Geopolitik lətifə: Bir erməni, bir gürcü və... fransız

14-11-2023, 09:08           
Geopolitik lətifə: Bir erməni, bir gürcü və... fransız
Sülhə qarşı silah - Bölgəyə "Bastion" gəlir
Fransa vəd etdiyi hərbi texnikanın bir hissəsini Gürcüstan vasitəsi ilə Ermənistana göndərib.
Poti limanında qəbul edilən hərbi yüklər əsasən “Bastion” çoxməqsədli zirehli avtomobillərdən
və onların ehtiyat hissələrindən ibarətdir.
Fransanın müdafiə naziri Sebastyen Lekornyu ötən həftə Senatda büdcə müzakirələri zamanı
deyib ki, Ermənistana hərbi dəstək müstəsna şəkildə həyata keçirilir. Nazir, Prezident Emmanuel
Makrona istinad edərək vurğulayıb ki, müdafiə silahları satmaq niyyətindədirlər, bu barədə artıq
İrəvanda müzakirələr aparıblar. O, “müdafiə silahları” deyərkən, “ölkə insanlarının həyatını və
ərazi təhlükəsizliyini müdafiə edəcək silahları” nəzərdə tutduğunu vurğulayıb.
Maraqlı məqamlardan biri odur ki, Fransa və Ermənistan arasında hərbi müqavilə yoxdur.
Tərəflər bununla bağlı nazir Suren Pakipyanın yalnız dünən Parisə səfəri zamanı müzakirələr
aparıblar. Görünür, Makron hökuməti tələsir və ola bilsin, bu tələskənlik müxtəlif beynəlxalq
dairələrdə Azərbaycanın Ermənistana hücuma hazırlaşdığı barədə aparılan kampaniya ilə
bağlıdır. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, belə bir niyyəti yoxdur.
Müdafiə naziri S.Lekornyu etiraf edib ki, artıq Ermənistanda Fransanın daimi müdafiə missiyası
var, ona hərbi attaşe, təcrübəli polkovnik başçılıq edir.
Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Koçaryan da
Fransandan müdafiə silahları alacaqlarını təsdiqləyib. Onun sözlərinə görə, bu günlərdə heç kim
heç kimə hücum silahı verməyəcək: “Çünki hücum silahları fərqli hərbi konsepsiyanı diktə edir.
Bizim hərbi konsepsiyamız ilk növbədə müdafiə gücünü ehtiva edir”.
Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın bu addımını pisləyərək bunun “hələ də təcavüzkar
siyasətdən və ritorikadan əl çəkməyən Ermənistanın hərbi potensialını gücləndirdiyini və
bölgədə destruktiv fəaliyyətə xidmət etdiyini” bəyan edib.
XİN qeyd edib ki, özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi
təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və
beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin
normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə
xidmət edir.
Qarabağ münaqişəsi dövründə iki onillikdən çox vasitəçi olmuş Fransanın regionda apardığı bu
siyasət hələ sülh müqaviləsi imzalamayan Azərbaycan və Ermənistan arasında etimadı zəiflədir,
tərəfləri sülhdən uzaqlaşdırır, eyni zamanda hərbi toqquşmalar üçün münbit zəmin yaradır.
Çünki rəsmi Bakı Ermənistanın Azərbaycanla şərti sərhəddə cəmləşdirdiyi qüvvələri özünün
legitim hərbi hədəfləri elan edib. Yaxın dövrün təcrübəsində də belə qüvvələrə preventiv
zərbələrin endirilməsi halları var. Ermənistanın Fransadan alıb sərhəddə yerləşdirəcəyi hərbi
texnika da, cüzi təhlükə yaratması halında eyni aqibəti yaşaya bilər. Göründüyü kimi, Fransa bu
ehtimalları nəzərə almadan İrəvanı yenidən Azərbaycanla toqquşmalara həvəsləndirir. Bu,
birmənalı şəkildə Parisin Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlı olmadığını
göstərir. Eyni zamanda Azərbaycanda Qərbdə etimadın tamamilə sarsılmasına, Brüssel,
Vaşinqton formatlarının ləğvinə gətirib çıxarır.
Bəs Azərbaycanın strateji partnyoru Gürcüstan niyə bu prosesdə vasitəçi rolunda çıxış edir?
Yuxarıda da qeyd etdiyimiz kimi, “Bastion” çoxməqsədli zirehli avtomobilləri Fransadan dəniz
yolu ilə Poti limanına gətirilir, oradan quru yolla Ermənistana daşınır. Gürcüstan ictimaiyyətinin
bəzi nümayəndələri hökumətin bu qərarını tənqid edirlər. Məsələn, politoloq Simon Kapadze
deyir ki, bu addım ölkə adına biabrçılıqdır.
“Bu addımın arxasında nəyin dayandığını bilmirəm. Niyə məhz indi? Gürcüstanın iki ölkə
arasında sülh müqaviləsinin imzalanması üçün vasitəçi olmağa çalışdığı zamanda, bunun baş
verməsi ağlasızmazdır”, – o vurğulayıb.
Maraqlıdır ki, Azərbaycan XİN-in bəyanatında Gürcüstanın adı çəkilməyib. Görünür, rəsmi Bakı
mövcud reallıqları nəzərə alaraq, Tiflislə münasibətləri gərginləşdirmək niyyətində deyil.
“Reallıqlar” deyərkən, bəzi məqamlara da toxunmaq lazımdır. Əvvəla, Gürcüstan 44 günlük
müharibə dövründə Azərbaycana strateji dəstək verib. Bu, ilk növbədə Rusiyadan Ermənistana
silah-texnika çatdırılmasının qarşısının alınması, eyni zamanda Türkiyədən Azərbaycana
daşınan hərbi yüklərə ciddi maneələr yaradılmaması ilə bağlıdır.
İkincisi, Gürcüstan öz xarici siyasətində daim Azərbaycanın maraqlarını nəzərə alır, eləcə də
rəsmi Bakı strateji partnyorunun öz tərəfdaşları ilə əlaqələrinə hörmətlə yanaşır. Gürcüstan dinc
dövrdə qonşuları və tərəfdaşları arasında əlaqələrin həyata keçirilməsində, eləcə də hərbi
yüklərin daşınmasında tranzit rolunu oynaya bilər.
Üçüncüsü, mediada yayılan görüntülərdən məlum olur ki, Azərbaycanın müvafiq strukturları
bölgədəki bütün hərəkətləri diqqətlə izləyir, dövlət maraqlarına qarşı potensial təhlükələri
əvvəldən qiymətləndirmək imkanlarına malikdir.

Dördüncüsü, Fransa Avropa İttifaqının iki əsas aparıcı üzvündən biri, BMT TŞ üzvü, nüvə
dövlətidir və Azərbaycan bu amilləri nəzərə alır.
Nəhayət beşincisi, Bakı Gürcüstana Ermənistanla sülh danışıqlarını davam etdirmək üçün
əlverişli məkan kimi baxır. Bu barədə Gürcüstan tərəfinin təkidli təklifi var. Hər iki ölkə yaxşı
siyasi, iqtisadi, ticari, mədəni, humanitar əlaqələrə malikdirlər və bu strateji əməkdaşlıq mühitini
korlamağa ehtiyac yoxdur…
Turqut
Pressklub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.