Dünyada liderlik böhranı yaşanır, dünya bölünür-bölünəcək...

14-11-2023, 10:04           
Neft bazarı haqqında düşüncələr
Davam edən Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə münaqişənin yenidən alovlanması və bölgənin neftlə zəngin ölkələrinə münaqişənin yayılması təhlükəsi, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatının ritorik olsa da İsrailə qarşı sərt reaksiyası, əslində, nefti 100 dolların üzərinə çəkməli idi.
Amma bu gün neft Yaxın Şərq hadisələrindən əvvəlkindən ucuzdur – sual olunur, nə baş verir?!
Fundamental səbəblər:
1) FED və digər ölkə Mərkəzi Banklarının uçot dərəcəsini artırmaqla iqtisadi aktivliyi azaltmaq yolunu tutmasıdır – bu yolla inflyasiyanı azaltmaq istəyirlər,
2) Çinin gözləntilərdən daha aşağı sürətlə böyüməsi, AB ölkələrində ressesiya təhlükəsi,
3) Rusiyaya qarşı tədbiq edilən sanksiyaların fiaskoya uğraması – Kreml hələ də öz neftini müxtəlif üsullarla bazara çıxara bilir.
Amma əsas səbəblər və məqsədlər siyasidir:
1) ABŞ-da seçkilər yaxınlaşır, orta statistik amerikalı üçün beynəlxalq vəziyyət, xarici siyasət sonuncu yerdədir, səsvermədən öncə ən çox baxdığı məsələ benzin qiymətləridir – yanacaq ucuzdursa, iqtidarda olan partiyanın şansı artır, bahadırsa azalır, bu korelyasiya onillərdir ki, var və bu gün Demokratlar və Bayden administrasiyası müxtəlif üsullarla neftin bahalaşmasının qarşısını almağa çalışırlar ki, seçkilərdə şansları olsun. Amma çox ucuzlaşmasını da istəmirlər, çünki “yaşıl enerji” məsələsinə ən böyük maneə ucuz neft-qazdır – neft 40 dollar olsa heç kim bərpaolunan enerjiyə yatırım qoymaq istəmir,
2) Ucuz neft həm də Rusiyaya zərbədir, daha az qazanmasına səbəb olur – amma Çinə xeyirdir, deməli Rusiyaya ziyan vurmaq istəsələr bu yolla Çinə dəstək vermiş olurlar.
Məncə, başqa bir səbəb də var: Dünyada liderlik böhranı yaşanır, dünya bölünür-bölünəcək, İsrailin son etdikləri, ağına-bozuna baxmadan sivil insanları bombalaması, uşaqların, qocaların, qadınların qətli vicdanları zədələyib. İslam Əməkdaşlıq Təşkilatına və Ərəb Liqasına daxil olan ölkələr artıq kənarda qala bilmirlər, çünki altdan, xalqdan ciddi təzyiq var. Əgər bu cəbhələşmə kəskinləşsə nefti kəskin ucuzlaşdırmaq yolu ilə neftlə zəngin müsəlman ölkələrində ciddi növbəti “ərəb baharları” törədə bilərlər – zatən xalq qəzəblidir, bunun üzərinə iqtisadi böhran da gəlsə müsəlman ölkələri daxili çəkişmələrlə boğuşacaqlar, bu zaman indi formalaşan anyi-Qərb koalisiyası zəifləyəcək, çünki, istəlilən daxili xosdan çıxmaq üçün həmin ölkələrin elitaları Qərblə yaxınlaşma yolu tutacaqlar – hansı elitar qruplaşma tez tərpənsə, o da hakimiyyətə yiyələnəcək. Pisdir-yaxşıdır, bu ikinci məsələdir, amma təəssüf ki, müsəlman ölkələrində hakimiyyətləri legitimləşdirən siyasi “natarius” rolu hələ də Qərbdədir.
Sözün qısası: Yaxın aylarda neftin kəskin ucuzlaşması baş verə bilər, iqtisadiyyatları neft-qazdan çox asılı olan ölkələr bunu nəzərə almalıdır, hələ Tramp, Respublikaçılar qalib gəlsələr bu məsələ daha da sürətlənəcək, onlar neft-qaz hasilatını təşviq edən siyasətə geri dönəcəklər. Hətta Rusiya-Ukrayna müharibəsinin dayandırılması yollarından biri də neftin 30-40 dollara düşməsi ola bilər. Belə...
Natig Jafarli
Teref: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.