Dövlət büdcəsi qanunsuz həbslərə görə milyonlarla zərər edir

10-11-2023, 09:08           
Dövlət büdcəsi qanunsuz həbslərə görə milyonlarla zərər edir
Hansısa cinayətdə ittiham edilərək həbs həyatı yaşamış, sonradan bəraət almış şəxslərin bir çoxu azadlığa çıxandan sonra təzminat tələbiylə məhkəməyə üz tutur.

Onlar təqsirsiz olduqları halda, həbsdə saxlandıqlarına görə dövlətdən kompensasiya istəyirlər.

“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” qanun da bəraət alan şəxslərə təzminat almaq hüququ verir.

Belə məhkəmə işlərində cavabdeh tərəf, adətən, Maliyyə Nazirliyidir. Dövlətin maliyyə siyasətini müəyyənləşdirən qurum kimi kompensasiya da bu nazirlikdən tələb olunur.

2017-ci ilin mayında Tərtərdə dövlətə xəyanət və ağır ittihamlarla həbs edilib, 20 ilədək həbs cəzasına məhkum olunan hərbçilərdən 19 nəfəri ötən ilin dekabrında bəraət alıb, azadlığa çıxandan sonra kompensasiya tələbiylə məhkəmədə iddia qaldırıb.

5 il yarımdan çox qanunsuz həbsdə saxlandıqları üçün keçmiş “Tərtər məhbusları”ndan bir neçəsinə kəsilən kompensasiyanın toplam məbləği 1 milyon manatdan çoxdur. Birinə 182 min, digərinə 151 min, bir başqasına 123 min və s. olmaqla, təzminat ödənilməsinə qərar verilib.

Maliyyə Nazirliyi isə bu vəsaiti ödəməmək üçün məhkəməyə baş vurur.

Belə ki, nazirlik öz protestində həmin vəsaitləri cinayəti törədən qurumların ödəməsini göstərir.

Nazirliyin bu mövqeyini müdafiə edən Deputat Fazil Mustafanın fikrincə, qanunsuz həbs olunmuş şəxslərə verilən kompensasiyanı dövlət yox, həmin şəxslərə münasibətdə cinayət törədənlər ödəməlidir.

“Məhkəmə “Tərtər işi”nə görə 182 min manat vəsait ödənilməsinə dair öhdəlik qoyub. Bu pulu Maliyyə Nazirliyi verməlidir. Niyə? Bu cinayəti kimlər törədibsə, həmin məbləğin ödənilməsi də onların üzərinə qoyulmalıdır. Hər şeyin yolunu daha dərin tapmalıyıq ki, dövlətin üzərindəki yük azalsın” .

Vəkil Aqil Layıcsa qanunvericiliyə istinad edərək bildirir ki, qanunsuz həbsdə saxlanıb, sonradan bəraət almış şəxslərə təzminatı dövlət ödəməlidir, çünki Mülki Məcəllənin 1101-ci maddəsində deyilir:

“Qanunsuz məhkumetmə, cinayət məsuliyyətinə qanunsuz cəlbetmə… nəticəsində şəxsə vurulmuş zərərin əvəzini istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir”.

Vəkil deyir ki, dövlət özü kompensasiyanı ödəyəndən sonra, istəsə, həmin şəxsə münasibətdə qanunsuzluğa yol vermiş müstəntiq, prokuror və ya hakimi cəzalandırıb, vurulan ziyanı ondan tələb edə bilər:

“Dövlətin reqres hüququ var (yəni bir tərəf öz işçisinin vurduğu zərəri ödəməyi və sonra isə zərəri işçisindən almağı öhdəsinə götürmüş olur – red.). Amma dövlətin qanunsuzluğa yol vermiş müstəntiqdən, prokurordan, hakimdən tələb etməyə o halda haqqı çatır ki, həmin şəxslər bu əməlinə görə cəzalandırılsın, onların haqqında bu əmələ görə qüvvəyə minmiş məhkəmə aktı olsun. Adi halda, buna hüququ yoxdur”.

A.Layıc əlavə edib ki, istintaq orqanının işçiləri, yaxud məhkəmə hakimləri dövlətin verdiyi səlahiyyətlər çərçivəsində addımlar atırlar. Onların bütün addımları da dövlətin məcburetmə qüvvəsinə söykənir. O səbəbdən, hərəkətləri nəticəsində vurulmuş ziyan dövlətdən tələb edilir.

Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi təkcə 2023-cü ilin birinci yarısında Azərbaycandan göndərilən 180-dən çox şikayətə baxıb. Bunun əsasında 60-dan artıq qərar qəbul edilib. Bu qərarlar üzrə Azərbaycanın üzərinə hüququ pozulan ərizəçilərə 551 min avro kompensasiya ödəmək öhdəliyi qoyulub.

Avropa Məhkəməsi indiyədək Azərbaycanla bağlı 350-yə yaxın qərar verib.

Nəzərə almaq lazımdır ki, vətəndaşlar ölkə daxilində bütün məhkəmə instansiyalarını keçəndən sonra Avropa Məhkəməsinə şikayət göndərə bilir. Deməli, yerli məhkəmələrdə çıxarılmış qərarlara görə Azərbaycan dövləti milyonlarla təzminat ödəmək məcburiyyətində qalır.

Maliyyə Nazirliyi il ərzində büdcədən məhkəmə qərarlarına görə nə qədər təzminat ödəməsi barədə sorğusunu cavabsız qoyub.

Dövlət Statistika Komitəsindən isə Gununsesi.info-ya bildirilib ki, bu barədə məlumat onlarla bölüşdürülmür.

Ancaq Avropa Məhkəməsinin il ərzində açıqlanan qərarlarının təhlilinə istinad etsək, o zaman bu məbləğlərin milyonu keçdiyi görünür.

Xatırladaq ki, qanunsuz mühakimə olunduğu üçün REAL Partiyasının lideri İlqar Məmmədova hökumət 234 min manat təzminat ödəməli olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.