İranın narkotikdən əldə etdiyi fantastik gəlir... – TEHRAN MƏHZ BU SƏBƏBDƏN ZƏNGƏZUR DƏHLİZİNİN AÇILIŞINA ƏNGƏL OLUR

19-03-2024, 07:34           
İranın narkotikdən əldə etdiyi fantastik gəlir... –
Azərbaycanın müəllifi olduğu Zəngəzur dəhlizinə İran-Ermənistan-Fransa “üçlüyü” tərəfindən maneə yaradılır. Xatırladaq ki, martın 14-də Hindistan-İran-Ermənistan marşrutu ilə pilot yükdaşımaları işə salındı. Hərçənd, İran Azərbyacanla “Araz dəhlizi” layihəsinin də işə düşməsi üzərində iş aparır, amma bu, Tehran üçün o biri dəhliz kimi mühüm əhəmiyyət kəsb etmir. Tehranı Avropaya - birbaşa Yunanıstana aparan marşrut daha vacibdir.

Burada bir haşiyə çıxaraq qeyd edə bilərik ki, Əfqanıstanın tiryək tarlalarının ixtisara uğramasından sonra süni sintetik narkotik daha çox gündəmdədir. Bir tərəfdən də tiryək tarlalarının ixtisar rəqəmləri natural narkotikin rəsmi statistikasını az göstərmək üçün istifadə oluna bilər.

Qayıdaq mövzuya. Uzun müddətdir ki, sintetik narkotikin istehsal olunduğu prekursorların, kimyəvi maddələrin Çindən daşındığı KİV-lərdə müzakirə olunur. Çində fentanil, met, ekstazi və digər narkotiklər hazırlamaq üçün istifadə edilə bilən çoxsaylı kimyəvi maddələrin satıcılarını tapmaq asandır. Hətta bu səbəbdən Vaşqintonla Pekinin arası da dəymişdi, hərçənd ABŞ Çini yola gətirməyə, prekursorların daşınmasını nizamlamağa çağırır. Bu barədə “The Economist” maraqlı məlumatlar dərc edib.

İnternetdə narkotik istehsalı ilə bağlı elanları "The Economist" aşkarlayıb. Məsələn, “Facebook”da prekursor istehsalı üzrə bir çox kompaniyaların olduğu Şimali Hebey əyalətində bir kimya firmasını təmsil edən "Libby" yanvar ayında fentanilin istehsalnda geniş istifadə olunan "N-tert-Butoxycarbonyl-4-piperidone" kimi kimyəvi maddələr təklif edən mesaj yerləşdirib...

Yeri gəlmişkən, fentanil istehsalı Çində xüsusi olaraq qadağan edilməyib.

"Libby" elan edir ki, ödəniş kriptovalyuta ilə tələb olunur - kiloqramı 200 dollardır. Məhsul müştərinin qapısına çatdırılacaq və bütün gömrük prosedurları satıcı tərəfindən həyata keçiriləcək (yəni bunu ölkənizdəki səlahiyyətli orqanlara bildirməyin). Bu cür təkliflərlə yanaşı, həmişə olduğu kimi, WhatsApp vasitəsilə təhlükəsiz əlaqə üçün Çin mobil nömrəsi təqdim edilib.

Bəzi iddialara görə, Meksikadan gələn üç yük maşını fentanil Amerikanın bir il ərzində bütün tələbatını təmin edə bilər. Həmçinin, bu ölkədəki narkotik laboratoriyalarına edilmiş hücumlarda müsadirə edilmiş həb presləyən alətlərin hər biri saatda 10.000 həb hazırlaya bilir. Keçən il Amerikanın ittiham aktında deyilirdi ki, “Sinaloa” karteli Çindən gələn 800 dollarlıq prekursorları 640 min dollarlıq gəlirə çevirə bilər. Meksikanın şimalında QHT-lərin iştirakı ilə son meyit yarılmaları göstərib ki, morqa gətirilən cəsədlərin ən azı üçdə birində fentanil izləri var. İngiltərədə “nitazen” adlı sintetik opioidin törətdiyi ölümlərin tüğyan etməsi də müşahidə edildi.

Göründüyü kimi, Çin üçün prekursor ticarətini cilovlamaq çətindir. Çünki ölkədə geniş kimya sənayesi var. Prekursorlar istehsal edən şirkətlər çox vaxt yerli məmurların himayəsindən istifadə edirlər: onlar iş yerləri və vergi gəlirləri yaradır və rüşvət verirlər. Amerikalılar istəyirlər ki, Çin "müştərini tanı" rejimini qəbul etsin ki, bu da satıcıların mallarının narkokartellərin əlinə düşməsinə əngəl olsun. Başqa sözlə, fentanil üçün prekursorları kimə gəldi yox, rəsmi tərəfdaşa satılsın. Bu halda narkotik dövriyyəsinə nəzarət də oluna biləcək.

Fentanil məsələsində Çin-ABŞ əməkdaşlığı fasiləsiz davam etsə belə, tədarük zəncirləri öz işindədir. Amma məsələnin başqa maraqlı tərəfi var. Bu yaxınlarda Hindistanın fentanil hazırlamaq üçün istifadə edilən bəzi kimyəvi maddələrin alternativ mənbəyi olması ortaya çıxdı. Və bunu Britaniya kəşfiyyatı aşkarladı.

Avropa hazırda xüsusilə cazibədar hədəf kimi görünə bilər, çünki Əfqanıstanda Taliban rejiminin tiryək xaşxaşı becərilməsinə etdiyi təzyiqlər Avropaya heroinin tədarükünü azaldıb və beləliklə, narkomanları alternativ həll yolu axtarmağa məcbur edib. Ümumi mənada, narkotik tacirlərinin fentanil kimi sintetik narkotikləri heroin və kokain kimi bitkilərdən əldə edilənlərə nisbətən yayması üçün stimulu var, çünki fentanil hər yerdə hazırlana bilər və buna görə də hansısa ölkədə yağışdan və ya siyasi iqlimdən asılı deyil.

Gələk Hindistanın üzərinə. Ermənistanın Hindistanın silah alıcısına çevrildiyi KİV-lərdə yazılır. Ukrayna müharibəsinə silah sənayesinin məhsullarını sərf edən Rusiya qlobal silah ticarətində Fransaya yerini uduzur. İndiyə qədər silah ticarətində əsas fiqurlarldan və Hindistanda dominant olan Rusiya Hindistan bazarını da Fransaya uduzub. Hansı ki, Hindistan dünyanın ən böyük silah idxalçısıdır. Fransa isə bu pillədə ABŞ-dan sonra 2-ci yerdədir.

Fransanın silah satışı reytinqində yüksəlməsi “Dassault Aviation” şirkətinin “Rafaele” qırıcı təyyarəsini Qətər, Misir və Hindistana satışından sonra baş verib. Fransanın silah satışında payı 7,2 faizdən 11 faizə qalxıb, Moskvanın payı isə 21 faizdən 11 faizə düşüb. Bundan başqa, “Los Angeles Times” Covid-19 pandemiyasının başladığı Uxan və Hubey vilayətlərini qlobal fentanil ticarəti xabı adlandırmışdı, pandemiyaya qədər isə bu nöqtələr Fransanın strateji maraq bölgələri adlandırılıb. Eynilə, Fransa şimali Meksikanın mərkəzi hissəsində ABŞ-ın Texas ştatına yaxın olan və narkotrafikin, adam oğurluğu və qeyri-leqal miqrant daşınması mərkəzi sayılan Syudad-Xuares şəhərinə də təsir imkanlarına malikdir.

Paralel olaraq, Fransa britaniyalıların faktiki nəzarətində olan Odessa limanını əldən buraxmaq istəmir. Nəzərə alsaq ki, Fransanın Çindəki narkonöqtələri əlindən çıxıb və Hindistanla əlaqələri silah ticarəti üzərindən yoluna qoyur, Hindistan da Çinə narkotik prekursorları istehsalında rəqibdir, Hindistan-İran-Ermənistan tranzit marşrutunun Fransa-İran-Ermənistan “üçlüyü”nün silah və narkotrafiki formalaşdırmaq səyləri kimi meydana çıxması ehtimalı doğur. Əlbəttə, İranın narkotik istehsalında və ticarətində “AS” olduğunu nəzərə alsaq, fərz edə bilərik ki, Tehranın özü də hind prekursorlarından narkotik istehsalında istifadə etməkdən imtina etməz. Məsələn, BMT-nin Narkotiklərə Nəzarət üzrə Beynəlxlaq Komitəsinin hələ 2022-ci il məruzəsində açıqlanan məlumatlara görə, bir hadisədə narkotacirlərin kirayələdikləri qapalı farmaseftik müəssisədə 662 klioqram maye halında efedrin müsadirə edilib. Bu prekursor tədarükləri hava nəqliyyatı ilə Avstraliya, Yeni Zelandiya və BƏƏ üçün nəzərdə tutulubmuş. Bu barədə daha çox məlumatsa məruzədə göstərilib.

Bunu deyə bilərik ki, prekursorların fentanilə və başqa narkotiklərə “çevrilmə sərgüzəşti” elə İranda baş verəcək, buradan isə satış üçün Ermənistandan, Gürcüstandan keçməklə Avropaya yola düşəcək. Çünki, prekursorun xam şəkildə Avropaya getməsi məntiqsizdir, İran Avropaya hazır məhsul göndərəcək, çünki molla rejimi “narkotik bişirilməsi” ixtisası üzrə peşəkarlaşıb. Düşünsək ki, “Sinaloa” karteli Çindən gələn 800 dollarlıq prekursorları 640 min dollarlıq gəlirə çevirə bilir, yaxud fentanilin istehsalnda geniş istifadə olunan "N-tert-Butoxycarbonyl-4-piperidone" maddəsinin kiloqramı yerində 200 dollardır, yaxud həb presləyən alətlərin hər biri saatda 10000 həb hazırlaya bilir, İranın narkotikdən gələn nəhəng gəlirini təxmin etmək olar. “Araz dəhlizi” isə gözdən pərdə asmaq məqsədi daşıya və İranın Zəngəzur dəhlizinə niyə etiraz etməsinin altında bu səbəb də ola bilər. İrana öz narkoticarətinin üstünü ört-basdır edə bilmədiyi yol lazım deyil. Odur ki, Azərbaycan nə qədər də Zəngəzur dəhlizinin İran-Ermənistan ticarətinə xələl gətirməyəcəyini and-aman etsə də, İran narkoticarətinin “qeydinə qalır”.

Ülviyyə ŞÜKÜROVA
hurriyyet.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.