Kremlin Qarabağla bağlı növbəti saxtakarlığı – ŞOYQUDAN ƏCAİB AÇIQLAMA

19-12-2023, 19:24           
Kremlin Qarabağla bağlı növbəti saxtakarlığı –
Rusiyanın Müdafiə naziri Sergey Şoyqu bildirib ki, Rusiya qoşun qrupları Suriya və Qarabağda sülhün qorunmasının əsas təminatçısı olaraq qalır.

“AzPolitika.info” xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında çıxış edən Şoyqu Qarabağdakı “sülhməramlı kontingent”-dən də danışıb. Nazir iddia edib ki, hazırda Qarabağda sülh məhz oradakı Rusiya qoşunları sayəsində qorunur: “Rusiya qoşun qrupları Suriya və Qarabağda sülhün qorunmasının əsas təminatçısı olmaqda davam edir". Bu əcaib açıqlamadan belə qənaət yaranır ki, guya hazırda Qarabağda qarşı-qarşıya duran hansısa hərbi birləşmələr var və rus hərbi kontingentinin sayəsində qan tökülməsinin qarşısı alınır. Hansı ki, Azərbaycan ordusu 19-20 sentyabr əməliyyatı ilə Qarabağdakı qanunsuz erməni hərbi birləşmələrinin və qondarma separatçı qurumun varlığına son qoyub. Hazırda Azərbaycanın bu tarixi bölgəsində bir nəfər də əli silahlı erməni yoxdur. Rusiyanın, ABŞ-nin, Fransanın həmsədr sifətində 30 ildə edə bilmədiyini, daha doğrusu, etmək istəmədiyini Azərbaycan Ordusu əvəlcə 44 günlük müharibə, sonra isə bir sutkalıq hərbi əməliyyatla edə bildi və ərazimizi qanunsuz hərbi birləşmələrdən təmizlədi, öz ərazi bütövlüyünü, suverenliyini bərpa etdi. Bundan sonra rus hərbi kontingentinin Qarabağdakı mövcudluğu öz əhəmiyyətini və məntiqini itirdi.

Bunu Şoyqu da bilməmiş deyil. Ancaq buna baxmayaraq, Suriya ilə birgə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın da adını çəkir və həmin lazımsız hərbi kontingenti “Qarabağda sülhün qarantı” kimi “soxuşdurmağa” çalışır.

Ümumiyyətlə, Rusiya hərbi-siyasi rəhbərliyi hər zaman açıq həyasızlıq səviyyəsinə çatan yalan və saxtakarlığı ilə seçilib. Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayandan sonra isə bu “keyfiyyətlərini” pik həddinə çatdırıb.

Yeri gəlmişkən, Şoyqunun Rusiya qoşunlarının Suriyada “sülhün qarantı” olduğu barədə iddiası da saxtadır. Məhz Rusiya hərbi aviasiyası Suriyanın Hələb şəhərinin dinc əhalisini, mülki obyektlərini, dini məbədlərini kütləvi şəkildə məhv edib, şəhəri yerlə yeksan edib, günahsız uşaqların, qadınların, qocaların qətlinə səbəb olub. Rusların bir ara “qəhrəmana” çevirdikləri general Sergey Surovikinə heç də təsadüfən “Suriya qəssabı” adı verilməyib. Ən ikrah doğuran məqamlardan biri də odur ki, bütün bunlardan sonra Suriyada saysız-hesabsız müsəlmanın qətlinə bais olmuş Kreml İsraili Qəzzada fələstinli müsəlmanları qətlə yetirməkdə günahlandırır, özünü müsəlmanların müdafiəçisi kimi qələmə verməyə çalışır...

C.Məmmədov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.