O 12 ölkə haqqı...

12-01-2024, 10:16           
O 12 ölkə haqqı...
Azərbaycanı həmin siyahıya salıb pul qazanacaqlar...
ABŞ Dövlət Departamentinin dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatında rəsmi Bakının
adı dini etiqad azadlığının pozulduğu ölkələr siyahısında qeyd edilib.
Hesabat Azərbaycanda təbii olaraq etirazla qarşılanıb. Hətta tənqidçi ekspertlər belə bildirirlər
ki, ölkədə söz azadlığı, insan hüquqları və başqa sahələrdə problemlər var, onlarla bağlı istənilən
qədər irad bildirmək olar. Lakin dini azadlıqlarla bağlı bunu demək, ən azı, ədalətsizlikdir.
Sahəyə aidiyyatı olan dövlət qurumlarından başqa, ölkədə fəaliyyət göstərən dini icmaların
təmsilçiləri də bu hesabata etirazlarını bildirdilər.
Tolerantlıq və multikulturalizm dəyərlərin təbliğ və himayə edildiyi, qanunla qadağan edilməmiş
bütün dini icmalara və baxışlara fəaliyyət imkanı yaradıldığı halda ölkəmizə bu münasibət nədən
qaynaqlanır? Kilsələrin, məscidlərin və sinaqoqların birgə fəaliyyət göstərdiyi bir ölkə haqqında
ABŞ-nin bəyanatı hansı mənanı daşıyır?
Bu, son zamanlarda Azərbaycanla ABŞ arasındakı gərgin münasibətlə bağlı ola bilərmi Yoxsa,
iddia edilən arqumentlərdə həqiqət payı var?

“Azərbaycan nadir ölkələrdəndir ki, əsrlər boyu burada nə dini, nə də milli zəmində hər hansı
kiçik bir insident baş verməyib”.
Bu sözləri Bakı Multikulturalizim Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli saytımızın
əməkdaşı ilə söhbətində deyib.
O, bildirib ki, Azərbaycanda insanların fərqli bir dinə mənsub olması diqqət çəkən və problem
yaradacaq hadisələrdən olmayıb. Bu, babalarımızdan bizə qalan mirasdır və hər zaman da
normal qarşılanıb. Bununla bağlı dövlət səviyyəsində işlər görülür və qərarlar qəbul edilir.
“ABŞ Dövlət Departamenti hər ilin əvvəlində dünyada dini azadlıqların vəziyyəti ilə bağlı
hesabat açıqlayır. Hesabatda ölkələrdə olan dini etiqad azadlığının vəziyyəti, dini
münasibətlərin forması müxtəlif indekslərlə müəyyənləşdirilir, monitorinq aparılır və bununla
bağlı yekun rəy verilir. Çox təəssüf ki, bu il Azərbaycan həmin departamentin xüsusi izləmə
siyahısına daxil edilib. Bu, absurd bir mövqedir”.
Müsahibimiz deyir ki, bu hesabatı hazırlayan heyətin nümayəndələri ölkəmizə gəliblər, Bakı
Multikulturalizm Mərkəzinin nümayəndələri, dini konfessiya rəhbərləri ilə və milli icmaların
nümayəndələri ilə görüşüblər, daha sonra isə hesabat yazıblar. Belə bir hesabatın da ortaya
çıxması şübhələr yaradır: “Biz araşdırdıq və bəlli oldu ki, hesabatın məhz Azərbaycanla bağlı
olan komissiyasının rəhbəri Daniella Aşbaxyandır. O, Livan ermənisidir və ABŞ-nin əməkdaşı
kimi çalışır. Hesabatı hazırlayan komissiyanın üzvü kimi Azərbaycana aid hissəni o yazıb.
Təbii ki, erməni əsilli adamın Azərbaycanla bağlı yazdığı rəy təəccüb doğurmamalıdır. O
müəllif Azərbaycan haqqında yazanda əslində Ermənistanı yox, ABŞ-ni təmsil edir. Bizi
çaşdıran bu məsələdir. Bu hadisə baş verən kimi Azərbaycanda fəaliyyət göstərən bütün icma
rəhbərlərinin münasibəti kütləvi informasiya vasitələrində geniş yayılıb. Hər kəs bunu pisləyir
və konkret faktlarla göstərilir ki, nümayəndələr Bakıya gəlib və bu bəyanat onların burada gəlib
gördüyü reallığı əks etdirmir”.
Yadigar Məmmədli əlavə etdi ki, Departamentin nümayəndələrini yəhudilərin yaşadığı Qubanın
məşhur Qırmızı qəsəbəyə, cənub bölgəsinə, Bakının mərkəzindəki sinaqoqlar, pravoslav və
katolik kilsələrinə aparıblar. O nümayəndələrin hər biri görüb ki, hər kəs burada öz ayinlərini
rahat şəkildə icra edir. Buna baxmayaraq, erməni lobbisinin təzyiqi altında belə bir bəyanat
ortaya çıxıb: “Dövlət Departamenti kimi bir qurumun hesabatına onların öz istədikləri rəyi sala
bilməkləri təəssüf doğurur. 30 illik işğal dövründə 60-dan çox məscidlərimiz dağıdılıb, talan
olundu, müqəddəs yerlərdə donuz saxlanıldı. Dəfələrlə dedik, heç kim buna münasibət
bildirmədi. Amma çox təəssüf ki, uydurma iddialarla indi Azərbaycana qarşı belə böhtan
atılır”.

“Bu hesabat ABŞ beynəlxalq dini etiqad komissiyası tərəfindən hazırlanıb”.
Bu sözləri hüquq müdafiəçisi Sahib Məmmədov saytımıza açıqlamasında deyib.
Hüquq müdafiəçisi bildirib ki, hesabatdakı tövsiyələrdən biri də bu idi ki, Azərbaycan xüsusi
nəzarət siyahısına daxil edilsin. Antoni Blinken də 4 yanvar tarixində bununla bağlı açıqlama
verdi ki, Azərbaycan həmin siyahıya daxil olub. O siyahıda əvvəllər Əlcəzair, Mərkəzi Afrika
Respublikası, Kamar adaları və Vyetnam var idi. İndi isə Azərbaycanı da oraya əlavə etdilər.
Müsahibimiz deyir ki, xüsusi nəzarət siyahısına dini vəziyyətin narahatlıq doğurduğu, meyarlara
tam cavab verməyən, dini etiqad azadlığının ciddi şəkildə pozulduğu ölkələr daxilidir. ABŞ-nin
beynəlxalq dini azadlıqlarla bağlı aktı var və həmin akta 2016-cı ildə Frank Volf düzəlişi edilib.
Həmin düzəlişə görə, dini baxımdan xüsusi narahatlıqlar doğuran ölkəni siyahıya salmamışdan
əvvəl xüsusi nəzarət siyahısına daxil edirlər. İndi həmin siyahıda 12 dövlət var.
“Bu komissiya həmişə Azərbaycana qarşı qərəzli olub. Xüsusən də Qarabağda lokal xarakterli
anti-terror əməliyyatından sonra bu qərəz daha da artıb. Bundan əvvəl “Freedom house”
təşkilatı Azərbaycanın xəritəsini verir və həmin xəritədə Qarabağı ayrıca subyekt kimi göstərir.
Bununla yanaşı, Azərbaycanı ən aşağı reytinqlər siyahısına da daxil edirlər. İndi də bu
komissiya belə bir təklif verdi, biz də ümid edirdik ki, dövlət katibi araşdırma apardıqdan sonra
bunu düzəltsin. Amma heç bir araşdırma etmədən bu addımı atdı. Əsaslandırma isə bundan
ibarətdir ki, Azərbaycan Ermənistanla münaqişə kontekstində Qarabağ ərazisində hərbi
cinayətlər və digər sui-istifadə hallarına yol verməkdə davam edir. Onların hesabatında bu
göstərilir və deyirlər ki, Azərbaycan Qarabağda erməni dini abidələrini dağıdır”.
Sahib Məmmədov deyir ki, onların bu iddialarının heç bir əsası, fakt və sübutu yoxdur. Sadəcə,
aşkar və qərəzli şəkildə bunu edirlər. Təbii ki, bunların hamısı saxtadır, yalandır. Eyni zamanda
hesabatda göstərilir ki, Azərbaycanın şiə fəalları sıxışdırılır. Halbuki Azərbaycan tolerant ölkədir
və bütün dinlərin fəaliyyətinə yüksək imkanlar yaradılıb. ABŞ-nin özü ilə müqayisə etsək
Azərbaycan dəfələrlə tolerant ölkədir. Ona görə də bu iddialar absurddur.
“Onların ikinci və çirkli bir məqsədi də var – pul qazanmaq. İndi Azərbaycan xüsusi monitorinq
altında olan ölkələrin siyahısına düşür. Bu komissiya əlavə araşdırmalar üçün Azərbaycana
yönələn layihələrə görə ABŞ dövlət büdcəsi üçün pullar əldə edəcək”.

“Ümumiyyətlə, bu hesabatlar illərdir hazırlanır və bu hesabatlarda ilk dəfə deyil ki, Azərbaycan
tənqid olunur”.
Bu sözləri ilahiyyatçı jurnalist Kənan Rövşənoğlu Pressklub.az-a açıqlamasında bildirib.
Müsahibimiz deyir ki, Azərbaycan və ABŞ arasında münasibətlər soyuq olduğu üçün bu dəfə
bəyanat daha çox qəzəb və etiraz doğurub. O ki qaldı hesabatda qeyd olunan məsələlərə,
əlbəttə, tənqidlərin haqlı tərəfləri var.
“Əlbəttə, ABŞ rəsmiləri və bu hesabatı hazırlayan nümayəndələr Azərbaycanda dini
tolerantlığın hansı vəziyyətdə olduğunu bilir, bu mövzuda Azərbaycan nümunəvi ölkələrdən
biridir. Amma fakt odur ki, hesabat dövründə Azərbaycanda çoxlu sayda dindar həbs olunub və
hazırda gedən məhkəmə prosesi və hüquq müdafiəçilərinin açıqlamalarından belə görünür ki,
onların bir qismi günahsızdır”.
Kənan Rövşənoğlu sonda əlavə edir ki, ötən il dövlətin yeni din siyasətinin tətbiqi prosesində
çoxlu sayda din xadimi məscidlərdən uzaqlaşdırıldı. Etiraz aksiyası şəklində olmasa da sosial
şəbəkələrdə bundan narazılıqlarını müşahidə etdik. Ölkədə dini idarəçilik sahəsində hər şeyin
“güllük-gülüstanlıq” olduğunu demək doğru olmaz. Müəyyən problemlər var, bunu bizim rəsmilər
də etiraf edir. Görünür, Bakı-Vaşinqton münasibətlərində soyuqluq olduğu üçün budəfəki
hesabat çox qəzəblə qarşılandı.
Mədinə Useynova












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.