10 il bundan öncə səsverməni izləmək üçün veb kamera quraşdırılmış neçə məntəqə vardısa, indi də elə həmin saydadır.

1-02-2024, 11:28           
10 il bundan öncə səsverməni izləmək üçün veb kamera quraşdırılmış neçə  məntəqə vardısa, indi də elə həmin saydadır.
Seçki sisteminin mövcud rəqəmsal durumu ölkənin real rəqəmsal infrastrukturuna adekvat deyil.
Bu gün MSK sədri Məzahir Pənahov, nazir Rəşad Nəbiyev və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi İlqar Musayev “Veb-kameralara texniki nəzarət mərkəzi” ilə tanış olublar.
Bildirilib ki, 7 Fevral tarixdə növbədənkənar prezident seçkilərində səsvermə prosesini izləmək üçün seçki məntəqələrində 1000 veb-kamera quraşdırılıb.
Xatırlayıram ki, 10 il bundan öncə də bu tip seçki məntəqələrinin sayı 1000 olub.
Maraqlıdır ki, hazırda ölkənin əksər hissəsində, hətta ən ucqar əraizlərdə də fiber optik internet şəbəkəsi qurulub. Seçki məntəqələri yerləşən məktəblərin xeylisi geniş zolaqlı internetlə təmin edilib.
Amma reallıq odur ki seçkini müşahidə edəcək rəqəmsal infrastruktur on illərdi ki dəyişilməyib.
Belə görünür ki seçki sisteminin rəqəmsal transformasiyası ləng gedir. Bilmirəm, bəlkə də bu seçkilərdə MSK-ya az pul ayrılıb.
Lakin telekommunikasiya infrastrukturu və rəqəmsallaşma yetərincə genişləndiyindən məntəqələri kamera ilə təmin etmək də indi elə bir xərclər tələb etməməlidir.
MSK-da bu seçkilərdə müəyyən innovativ həllər tətbiq edilib. Bununla belə fikrimcə seçki sisteminin mövcud rəqəmsal durumu ölkənin real rəqəmsal infrastrukturuna adekvat deyil.
MSK-da elektron səsvermə ilə bağlı da irəliləyiş müşahidə edilmir.
Vətəndaşların seçki günü identifikasiyasına da hələlik aydınlıq gətirilməyib.
Hazırda vətəndaşla bağlı dövlət resurslarında hətta biometrik identifikasiyaya əsaslanan məlumatlar var. Hər bir vətəndaşın pulsuz əldə edə biləcəyi, dövlətə məxsus olan sadə bir SİMA rəqəmsal imzası var.
Lakin MyGov və ya e-Polis sistemində mövcud olan məlumatların səsvermə günündə “rəqəmsal sənəd” statusuna malik olması haqqında MSK və RİNN indiyədək heç bir məlumat verməyib.
Bəlkə də nazir Rəşad Nəbiyev bu gün MSK sədri ilə görüşdə bunları da xatırladıb.
Ümid edək seçki gününədək bu problemlərin bir hissəsi həllini tapar.
Əgər ölkədə rəqəmsal transformasiyaya bu qədər xərc çəkilib, xeyli də işlər görülürsə ondan bəhrələnməyin mümkün olmaması da doğru bir yanaşma deyil.
Osman Gunduz
TEREF: Xocanin Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.