ki, “fərman çərçivəsində” yetişdirilən buğdanın məhsuldarlığı heç də “fərman çərçivəsindən” kənar yetişdirilən buğdanın məhsuldarlığından yüksək deyil. Belə kİ, bu il Hacıqabul rayonunda buğdanın məhsuldarlığı orta rayon üzrə 51,8 sentner təşkil etdiyi halda, dövlətin təşkilatçılığı ilə müasir suvarma sistemlərinin tətbiq edildiyi, 1 ton buğda üçün 100 manat məbləğində məhsul subsidiyası və buğda əkini sahəsinin hər hektarına görə 210 manat əkin subsidiyası əldə edən iri fermer təsərrüfatları, aqroparklar hektardan cəmi 45,4 sentner məhsul əldə etmişlər.

Onu da qeyd etməliyəm ki, DSK bu ilin 9 ayında buğda istehsalında 92,5 min ton artım göstərsə də, bu ilin eyni dövründə buğda idxalı fiziki çəkidə 48,1 min ton artmışdır.

Yüz min tonlarla buğdanın təyinatı və istifadəsi sual altındadır.

İndiyə kimi əhalinin ərzaq məqsədi üçün istifadə etdiyi ərzaqlıq buğdanın 26,2 faizi artıq yemlik buğda kimi “istifadə edilir. Belə ki, DSK 2020-ci ildən başlayaraq əhalinin istehlak etdiyi buğdanın həcm göstəricisini yavaş-yavaş aşağı salmağa başlayıb. Komitə 2021-ci ildə azaltdığı buğdanın 261,2 min tonunu “buğda ehtiyatları və istifadələri” cədvəlinin mal-qara və quş yemi qrafasına, 104,4 min tonunu isə qarışıq yem istehsalı qrafasında yerləşdirib. Ümumilikdə 2020-ci ildə mal-qara, quş yemi və qarışıq yem istehsalı üçün 508,1 min ton buğdadan istifadə edildiyi halda, 2021-ci ildə həmin məqsədlər üçün istifadə edilən buğdanın həcmi 77,8 faiz artaraq 903,9 min tona, 2022-ci ildə isə 82 faiz artaraq 925,2 min tona qədər artmışdır.

Təsəvvür edin, 2019-cu illə müqayisədə 2022-ci ildə həm buğda istehsalı (423,3 min ton) azalmış, hənm də buğda idxalı (292 min ton) azalmışdır. Və həmin il Azərbaycanın bğdaya olan təlabatı ödənilib. Sual yaranır: Birdən-birə il ərzində 715,3 min ton buğda hara yoxa çıxıb? Aydındır ki, bu qədər buğdanın 423,3 min tonu istehsal edilməmiş, 292 min tonu isə ölkəyə gətirilməyib. Bəs necə olub ki, həmin il Azərbaycan özünün ərzaqlıq buğdaya olan təlabatını ödəyib?

DSK 2022-ci ildə əhalinin qida məhsullarının istehsalı üçün istifadə etdiyi buğdanın həcmini 2019-cu ilə nisbətən 590,2 min ton, 2020-ci ilə nisbətən isə 664,7 min ton azaldıb. Təsəvvür edin, il ərzində qida məhsullarının istehsalı üçün istifadə edilən buğdanın 664,7 min ton azalması, bu, il ərzində ümumi isytifadə edinən buğdanın üçdə biri qədərdir. Yəni 2022-ci ildə əhali 2020-ci ilə nisbətən 33 % az buğda istehlak edib.

Əhalinin qida məhsullarının istehsalı üçün istifadə etdiyi buğdanın həcmi nə vaxt azala bilər? Əhalinin və ölkəyə gələn turistlərin sayı azaldığı halda qida məhsullarının istehsalı üçün istifadə olunan buğdanın həcmi azala bilər. Lakin Azərbaycanda bu, baş verməyib. Əksinə, əhalinin də, ölkəyə gələn turistlərin də sayı artıb. Apardığımız araşdırmalar göstərdi ki, 2022-ci ildə 2020 ci ilə nisbətən ölkə əhalisinin sayı (89,3 min nəfər) 0,9 faiz, Azərbaycana gələn turistlərin sayı isə 2 dəfədən çox artıb.

Mal-qara və quş yemi üçün istifadə edilən buğdanın həcmi nə zaman arta bilər? Bu, o zaman baş verər ki, heyvanların və quşların baş sayında ciddi artım olsun. Bu da baş verməyib. Əksinə, ölkədə mal-qara və quşların sayında cidi azalma baş verib. Azərbaycanda 2022-ci ildə 2020-ci illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 32,6 min baş, qoyun və keçilərin sayı 338 min baş, quşların sayı 380,9 min baş, donuzların sayı 800 baş, atların sayı 3,8 min baş, eşşəklərin sayı 3,4 min baş azalmışdır.

Əlbəttə heyvandarlıqda məhsuldarlığı artırmaq məqsədi ilə daha çox buğdadan (yemlik) yem kimi istifadə edilə bilər. Belə olan halda heyvandarlıq məhsullarının (xüsusən ət və yumurta) istehsalında artım olmalıdır. Əgər həqiqətən də 2020-ci ilə nisbətən 2021-ci ildə heyvandarlıqda istifadə edilən buğdanın həcmi 395,8 min ton artıq olubsa, həmin ili ət istehsalı 56,5 min ton artmalı idi. Və yaxud da yumurta istehsalında ciddi artım baş verməli idi. Apardığımız araşdırmalar göstərdi ki, 2021-ci ildə əvvəlki ilə nisbətən ət istehsalında 11,5 min ton artım göstərilsə də, yumurta istehsalında artım deyil, 67,3 milyon ədəd azalma baş vermişdir. Yəni heyvandarlıq məhsullarının istehsalında cidi artım baş verməmişdir. Ət istehsalı ilə bağlı son 5 ilin araşdırmaları isə göstərdi ki, əvvəlki ilə nisbətən ət istehsalı artımı 2018-cu ildə 9,2 min ton, 2019-cu ildə 2018-ci ilə nisbətən 9,6 min ton, 2020-ci ildə əvvəlki ilə nisbətən 10,2 min ton, 2021-ci ildə 11,5 min ton, 2022-ci ildə 10,6 min ton olmuşdur. Hətta 2022-ci ildə 2021-ci ilə nisbətən mal-qaraya daha çox “buğda yedizdirilsə də”, ət istehsalındakı artım tempi əvvəlki ilə nisbətən aşağı düşmüşdür.

Qeyd etməliyəm ki, 2022-ci ildə buğdanın qiyməti dünya bazarında son 15 ilin ən yüksək həddinə qalxmışdı. Necə olub ki, Azərbaycana xaricdən “qızıl” qiymətinə buğda idxal edilən bir zamanda ölkədə yüz min tonlarla ərzaqlıq buğdadan qida kimi istifadə edilməyib və həmin buğda heyvanlara yem edilib?!

Sizi çox yormaq istəmirəm. Bütün bunlar onu düşünməyə əsas verir ki, ölkədə nə o qədər buğda istehsal olub, nə onu əhali, nə də heyvanlar yeyib... Yaxşı olar ki, bu məsələyə Dövlət Statistika Komitəsi və Azərbaycan hökuməti münasibət bildirsin. Məsələ çox ciddidir.

Cədvəl 1. Buğda istifadələri, ton
2018 2019 2020 2021 2022
İlin əvvəlinə qalıq 829 824 706 931 864 010 567 392 325 665
İstehsal 1 991 683 2 114 139 1 818 665 1 837 188 1 690 832
İdxal 1 080 906 1 584 998 1 365 100 1 148 101 1 292 996
Ehtiyatların cəmi 3 902 413 4 406 068 4 047 775 3 552 681 3 309 493
Toxum üçün 147 971 142 181 133 962 132 703 146999
Mal-qara və quş yemi üçün 483 283 545 657 501 285 762 566 765451
qida məhsullarının istehsalı üçün 2 211 379 2 459 354 2 533 932 2 062 309 1869150
o cümlədən:
un və yarma istehsalına 2 147 171 2 386 859 2 467 332 2 004 620 1820746
spirt istehsalına 5 367 6 059 5 566 4 121 37170
pivə istehsalına 36 41 38 33 31
sair qida məhsulları istehsalına 58 805 66 395 60 996 53 535 11203
Əhalinin şəxsi istehlak fondu 81 979 87 538 87 244 67 398 32191
Qeyri-qida məhsulları istehsalına 38 303 43 246 39 730 143 421 159813
o cümlədən:
qarışıq yem istehsalına 35 537 40 123 36 860 141 325 159813
kraxmal istehsalına 413 466 429 84 -
sair qeyri-qida məhsulları istehsalına 2 353 2 657 2 441 2 012 -
İxrac - 1 500 - - 23
İtkilər 232 567 262 582 184 230 58 619 54607
İlin sonuna qalıq 706 931 864 010 567 392 325 665 281259
İstifadələrin cəmi 3 902 413 4 406 068 4 047 775 3 552 681 3 309 493
[1] https://agro.gov.az/az/news/190623

[2] https://report.az/ask/azerbaycandaki-aqroparklarda-bugda-ekini-saheleri-artirilacaq/

[3] https://report.az/ask/azerbaycanda-bu-il-pivot-suvarma-sistemleri-ile-100-min-ton-erzaqliq-bugda-yetisdirilib/
Teref: Xocanın Blogu
Hamı üçün cavab haqqı tanıyırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.