Azərbaycan 44 günlük müharibədən sonra bərpa etdiyi sərhəd xəttindən geri çəkilməyəcək

12-01-2024, 09:37           
Azərbaycan 44 günlük müharibədən sonra bərpa etdiyi sərhəd xəttindən geri çəkilməyəcək
Ermənistanın “güzgü prinsipi” təklifini və 1970-ci illərin xəritələrinin əsas götürülməsi istəyini rədd edən Əliyev sərhədin delimitasiyası ilə bağlı üç variant irəli sürür:
Birincisi, siyasi metodologiyaya əsaslanır;
Bu, Xalq Cümhuriyyəti dövründə Ermənistana verilən İrəvan da daxil olmaqla bütün Qərbi Azərbaycanın qaytarılmasını aktuallaşdırır. Əliyev bu variantda AXC və sovetləşmə dövrünün xəritələrini irəli sürür.
İkincisi, xronologiyaya əsaslanır;
Bura SSRİ-nin qurulmasından sonrakı xəritələr daxildir və delimitasiya bu xəritələr əsasında aparılarsa, otlaq və əkin sahəsi adı altında Ermənistana bağışlanan ərazilər qaytarılmalıdır. Açıq mənbələrdə Ermənistana bağışlanan ərazilər haqda məlumatlar mövcuddur.
1926-cı ildən 1929-cu ilə qədər Qazax qəzasının 82 min hektara qədər əkin, 86 min hektara qədər otlaq sahəsi Ermənistana verilib, bununla Qazax qəzasının əhalisi yaylaqlarının 50 faizini itirİB. 1929-cu ildə Qazaxın sahəsi 4 min hektardan çox olan Şınıx-Ayrım meşələri ermənilərə “bağışlanıb”. Həmin il Cəbrayıl qəzasının Nüvədi, Eynadzor və Tuğ kəndləri də Ermənistan SSR-yə birləşdirilib.
1929-cu ilin fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyəti Komitəsinin qanunsuz qərarı ilə Naxçıvan 5988 kvdratkilometr ərazisi Ermənistan SSR-yə birləşdirilib. Bura Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxaç, Almalı, İtqıran kəndləri, Ordubad dairəsinin Qərçivan sovetliyinə aid olan Mehri, Buğaker yaşayış məntəqələri, həmçinin, Kilit kəndinin əkin və otlaq sahələri daxildir.
1930-cu ildə Naxçıvanın Əldərə, Lehvaz, Astaruz yaşayış məntəqələri Ermənistan SSR-yə birləşdirilib və bir il öncə verilmiş Qərçivan sovetliyinə aid olan Mehri, Buğaker yaşayış məntəqələrinin də daxil olduğu Mehri rayonu yaradılıb. 1938-ci ildə isə Sədərəyin və Kərki kəndinin bir hissəsi də ermənilərə “bağışlanıb”.
1969-cu ildə SSRİ rəhbərliyinin qərarı ilə Laçın rayonunun Qaragöl ərazisinin, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazilərinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazilərinin bir hissəsi Ermənistana birləşdirilib.
Azərbaycan SSRİ-nin ilk xəritələrini gündəmə gətirməklə qanunsuz olaraq, ermənilərə “bağışlanan” əraziləri tələb edir.
Üçüncüsü, xəritə məsələsi gündəmdən çıxarılır;
Əliyev bildirdi ki, bu variantda ekspert qrupları yaradılır və qrup sərhədi qarış-qarış müəyyən edir. Ekspert qrupunun işi demarkasiya prosesini həyata keçirmək ola bilər, lakin buna qədər delimitasiya aparılmalı – sərhəd xətlərinin haradan keçdiyi kağız üzərində razılaşdırılmalıdır. Bu variantda Azərbaycan 44 günlük müharibədən sonra bərpa etdiyi sərhəd xəttindən geri çəkilməyəcək.
Asif Nerimanli
Teref: Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.